Bir neçə saat əvvəl, dostum Hacıbəy Heydərli ilə televiziyaların birində canlı yayımlanan verilişin qonağıydıq. Mövzu “Tik-Tok”dakı maliyyə maxinasiyaları idi. Verilişə bir neçə gün əvvəl Türkiyədə saxlanılan və sonra azadlığa buraxılan tanınmış “Tik-Tok”er Səfər Eyvazovu canlı qoşdular. Səfər dedi ki, o studiyada bir jurnalist var… Dərhal kameralar məni çəkdi. Aparıcı sual verdi: Məhəmmədəli Qəriblini deyirsən? Şübhələrin mənə getməyi əsaslı idi. Çünki həmin adamla mənim aramda bir neçə dəfə qalmaqal olub. Son hadisələr bir daha göstərdi ki, mən haqlı olmuşam. Səfərin cavabı hamını təəccübləndirdi. Dedi ki, yox, Hacıbəyi nəzərdə tutur və hansısa verilişdə həmkarımızın səsləndirdiyi fikirdən əsası olmayan bir narahatlığını ifadə etdi. Mənə ən maraqlı gələn Hacıbəyin ona verdiyi cavab oldu: “Deyəsən, Məhəmmədəliyə gücü çatmır, mənim adımı çəkir”. Etiraf edim ki, Səfərin bu cavabı çoxlarının ürəyincə olmadı. Məqsəd Səfərlə məni üz-üzə gətirib, ciddi qalmaqal yaradıb həm reytinq yığmaq, həm də prosesi idarə edən birinin yanında xal qazanmaq idi. Həmin çevrə bir güllə ilə iki hədəfi vurmaq istəyirdi. İş burasındadır ki, milyonlarla pulu dövr etdirən Azərbaycandakı “Tik-Tok” mafiyasının əli hər yerə uzana bilib. Onların başlıca məqsədi, əməllərindən məlumatlı olan, bunu ictimailəşdirməkdən çəkinməyən jurnalistlərin linc edib, hörmətdən salmaqdır. Səfər Eyvazov ayıq düşdüyü üçün, bu dəfə “tırkaya” getmədi. Əvvəl asanlıqla onu belə provakasiyalara çəkə bilirdilər. Hacıbəyin cavabı isə planın ifşa olunmasına verilən ən aydın izah idi… Məhəmmədəli Qəribli Teref.az