“Fərman haqqında danışmaq mənim üçün həm şərəflidir, həm də bir az çətindir. Fərman müəllim, təkcə bizim Fərmanımız deyildi, o Azərbaycan incəsənətinin teatr cəmiyyətinin böyük, dahi Fərmanı idi.Fərman müəllim Azərbaycan incəsənətinə o qədər yenilik gətirmişdi ki, sadəcə bəxti gətirmədi ki, o yenilikləri təsdiq etməyə, nəin ki, ömür vəfa etmədi, zəmanə dəyişdi. Dünyamız tamamilə fərqli oldu, başqa problemlərə başları qarışdı, bu arada da Fərman dünyasını dəyişdi. Onun yaradıcılığı doğurdan çox fərqli idi. O ramkaya sığmayan adam idi, ondan ötrü hansısa format söhbəti yox idi. O öz obrazlarına Fərman kimi baxırdı, çox qəbul edilən olurdu”
DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor Fərman Şəkilinin (Abdullayevin) həyat yoldaşı İradə Abdullayeva deyib. O daha sonra əlavə edib.
“Bizim çoxlu xarici dostlarımız var idi. Onun norveçli dostları tamaşasına baxandan sonra özünə heç nə demədilər, gəlib dedilər ki, “biz bir qruppa gətirmək istəyirik Azərbaycana, sən onlara master klass keç”. Sonra öyrəndik ki, Norveçdə Danvik məktəbi var, oradan aktyorluğun tələbələrindən gətirirdilər. Fərman onlara 1 həftəyə yaxın master-klass, dərs keçirdi. Onun bacarıqları var idi, heyf ki, istifadə etmədilər. Çünki o 30 il dünyaya tez gəlmişdi, 30 il gec gəlsəydi ondan istifadə edərdilər. Fərman ancaq aktyor deyildi, həm rejissor, ssenarist, müəllif idi. Onun dərin mənalı, neçə-neçə əsərləri var. Hansı ki, bir neçəsi festivallarda birinci yer tutub. Onun “Dahi” əsəri var idi. “Dahi” əsərində o Ayşad Məmmədovla birlikdə pantomim tamaşa qurmuşdu. Ondan 2-3 il sonra Pantomim teatrı yarandı. O Azərbaycan teatrında mono tamaşanın, Pantomim teatrının, klounadanın, kloun janrının əsasını qoyub. Uşaq personajı kimi “Şurum-Burum” u seçdi. Onun sənət dostları da ona qarşı idilər ki, “sən Teymurləngi oynamısan, böyük obrazlar yaratmısan”. O deyirdi ki, balaca obraz yaratmaqla özümü kiçiltmirəm” deyə sənətkarın həyat yoldaşı deyib.
İradə Abdullayeva həyat yoldaşının son günündən də danışıb.
“Fərman 1 ilə kimi xəstə oldu, o xəstəliyini biləndən 11 ay sonra dünyasını dəyişdi. Xəstəlik dönəmində də o qədər özünü məğrur tuturdu, aparırdı ki. Bizə ürək-dirək verirdi. Mənə də deyirdi ki, “niyə pis olursan?!”. O dedi ki, “səni sonra biləcəksən kimə tapşırmışam”. Sonradan bildim ki, məni hamıya-anasına, bacısına, qardaşına, oğullarına tapşırıb ki, ondan muğayat olsunlar. Rəhmətə gedən günü də ayaqüstə idi. Birdən təzyiqi tamam 40-a düşdü, təcili yardım çağırdıq. Sonra yaxınlaşdım, əlini tutdum, dedi ki, “mən səni çox istəyirəm”. Mənə belə baxdı, gözünü açıb-bağladı, yəni ki, artıq bitdi.. Gülümsədi, gözləri yumuldu” deyə İradə Abdullayeva bildirib.