Martın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev diqqətə çatdırıb ki, gündəliyə 6 məsələ daxil edilib.
İclasda, əvvəlcə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə baxılıb. Komitə sədri əmək pensiyaları ilə bağlı qaydaların daim təkmilləşdirildiyini, bu sahədə islahatların uğurla davam etdirildiyini və bu istiqamətdə əmək pensiyalarının təyinatının, ödənişinin, hesablanmasının, verilməsinin elektronlaşdırıldığını bildirib. O, “Elektron hökumət” layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində mühüm işlərin görüldüyünü və 159 xidmətin elektron qaydada həyata keçirildiyini qeyd edib. Nəzərə çatdırılıb ki, “Əmək pensiyaları haqqında” qanuna təklif olunan dəyişikliklər pensiya ödənişinin elektronlaşması sahəsində güzəştli şərtlərlə pensiya alanlara elektron xidmətin tətbiq olunması ilə bağlıdır.
Qanun layihəsi barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ətraflı məlumat verib. Bildirilib ki, sənəddə qanunun Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslərə dair 8-ci maddəsi yeni redaksiyada təqdim olunur. Dəyişikliyə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bununla yanaşı, bu Qanunun 8.1-ci maddəsi kişilərə münasibətdə qadın vəfat etdiyi (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildiyi), habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın kişinin himayəsinə verildiyi hallarda tətbiq edilir.
Müzakirələrdə komitə üzvləri Vüqar Bayramov və Jalə Əliyeva məsələ ilə bağlı öz fikir və qeydlərini səsləndiriblər.
Sonra şöbə müdiri Adil Vəliyev Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi xüsusi növ dövlət qulluğu sayılan orqanların təcrübəsi öyrənilməklə, eyni zamanda, təcrübədə meydana çıxan müvafiq boşluqlar təhlil edilməklə, habelə Əsasnamənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Sənəd 30 yeni maddənin əlavə olunmasını, 10 maddənin ləğvini və 36 maddədə dəyişiklik edilməsini ehtiva edir.
Diqqətə çatdırılıb ki, vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı müddəaların bir fəsildə tənzimlənməsi məqsədi ilə Əsasnaməyə 5-1-ci fəsil əlavə olunur. Bu çərçivədə Əsasnaməyə yeni təminatlar, o cümlədən vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, onlar üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilir. Sənəddə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsi, vəzifəli şəxslərin mükafatlandırılması məqsədilə vəsaitin ayrılması, xüsusi rütbələr üzrə maaşların artırılması ilə bağlı dəyişikliklər də müəyyən edilir.
İclasda iştirak edən Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəisi Anar Rzayev “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişikliklə əlaqədar fikirlərini açıqlayıb. Bildirilib ki, layihədə vergi orqanlarına xidmətə qəbulla bağlı staj müddətinin müəyyən edilməsi, sınaq və staj müddəti ilə bağlı məsələlərin daha detallı tənzimlənməsi, vergi orqanlarında xidmətə qəbul olunmasına yol verilməyən şəxslərin əhatə dairəsinin təkmilləşdirilməsi, vergi orqanının vəzifəli şəxsinin andının müəyyən edilməsi və digər məsələlərin daha təfərrüatlı tənzimlənməsi təklif olunur.
Qeyd olunub ki, sənəddə, habelə vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrin, o cümlədən növbəti xüsusi rütbənin verilməsi qaydasının, onların sərəncamda olması, vəzifədə irəli çəkilməsi ilə bağlı məsələlərin təkmilləşdirilməsi nəzərdə tutulub. Digər dəyişikliklərdə vergi orqanlarının vəzifəli şəxslərinin həvəsləndirmə qaydasının təkmilləşdirilməsi, onların xidmətdə olmağının yaş həddi, onun uzadılması və bununla bağlı zəruri məsələlərin tənzimlənməsi, bir sıra digər dəqiqləşdirici və uyğunlaşdırma xarakterli düzəlişlər təsbit edilir. Layihənin qəbulu vergi orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Bu məsələ ilə bağlı komitə üzvü Arzu Nağıyev bir sıra suallar səsləndirib. Anar Rzayev verilən sualları ətraflı cavablandırıb.
Sonra Adil Vəliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunun layihəsini (birinci oxunuş) nəzərə çatdırıb. Bildirilib ki, layihəyə əsasən, “Sosial sığorta haqqında” qanunun 12-ci maddəsində “qərarına əsasən yaradılan” sözləri “müəyyən etdiyi orqanın (qurumun) yaratdığı” sözləri ilə əvəz olunur.
Sonra Adil Vəliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, təklif olunan dəyişikliklərə əsasən, layihədə qeyd olunan qanunlarda müəyyən edilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” qanunun 14.8-1-ci maddəsi ilə tənzimlənir.
İclasda komitə üzvü Əziz Ələkbərov sənədlə bağlı bəzi qeydlərini səsləndirib.
Sonra “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi təqdim edilib. Qeyd olunub ki, uyğunlaşdırma xarakteri daşıyan dəyişikliklərdə “həkim reseptləri”, “dərman vasitələri”, “normativ-texniki sənəd” və bu qəbildən olan bir sıra söz və ifadələrin müvafiq olaraq “resept”, “dərman və tibb vasitələri”, “texniki normativ hüquqi akt” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.
İclasda ikinci oxunuşda təqdim edilən “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə də baxılıb. Sənəddə uyğunlaşdırma xarakterli dəyişikliklərin təklif olunduğu nəzərə çatdırılıb.
Müzakirəyə çıxarılan qanun layihələrinin hamısı Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Tədbirdə komitənin sədr müavini Məlahət İbrahimqızı, üzvləri Rauf Əliyev, Sevinc Hüseynova, Aqil Məmmədov, İlham Məmmədov, Ziyad Səmədzadə iştirak ediblər.