Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək? - ARAŞIDRMA
Artıq neçə müddətdir ki, köhnə, ekoloji cəhətdən zərərli sayılan avtomobillərə sahib olanlar səksəkədədirlər. Kimisi avtomobillərinin məcburi şəkildə əlindən alınacağını düşünür, kimisi icbari utilizasiyadan danışır. "Kasıbın maşını olmayacaq" deyənlər də az deyil.

Ötən həftə isə mətbuatda köhnə nəqliyyat vasitələrinin dövriyyələrinin məhdudlaşdırılması üçün təkliflərin hazırlanacağı ilə bağlı xəbərlər yayılıb. Belə ki, təkliflər Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması məqsədi daşıyacaq. Layihə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

Maraqlıdır, təkliflər necə hazırlanacaq? Köhnə avtomobil sahiblərinə güzəştlər nəzərdə tutulacaqmı? Yoxsa, həqiqətən kasıbın avtomobili olmayacaq?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

"Vətəndaşın marağı nəzərə alınmalıdır"

Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib ki, hazırda könüllü şəkildə köhnə nəqliyyat vasitələrinin utilizasiya prosesinə start verilib:

"Yəni, kim istəsə, işlək, yararsız, yaxud qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsini təhvil verə biləcək və ödənişini alacaq. Qiymətlər isə standartdır. Hazırda ölkəyə gətirilən yeni və texniki baxışdan keçən nəqliyyat vasitələrindən əlavə rüsumlar alınır və fond formalaşır. Bir müddət sonra isə utilizasiya prosesi başlayacaq".

Mütəxəssis qeyd edib ki, atılan hər addımda vətəndaşın marağı təmin edilməli, proses vətəndaşın xeyrinə olmalıdır:

"Bu gün, xüsusilə bölgələrdə, kəndlərdə yaşayan vətəndaşlar 70-80-ci illərin istehsalı olan nəqliyyat vasitələrindən istifadə edirlər. Hansı ki, bu avtomobillər kənd təsərrüfatı işlərində istifadə olunur, vətəndaşın işinə yarayır. Köhnə olsa da, kəndlinin əlindən tutur. Fikrimcə, ilkin mərhələdə bu avtomobillərin utilizasiyası başlayacaq. Düzdür, bu avtomobillər ekoloji cəhətdən zərərli olduğu üçün dövriyyədən tamamilə çıxarılmalıdır, amma bunun üçün vətəndaşa sərfəli təklif verilməlidir. Ən azından, hazırda istifadə etdiyi nəqliyyat vasitələrinin səviyyəsinə nisbətən uyğun nəqliyyat vasitəsi verib, əlindəkini almaq olar. Yaxud yeni bir nəqliyyat vasitəsi ala bilmək üçün ona müəyyən qədər vəsait verilməlidir. Utilizasiya üçün nəzərdə tutulan 2 500 manat vətəndaşa sərf etmir. Çünki o, həmin qiymətə avtomobil ala bilməz. Ona görə də bu problemin həlli ilə bağlı proqram qəbul edilməlidir, təkliflərdə nəzərə alınmalıdır".

"Müvafiq icra mexanizmi hazırlanacaq"

O bildirib ki, proqramda nəqliyyat vasitəsinin işləkliyi, yaxud tam yararsızlığı nəzərə alınıb, ona uyğun vəsait ödənilməlidir:

"Köhnə avtomobillər sıradan çıxdıqda, müəyyən güzəştli qiymətlər əsasında ölkədə istehsal edilən avtomobillərin satışı təşkil oluna və vətəndaşa təklif edilə bilər. Bu, köhnə avtomobil sahiblərinin nəqliyyat vasitələrindən imtina etməsini stimullaşdıracaq. Bütün tərəflərin maraqlarını təmin edəcək bir strategiya hazırlanmalıdır. Düşünürəm ki, köhnə avtomobillərin dövriyyədən çıxarılması prosesinə yanaşmanın formalaşdırılması üçün müvafiq icra mexanizmi hazırlanacaq. İnsanların nəqliyyat vasitəsini əlindən alıb iflic etmək düzgün yanaşma olmaz".

"Ölkədəki avtomobillərin 70 faizi köhnədir"

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd edib ki, istehsalçı tərəfindən verilən zəmanət müddəti bitən avtomobillər köhnə avtomobil sayılır:

"Onların ölkə daxilinə idxalı artıq məhdudlaşdırılıb. Ötən ilin mart ayında Nazirlər Kabinetinin qərarı ilə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkəmizə idxalı qadağandır. Ölkə daxilində isə köhnə avtomobillərin istismarının dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı hazırda ümumiyyətlə məlumat yoxdur və düşünmürəm ki, bu, qısa müddətdə həyata keçirilsin. Çünki ölkədəki avtomobillərin 70 faizi köhnədir. Məhdudlaşdırılma isə hazırda ölkəyə daxil olan avtomobillərlə aiddir. Hazırda proses əsasən taksi kimi fəaliyyət göstərən minik avtomobilləri ilə bağlıdır. Çünki taksidə istismar olunacaq nəqliyyat vasitələrinin yaşı səkkiz ildən çox olmamalıdır və onlar yeni mövsümdə artıq "Avro 5" ekoloji standartına cavab verməlidirlər".

"Avro 5"-ə keçid reallaşa bilər

Mütəxəssis qeyd edib ki, artıq qonşu Gürcüstanda "Avro 5" standartına cavab verməyən avtomobil idxal olunmur və orada satılmır:

"Ölkəmizdə hazırda ekoloji standart olaraq "Avro 4" qəbul olunub. Ola bilər ki, gələn ildən "Avro 5"-ə keçid olsun".

"Gözümüzün önünə köhnə sovet avtomobilləri gəlir"

Məhdudlaşdırılma ilə bağlı təkliflər məsələsinə gəldikdə isə, nəqliyyat eksperti vurğulayıb ki, bu prosesdən danışanda gözümüzün önünə ilk növbədə köhnə sovet avtomobilləri gəlir:

"Məhdudiyyətlər bugünkü müasir təhlükəsizlik standartlarına cavab verməyən avtomobillərə şamil oluna bilər. Məsələn, bilirik ki, köhnə sovet avtomobillərində təhlükəsizlik baxımından ABS sistemi mövcud deyil. Bu, nəqliyyat vasitəsi üçün çox vacib məsələdir, çünki ABS tormozlanma zamanı dəstəkçi rolunu oynayan sistemdir. Bundan əlavə, bu nəqliyyat vasitələri bugünkü müasir ekoloji standartlara cavab vermir".

Məlumat üçün bildirək ki, bu layihə iyunun 1-dək Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsi tərəfindən hazırlanmalıdır.
 

Bölmənin digər xəbərləri

20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"
14 Aprel 2025 Aldadıcı satışların qurbanına çevrilməyin - Vətəndaşlar mənzil alarkən nələrə diqqət etməlidirlər?
13 Aprel 2025 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı
12 Aprel 2025 Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
12 Aprel 2025 Son bir ayda dövlət sektorunda işləyən min nəfər öz işini itirib
12 Aprel 2025 Pensiya ilə bağlı VACİB XƏBƏR
11 Aprel 2025  İxtisarlar növbəsi Penitensiar Xidmətə çatdı - İLGİNC...
10 Aprel 2025 Çox bayram, çox qənaət : 165 milyon manat nədən yaranıb? .
09 Aprel 2025 "İcra Hakimiyyətinə müraciət edirəm, mənə “dilənçi gəldi" deyirlər..." - Qarabağ veteranından PREZİDENTƏ MÜRACİƏT
09 Aprel 2025 Sələmçilərin qarşısını alsa da: İnsanları borca salan bahalı "çıxış yolu" - ARAŞDIRMA
09 Aprel 2025 TOVUZ SAKİNİ İŞDƏN HAQSIZ YERƏ ÇIXARILDIĞINI İDDİA EDİR, AMMA... - Sosial Təminat Agentliyindən vətəndaşın şikayətinə reaksiya

Dünyapress TV

Xəbər lenti