“Tamaşama baxıb çıxandan sonra mənə bir məktub yazıb, teatrın mühafizəsinə qoydu”
“Mən professional musiqi ilə uşaq yaşlarından məşğul oluram. Ona görə də bu gün böyük səhnələrdə çıxış edirəm. Biz Azərbaycanda yaşayırıq. Bəzən sual verirlər ki, “siz xaricdə yaşayırsınız?”. Bir çox ölkələr mənimlə müqavilə bağlamaq istəyib ki, sırf orada yaşayıb, fəaliyyət göstərim. Mən qəbul etməmişəm. Öz vətənimi o qədər çox sevirəm ki. Həyat yoldaşım da adət ən-ənələrimizi çox böyük məhəbbətlə qarşılayır, musiqimizi sevir. Bəlkə də şansım onda gətirdi ki, bu insan həm mənə, həm də vətənimə sevgisini göstərir”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Fidan Hacıyeva bildirib.

“Həyatda insanın mütləq şəkildə məqsədi olmalıdır. Məqsədlə yaşayan insanam. Övladlarıma da bunu öyrədirəm. Nə qədər də səhnədə olsam, yenə də öyrənirəm. Nəsə edəndə də deyirəm ki, bundan yaxşısını da edə bilərəm. Hər dəfə yeni tamaşaya, səhnəyə hazırlaşanda hər şeyi unuduram. Unutmasam səhnəyə çıxa bilmərəm. Heç vaxt səhnəyə xəstə halımla çıxmamışam. Evdə də hər zaman məni başa düşürlər” deyə sənətkar bildirib.

Xalq artisti həyat yoldaşı ilə tanışlığından da danışıb.

“Həyat yoldaşım Bakıya yeni gəlmişdi. Biz Bakıda Milad bayramında tanış olduq. Məni dəvət etmişdilər ki, “Karmen” tamaşasından bir parça ifa edim. İfa etdikdən sonra o mənə yaxınlaşıb, mənimlə inglis dilində danışmağa başladı. İnglis dilində fərdi dərslər alırdım. Atam da deyirdi ki, sən niyə inglis dili öyrənirsən? Bu sənin nəyinə lazımdır? Demək ki, mənə bu dil lazım olacaqdı. Yoldaşımı tamaşaya dəvət etdim. Tamaşaya baxıb teatrı tərk edəndən sonra mənim üçün bir məktub yazıb, teatrın mühafizəsində qoydu. Bununla da bizim münasibətimiz yaxşılığa, daha dəqiq desək evliliyə doğru davam etdi” deyə sənətkar bildirib.

Xalq artisti Fidan Hacıyeva ona uğur gətirən “Karmen” tamaşasından da danışıb.

“Hər bir ifaçının həyatında bir obraz olur ki, ona həm yaxın olur, həm də məşhurluq gətirir. Mən Opera və Balet teatrına gələndə 19 yaşım var idi. Ən gənc opera solisti idim. 19 yaşında solist kimi fəaliyyətə başlamaq çox çətin idi. İlk obrazlarımdan biri elə “Karmen” tamaşasında baş obrazın rəfiqəsi Mersedesi oynamaq oldu. Amma arzulayırdım ki, Karmeni oynayım. Qismət elə gətirdi ki, konservatoriyada çox gözəl bir müəllimin sinfinə gəldim. Professor Hüseyn Əliyev də “Karmen” operasında Karmenin tərəf müqabili Xoseni oynamışdı. O bizim səhnənin ilk Karmeni Fatma Muxtarova ilə səhnə paylaşmışdı. O mənə Karmenin bütün sirlərini öyrətdi. Bu mənə çox böyük stimul oldu. Mən 2 ilə tamaşanın həm partiyasını, həm də Fransız dili öyrənməyə başladım. 21 yaşında ən gənc Karmen adını qazandım” deyə xalq artisti bildirib.

Dünyapress TV

Xəbər lenti