Bakıda ictimai nəqliyyatın 50 qəpiyə qalxması müxtəlif ölkələrdə olan təcrübənin bu və ya digər formada tətbiqi məsələsini gündəmə gətirib. Nümunələrdən biri Türkiyənin iri şəhərlərində tətbiq edilən modeldir. Belə ki, qardaş ölkədə, məsələn, İstanbulda bir tam gediş 17.7 lirədir. Tələbələr üçün bu məbləğ 8,64, müəllim və digər sənət sahibləri üçün 12,67, pensiyaçılar üçünsə gedişhaqqı pulsuzdur.Metrolar, elektrik qatarları üçün də müxtəlif güzəştlər tətbiq edilir. Bu güzəştlər turistlərə aid deyil.
Belə olan təqdirdə Azərbaycanda pensiyaçılara ictimai nəqliyyat pulsuz ola bilər? Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Sonxeber.az-a açıqlama verib. Onun sözlərinə görə, belə məsələlər ilə bağlı elmi təhlil aparılmadan fikir bildirmək olmaz:
"Məlum olmalıdır ki, pensiyaçıların gediş haqqını pulsuz etməklə onun hesabına digər kateqoriyadan olan insanların gediş haqqının yüksək səviyyədə qaldırılması düzgün deyil. Çünki pensiyaçı, o cümlədən sosial vəziyyəti yerində olmayan xeyli insan insan var. Onlar bəs nə etsin? Bu məsələlər düzgün həll olna bilər ki, iqtisadi sistem elmi əsaslarla qurulur və tənzimlənir".
Sosioloq bildirib ki, belə bir qərarın verilməsi üçün ölkənin bütün potensialından düzgün istifadə olunmalıdır:
"İqtisadi vəziyyətdən gələn gəlir pensiyaçıların gediş haqqını ödəməyə cavab verməlidir. Bunlar olmadığı üçün indiki mürəkkəb cəmiyyətdə belə bir iş görmək qeyri-mümkündür. Hazırkı vəziyyət geniş təhlil tələb edir. Atılacaq addım digər kateqoriyadan olan vətəndaşlara ağır yük olmamalıdır. Bu prosesdə vətəndaşların əməkhaqları və sosial vəziyyəti yerində olmalıdır".