Müharibədən sonra sosial şərtlərin ağırlaşmasını indi heç kim inkar edə bilmir. Hətta rəsmi açıqlamalarda da həqiqətdən qaçmağa çox cəhd olunmur. Çünki mənzərə göz qarşısındadır. Ciddi inflyasiya baş verib, qiymətlər çox artıb, əhalinin real gəlirləri isə azalıb.
Bizimyol.info xəbər verir ki, son 5 ilin müqayisəsində hər adam üçün istehlak səbətində qida, kommunal, nəqliyyat və səhiyyə xərclərinin payı artıb. Yəni 2019-cu ilə nisbətən bu istiqamətlərə xərclərin daha böyük hissəsini yönəltməli olmuşuq. Bir növ başqa xərclərə pul qalmayıb.
“Baku Research Institute”-un araşdırması əsas istiqamətlər üzrə xərclərin istehlak səbətindəki payının 64 faizə çatdığını göstərir. Əvvəllər bu göstərici 60 faizdən bir qədər çoxmuş. Bu da o deməkdir ki, zamanla əsas məsələlərə daha çox pul xərcləməli oluruq. Təhsil, istirahət xərclərinin azalması təsadüfi deyil. Geyim, məişət əşyalarına yönəldilən vəsaitin həcmi də azalıb.
2019-cu ildə qida xərclərinə ümumi payın 42 faizi sərf olunurmuş. Göstərici 44,4 faizə çatıb. Kommunal xərclər 7,6 faizdən 7,9 faizə yüksəlib. Səhiyyə xidmətləri üzrə xərclərdə 4,8 faizdən 5,1 faizə qədər dəyişiklik var. Nəqliyyat xidmətlərinə xərcləmələr də artıb: 6,4 faizdən 6,6 faizə.
Hələ tütün məmulatları və içkiyə diqqət ayırmırıq. Onda məlum olar ki, biz ümumiyyətlə yaşamırıq. Çünki ortada pul qalmır. İnsanlar yalnız bir neçə vacib istiqamət haqqında düşünməli olur. Sosiallaşmaqla bağlı planlar qurmağa dəyməz. Gələcəyə investisiyadan da danışmaq mümkün deyil.
21-ci əsrdə təhsil xərcləri niyə azalsın axı?! Təkcə bu məqam vəziyyətin nə qədər pisləşdiyini göstərir. Rəsmi statistikalarda xaricə gedən ölkə vətəndaşlarının sayının artdığı xüsusi qeyd edilir. Amma araşdırma istirahət xərclərinin azaldığını ortaya qoyur. Deməli, insanlar xaricə dincəlməyə getmir. Daha çox əmək miqrasiyasına görə say artımı var.
Ümumiyyətlə, sosial məsələlərlə bağlı bütün araşdırmalar kədərli mənzərə ortaya çıxarır. Əhalinin yaşam imkanlarının necə məhdudlaşması belə epizodlarda özünü aşkar göstərir.