Dövlət pensiya yaşına çatmış şəxsin sosial təminatını özəl sektorun üzərinə niyə atır? Azərbaycanda pensiya yaşına çatmış şəxslərin işdən çıxarılması və onların yenidən əmək bazarına inteqrasiyası problemi getdikcə daha çox aktuallaşır. Qanunvericilik dövlətə imkan verir ki, 65 yaşa çatan işçini qanuni şəkildə işdən azad etsin. Amma eyni hüquq özəl sektora tanınmır. Əgər sahibkar bunu etsə — bu, “yaşa görə ayrı-seçkilik” sayılır. Bu nə deməkdir? Dövlət sosial yükü öz üzərindən atır və birbaşa sahibkarın çiyninə yükləyir. TEREF yazır ki, bunu iş adamı Elkhan Mardanli öz sosial şəbəkə profilində yazıb. İş adamı daha sonra yazır: Nəticə nə olur? Sahibkar hüquqi risklə qarşı-qarşıya qalır, amma eyni zamanda komandasını gəncləşdirmək ehtiyacı hiss edir. İşsiz qalan yaşlı vətəndaş isə ya qeyri-rəsmi çalışır, ya da sosial təminatsız qalır. Bu da həm pensiya fonduna təzyiq yaradır, həm də iqtisadi sabitliyi pozur. Bəs beynəlxalq təcrübə nə deyir? Almaniya, Fransa, Türkiyə, Skandinaviya: ✔️Yaşlı işçiləri işdə saxlayanlara vergi və sığorta güzəştləri tətbiq olunur. ✔️60+ yaşlılar üçün peşə hazırlığı və distant iş proqramları yaradılır. ✔️Dövlət və özəl sektor eyni hüquqi rejimdə fəaliyyət göstərir. Təkliflər nə ola bilər? 1. Əmək Məcəlləsində dəyişiklik Özəl sektora da yaşa görə hüquqi əsaslarla əmək müqaviləsinə xitam vermək imkanı tanınmalıdır. 2. Dövlət–özəl sektor əməkdaşlığı Pensiya yaşına çatmış şəxslərin məşğulluğu üçün dövlət subsidiyalar və dəstək mexanizmləri yaratmalıdır. 3. İqtisadi stimullar Yaşlı işçini saxlayan şirkətlərə vergi və sosial sığorta güzəştləri verilməlidir. Əgər özəl sektor olmasa, nə dövlət büdcəsi, nə də pensiya sistemi uzunmüddətli yaşaya bilər. Əmək bazarında balans, ədalət və qarşılıqlı məsuliyyət vacibdir — bu gün, sabaha gec qalmamaq üçün.