İspaniyanın "Barselona" və İtaliyanın "Yuventus" klubunun sabiq yarımmüdafiəçisi Arturo Vidal və onun "Kolo-Kolo" klubundakı komanda yoldaşları cinsi təcavüzdə ittiham olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "ADN" telekanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, hadisə Vitakuradakı barda baş verib. Qurban narkotik maddənin təsiri altında olub və daha sonra Vidal tərəfindən cinsi təcavüzə məruz qalıb. Yarımmüdafiəçidən başqa bu işdə bir neçə futbolçu da iştirak edib.
Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Futbolçu şəxsiyyətinin yoxlanılması üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.
Xatırladaq ki, Çili millisinin sabiq yarımmüdafiəçisi Arturo Vidal karyerası ərzində "Bayer" (Leverkuzen), "Yuventus", "Bavariya", "Barselona", "İnter" (Milan), "Flamenqo" və "Atletiko Paranaense" klublarında çıxış edib.