Oktyabrın 20-də ABŞ-da dünyasını dəyişən FETÖ lideri Fətullah Gülənə məxsus çamadan və çantadan məlumatlar üzə çıxıb.
İndex.az xəbər verir ki, məlumata görə, Gülənin kitablarının müəllif hüquqlarını bir vəqfə həvalə etdiyi, əşyaları arasında 2 min dollarlıq “kəfən pulu” və 12 min 640 dollar dəyərində dörddə bir qızıl sikkə olduğu bildirilib.
Sosial mediada yayılan açıqlamada Gülənə məxsus çamadan və çantanın oktyabrın 26-da Gülənin bacısı və qardaşı Fazilet Korucuk və İsa Gülən tərəfindən açıldığı qeyd edildi.
Qeyd olunub ki, çantanın içərisində Gülənin kitablarının müəllif hüquqlarını “Cascade Trust” adlı bir vəqfə köçürdüyünə dair etibarnamə tapılıb. Bildirilib ki, fondun yaradılmasında məqsəd Gülənin ideyalarının yayılmasını onları öyrənən və həyata keçirən təhsil müəssisələrinə yönəltməkdir.
Açıqlamaya görə, Gülənin əşyaları aşağıdakılardır:
Kitab qonorarından qalan 20 min 20 dollar;
“Kəfən pulu” üçün ayrılan 2 min dollar;
Hədiyyə olaraq istifadə edilmək üzrə 12 min 640 dollar dəyərində dörddəbir qızıl;
Yazıldığı dövrdəki borclarının ödənilməsini tələb edən vəsiyyətnamə;
Bir kitab qonorarını bir vəqfə bağışladığını göstərən etibarnamə;
1 ədəd zəncirli saat;
1 kostyum, şəxsi əşyalar və şəxsiyyəti təsdiq edən sənədlər.