2024-cü ildə Azərbaycanda payız meyvələrinin qiymətləri ötən illərlə müqayisədə xeyli bahalaşıb. Satıcılar qiymətlərin orta hesabla iki dəfə artdığını bildirirlər. Məsələn, keçən il 2-3 manata satılan meyvələr, bu il 5-6 manata qədər qalxıb. Qiymət artımının əsas səbəbi hava şəraitidir; güclü yağışlar, külək və daha sonra baş verən istilər məhsul yığımına mənfi təsir göstərib. Meyvələrin bir qismi yetişmədən xarab olub və ya yığımdan sonra zədələnib, bu da təklifin azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olub.
Bəzi iqtisadçılar isə daxili istehsalın yetərli olmamasını və artan ixracatı da qiymətlərin artımına səbəb kimi göstərirlər. Xüsusilə, Rusiya bazarına meyvə-tərəvəz ixracı artdıqca, daxili bazarda qiymətlər də yüksəlir.
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Akif Nəsirli bildirib ki, marketlərdə vitrinlərin dolu olması hələ o demək deyil ki, payız meyvələri boldur:
“Payız meyvələrinin bol olub-olmadığını dəqiqləşdirmək üçün biz statistikaya müraciət etməliyik ki, baxaq görək ölkədə nə qədər payız meyvəsi istehsal olunub. Sözsüz ki, hələ konkret rəqəmlər ortada yoxdur. Ancaq gözləntilər onu deməyə əsas verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20-30 faiz müxtəlif məhsullarda azalma var. Bu isə o deməkdir ki, bu il payız mövsümünün kənd təsərrüfatı məhsulları keçən ilki ilə müqayisədə azdır. Və bu azalma qiymətlərə də təsir edir. Payız meyvələrinin əksəriyyəti ötən illə müqayisədə 20-30, hətta 50 faiz bahadır. Yəni vitrinlərin dolu olması bizi çaşdırmamalıdır. Əgər meyvə-tərəvəz bol olsa idi, qiymətlər də ucuzlaşardı. Bu yaşanmırsa, deməli, bazarda qıtlıq var”.
Akif Nəsirli onu da qeyd edib ki, digər bir məsələ isə marketlərdəki qiymətlərin bazarlara nisbətən 30-40 faiz baha olmasıdır:
“Əksəriyyət məhsulları marketlərdən aldığı üçün vəziyyətdən sui-istifadə edib qiymətləri bahalaşdırırlar. Həmçinin, marketlərin rəqibləri də azdır, demək olar ki, yoxdur. Kiçik ticarət obyektlərinin çoxu bağlanıb, küçə ticarətinə də icazə verilmir. Ona görə də marketlər öz müştəri kontingentindən əmindirlər. Bu səbəbdən qiymətləri bahalaşdırırlar ki, daha çox qazansınlar”.