Oxfam: Həddən artıq zənginlik və ifrat dərəcədə yoxsulluq eyni vaxtda artıb
Bu həftə İsveçrənin Davos şəhərində illik Dünya İqtisadi Forumu işə başladığı vaxt Oxfam son 25 ildə ilk dəfə həddindən artıq zənginlik və ifrat dərəcədə yoxsulluğun eyni vaxtda artdığını bildirib. Xeyriyyə təşkilatı qlobal bərabərsizliyin artması fonunda daha ədalətli vergitutmaya çağırır.
Yüzlərlə milyarder, onlarla hökumət naziri və bank rəhbərlərinin bu həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirakı planlaşdırılır. Oxfam xeyriyyə təşkilatı onların getdikcə varlandığını deyir. Oxfam təşkilatından Nabil Əhməd: "Davos yanvarda qayıdır. Sərvət bayramı geri dönür. Və biz yeni narahatedici məlumatlar gətiririk ki, bu da 2020-ci ildən bəri dünyanın ən zəngin bir faizinin bütün yeni sərvətlərin təxminən üçdə iki hissəsinə sahib olduğunu göstərir."
Oxfam deyir ki, bu sərvətin mənbəyi qismən hökumət pulları-2020-ci ildə koronavirus pandemiyasının ölkələri təcrid olmağa məcbur etdiyi vaxt qlobal iqtisadiyyata axan likvidlikdən ibarətdir. Nabil Əhməd: "Bunu etmək vacib idi. Lakin eyni zamanda, ultra varlılar bunun nəticəsində səhmlər bumunu, birja bumunu həqiqətən idarə edə bildilər. Ultra varlılar iqtisadiyyatda vergi maneələri olmadan həqiqətən də ciblərini doldura biliblər."
Oxfam-ın hesablamalarına görə, hazırda azı 1,7 milyard işçi inflyasiyanın maaşları üstələdiyi ölkələrdə yaşayır, bu da o deməkdir ki, insanlar daha da yoxsullaşır. Bu arada isə inflyasiya ərzaq və enerji qiymətlərini artırdığı vaxt milyarderlərin sərvəti artıb. Nabil Əhməd: "Biz 95 ərzaq və enerji korporasiyasının 2022-ci ildə mənfəətlərini ikiqat artıra bildiyini göstərə bildik."
Oxfam enerji şirkətlərinə tətbiq edilən əlavə vergilərin yüksək gəlirli ərzaq şirkətlərinə şamil etməyə çağırır. Təşkilat həmçinin dünyanın multimilyonerləri və milyarderlərinə beş faizə qədər vergi tətbiq etmək istəyir. "Həddindən artıq bərabərsizlik qaçılmaz deyil. Daha bərabər bir dünya üçün ilkin strateji şərt ultra varlıların vergiyə cəlb edilməsidir. Söhbət tibb bacıları, müəllimlər, orta təbəqədən getmir. Bu, həqiqətən də ən yüksəkdə olanlara aiddir və onların daha ədalətli vergi ödəmələrini təmin edir" - deyə, Nabil Əhməd bildirir.
Dünya İqtisadiyyat Forumunun təşkilatçıları yığıncağın hər kəs üçün faydalı olduğunda təkid edir. Dünya İqtisadiyyat Forumunun prezidenti Borge Brend: "Çox şey ortaya qoyulub. Biz həqiqətən də müharibələr və münaqişələrlə bağlı həll yolları tapmalıyıq. Biz həmçinin tənəzzülə uğramayacağımızı təmin etməli və 1970-ci illərdə olduğu kimi on illik aşağı artımı təmin etməliyik. İndi bu ortaya qoyulub və biz bütün maraqlı tərəflərin daha təhlükəsiz və bütün maraqlı tərəflərin inklüziv qlobal iqtisadiyyat yaratmaq işinə cəlb edilməsinə ehtiyac duyuruq".
Dünya Bankı oktyabr ayında xəbərdarlıq etmişdi ki, həddindən artıq artan inflyasiya və iqtisadi artımın yavaşlaması fonunda ifrat yoxsulluğa qarşı mübarizədə irəliləyiş dayanıb.