Bu gün Parlamentdə sənədsiz evlərlə bağlı təklif səslənib. Bu məsələdə bürokratik əngəllər var. Həmçinin də bir çox ailələr var ki, uzun illər ərzində tikib içərisində yaşasalar da hələ mənzillərinin rəsmi sənədi yoxdur. Bu problemin həlli istiqamətində hansı zəruri addımlar atılmalıdır?
Bu mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Referans.az - a açıqlamasında bildirib ki, sənədsiz fərdi yaşayış yerlərinin sənədləşdirilməsi ilə bağlı illərdir ki, müzakirələr gedir. Hətta bəzi hallarda bu məsələnin öz həllini tapmasına yaxın da olmuşuq. Amma təəssüf ki, proses sonradan dayanıb. Ötən il bu istiqamətdə çox ciddi müzakirələr də aparıldı. Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri və Katastırı publik hüquqi şəxslə Ədliyyə nazirliyi elektron informasiya sistemi də yaratdılar. Bu sahədə də texniki işlər isə demək olar ki, yekunlaşıbdır.
Ramil Osmanlı onu da vurğulayıb ki, sözügedən məsələ ilə bağlı dəfələrlə öz fikrini bildirib. Ekspertin bu məsələ ilə bağlı fikri ondan ibarətdir ki, çoxmənzilli binaların istismarına icazələrin sadələşdirilməsi və eyni zamanda qeyri-yaşayış obyektləri ilə bağlı ötən ilin iyun ayında ölkə prezidenti tərəfindən fərman da imzalandı. Bir sözlə bu istiqamətdə kifayət qədər təcrübə də mövcuddur.
"Bu problem illərin problemidir. Hesab etmirəm ki, ayrı-ayrı hüquqi aktlara və ya hansısa qanunlara dəyişikliklər edilməsi ilə mümkün olsun. Düşünürəm ki, bu problemin həlli analoji bir qərarın qəbulu məsələsidir. Fikrimcə bu məsələ 2025- ci ildə öz həllini tapacaqdır. Çünki illərdir ki, bu istiqamətdə bütün texniki işlər yekunlaşıb. Bu il ərzində bu mövzuda vahid bir qərarın qəbulu reallaşacaqdır",- deyə ekspert əlavə edib.