“Deputat Siyavuş Novruzovun belə bir fikir səsləndirməsi heç də təsadüfi deyil”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzovun mənzilə ehtiyacı olan jurnalistlərin Qarabağa köçürülən məcburi köçkünlərin boşalmış mənzilləri ilə təmin edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən media eksperti Azər Həsrət deyib.
Onun sözlərinə görə, məsələnin gündəmə gətirilməsi mənzilə ciddi ehtiyacı olan jurnalistlər üçün ümid işığı ola bilər.
“Çünki təxminən on il öncə ölkədə jurnalistlərin mənzil ehtiyaclarının qarşılanması üçün atılan addımlar təqdir edilirdi. Bəzi həmkarlarımız bu baxımdan ümidlənmişdilər. Ancaq jurnalistlər üçün tikilən üçüncü bina başqa kateqoriyadan olan vətəndaşlara verilməsi üstün tutuldu. Təbii olaraq, bu, müəyyən narazılıq və narahatlıqlara səbəb oldu”, – deyə media eksperti bildirib.
Azər Həsrət torpaqların işğaldan azad edildiyini, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtdığını diqqətə çatdırıb:
“Dövlətimiz məcburi köçkünlər üçün on illər ərzində Bakıda və ətraf ərazilərdə mənzillər tikib. Həmin mənzillər isə artıq boşalmağa başlayıb. Hətta həmin evlərin ucuz qiymətə satışı da təşkil olunur. Belə olan təqdirdə, mənzilə ehtiyacı ciddi şəkildə olan jurnalistlərin evlə təmin edilməsi üçün əlavə addımlar atmağa imkan yaranıb.
Deputat Siyavuş Novruzovun belə bir fikir səsləndirməsi heç də təsadüfi deyil. Nəzərə almaq lazımdır ki, o, hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki təmsilçilərindən biridir. Yəni onlar bir fikir səsləndirərkən mütləq ən üst rəhbərliklə razılaşırlar. Bir sözlə, ümidlər var.
Qarşıdan isə Milli Mətbuat Günü yaxınlaşır. Həmin ərəfədə belə bir addımın atılması yerinə düşərdi. Mənzilə ehtiyacı olan jurnalistlərin evlə təmin edilməsi təqdirlayiq addımdır”.