“Azərbaycanda sənədsiz evlərlə bağlı ayrıca normativ hüquqi aktın qəbulu nəzərdə tutulub”.
Bunu Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı İnformasiya Sisteminin yaradılması ilə bağlı tədbirdə Daşınma Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin idarə heyətinin sədri Nigar Alimova deyib. Onun sözlərinə görə, Azərbaycanda təxminən 400 min sənədsiz fərdi yaşayış ev var:
"Bunların əksəriyyəti mühafizə zonalarında, yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə yerləşir. Sənədsiz evlərlə bağlı problem daim olub və biz bunun həlli istiqamətində çalışırıq".
Qeyd edək ölkədə 500 minə yaxın sənədsiz evlərin olduğu və onların çıxarışla təmin ediləcəyi deylirdi. Hazırda isə onların sayı 400 min göstərilir. Bəs sənədsiz evlərlə bağlı normativ hüquqi akt dedikdə nə nəzərdə tutulur?
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, çıxarışı olmayan həyət evlərinin hər birinin hansısa bir sənədlə, təyinatla, yaxud tikinti normalarının pozulması ilə bağlı bir qüsuru var:
“Onlara çıxarışların verilməsi üçün hansısa normativ hüququ akt olmalıdır ki, həmin sənədə əsasən onların qüsurları ləğv olunur və çıxarışla təmin olunmalıdır. Düşünürəm ki, normativ hüquqi akt dedikdə bunu nəzərdə tuturlar. Çıxarış verilməyən əmlakların bəzilərində torpaqların təyinatı fərqlidir, bəziləri qadağan olunmuş ərazilərdə tikilib, bir qismini tikinti normativlərinə uyğun olmayan formada tikiblər və s. Bu cür çoxsaylı problemlər var ki, bu səbəbdən çıxarışlar verilə bilmir. Onun verilməsi üçün də mütləq şəkildə bir növ amnistiya tipli normativ hüquqi akt olmalıdır ki, əsaslandırıb çıxarışla təmin eləsinlər. Yəni hansısa formada əsaslandırmalıdırlar”.
O ki qaldı sənədsiz evlərlə bağlı rəqəmin 400 min göstərilməsinə, ekspertin sözlərinə görə, orada yaşayış evi olmayan torpaq sahələri, qeyri-yaşayaış obyektləri kimi çox sayda əmlak da var.