Mirzə Cəlilin faciəli aldanışı...- Mehriban Vəzir yazır
Soyuq qış günlərinin qurbanlarından biri də böyük ədib Mirzə Cəlil oldu. Sadəcə, buz bağlamış yollarınmı...
Bir neçə gün öncə qəzetdə filan gün, filan mağazada şəkər satılacaq xəbərini oxumuşdu. Uşaqlar şirin çay içməlidir. O, sübh tezdən növbəyə dayanıb şəkər alacaqdı. Sovet hökuməti artıq 10 il idi qurulmuşdu. Ölkədə böyük qıtlıq vardı, Kreml xalqlar həbsxansını aclıqla intiqama çəkməkdə idi.
Cəmi 10-20 il əvvəl bütün ümidlərini və arzularını bolşevizmə bağlayan Mirzə, həm idealları, həm gün-güzəranı, həm yaradıcılığı ilə yerlə-yeksan idi. Yazdığı hər kəlməyə, dediyi hər sözə görə min peşman idi...
Bolşevik inqilabından əvvəl o, Qarabağın xan övladı olan Həmidə xanımın malikanəsində yaşayır və zadəganlara, əsilzadələrə nifrət edirdi. Bolşevizmin bərabərlik gətirəcəyinə, siniflərin ləğv olunacağına bütün qəlbi ilə inanırdı.
Qarabağda xan törəməri, alimənsəb sayılan iki oğlu naz-nemət içində böyüyürdü. İnqilabçı qardaşı Mirzə Ələkbər də yanında idi. Həmidə xanım, məhkəmə tərəfindən ölüm hökmü çıxarılmış qaynı Mirzə Ələkbəri vəkil dostlarının sayəsində böyük pullar verib azad etdirmişdi.
Yediyi önündə, yemədiyi ardında, əziz qardaşı yanında, nökəri, qulluqçusu, faytonçusu qapısında... Həmidə xanım `Molla Nəsrəddin`i maddi dəstəkləyir, cərimələrini ödəyir, yazıb yaratması üçün bütün şəraiti yaradır, Mirzəyə Bəhmən Mirzənin kitabxanasını satın alır, kaman çalmaq istəyir, kaman alır, müəllim tutur...
Lakin Mirzə mutlu deyildi. O, çar rejiminə sinfi düşmən idi, cümhuriyyətçilərə isə şəxsi qərəzi vardı. Əsilzadələr, dünyanı dərk etdiyi gündən gözünün düşməni idi. (Lakin maraqlıdır ki, yalnız əsilzadə xanımlarla ailə qururdu, ikinci xanımı Naxçıvan əsilzadəsi, üçüncü xanımı Qarabağ əsilzadəsi idi. Birinci xanımı haqda dəqiq məlumat yoxdur, yalnız bir qızı vardı.)
Mirzə inqilaba inanmışdı. Bolşevizmin yer üzünə səadət gətirəcəyinə əmin idi.
Əziz dostu Nərimanov hakimiyyətdə idi, sözünü eşidirdi. Onlar ikisi də o taydan gəlmiş sadə ailələrin istedadlı övladları idi. Eləcə də inanmış, aldanmış, sinfi və şəxsi hissiyyatları içində doğru yolu qayb etmişlərdən idilər.
20-ci, 30-cu illər Mirzə Cəlilin öz faciəsini, aldandığını dərk etdiyi illərə çevrildi. Bir parça çörəyə möhtac qaldı, yoxsulluq gördü, soyuq qışın ölümünü yaşadı. Övladı kimi sevdiyi jurnalı sovet senzurası tapdayıb yox etdi. Onu jurnaldan qovdular, jurnalın adını dəyişib `Allahsız` qoydular.
Mirzə Cəlil yağ içində böyrək kimi bəslənmiş övladlarının qarındolusu yemədiklərini, odun ala bilmədiyindən evin buz kəsdiyini, uşaqların soyuqdan dərs çalışa bilmədiklərini yaşadı.
Mirzə sevən bir ata idi. Çox sevən. Oğullarını dəlicə sevən bir ata. Mirzə, ata kimi çökdü. Mirzə acizliyini daddı. Gördüyü işin mənasızlığını yaşadı. Əlyazmalarını evi isitmək üçün yandırdı. Hər sətiri üzərində əsdiyi yaradıcılığını balalarının isinməsi üçün ocağa tökdü. O həmin anda elə qəzəbli idi ki... Həmidə xanım bu dəhşətli aksiyanın önünə keçə bilmədi.
Əlbəttə, Mirzə bilirdi, kağız oduna ev isinməz, Mirzə bolşevizmə inamını, keçmişini, puç olmuş ideallarını yandırırdı.
s.a. Azərbaycan oxucusu Mirzə Cəlil haqda iki kəlmə bilir, o böyük ədib idi və s. Əslində öyrənilməli, bilinməli olan Mirzə Cəlilin böyük, çox böyük faciəsidir. İnanıb aldanması, bu aldanışın cəzasını təkcə öz faciəli sonluğu ilə deyil, iki istedadlı oğlunun məhvi, Midhətin 25 yaşda ölümü, Ənvərin yox olması - bu aldanışı nəslinin itməsi ilə ödədi Mirzə Cəlil.
Mirzə özünün də, ölkəsinin də haradan hara yuvarlandığını ömrünün son 10 ilinin hər günü ilə yaşadı.
Bu qədəri Mirzənin yatsa yuxusuna gəlməzdi...
Mirzə Cəlil qədər yolunda aldanmış, xəyalları viran olmuş ikinci bir Azərbaycan ədibi tanımıram.
s.a.a. Mirzə Cəlilin yazıları möhtəşəmdir, amma şəxsi faciəsi daha möhtəşəm bir örnəkdir. Daha möhtəşəm olanı, daha dərs verici olanı öyrənmək və öyrətmək lazımdır.
Mehriban Vezir
TEREF
 

Dünyapress TV

Xəbər lenti