“Əsərlərimi ifa edən müğənnilərin sayı çox deyil. Barmaq sayı qədərdir. Çünki hər zaman müğənniləri seçmişəm. Bəyənmədiyim, xoşuma gəlməyən müğənninin mahnımı oxumağını istəməmişəm. Tələbə vaxtımdan müəllimlərim mənə deyirdilər ki, sən istəyirsənsə əsərlərin keyfiyyətli olsun, başlayanda keyfiyyət axtarmalısan. Sözdə də, ifaçıda da. Ona görə də hər zaman deyirəm ki, mənə yaxşı yox, çox yaxşı müğənni lazımdır. Bəzən mənə deyirlər ki, filankəs yaxşı oxuyur, niyə onunla işləmirsən? Cavab olaraq isə deyirəm ki, mənə yaxşı yox, çox yaxşı oxuyan müğənni lazımdır”
Bunu Moderator.az-a açıqlamasında tanınmış bəstəkar, Xəzər universitetinin professoru Cavanşir Quliyev deyib. O, daha sonra əlavə edib.
“Heç vaxt mahnı yaradıcılığımı buraxmaram. Biraz az, biraz çox amma olacaq. Çünki mən mahnını çox sevirəm. Mahnını geniş dinləyici dinləyir. Ən demokratik musiqi janrıdır mahnı janrı. Tamaşaçısı, dinləyicisi sayca o biri janrlardan daha çoxdur. Yaxşı mahnı çox gözəl bir şeydir. Özüm də sevirəm mahnı dinləməyi. Perspektivdə, planda mahnılar var. İşlər davam edəcək. Özəl olaraq hansısa bir bayrama, tarixi günə əsər yazmağın tərəfdarı olmamışam heç vaxt. Varsa da elə əsərlərim heç bir tarix üçün yazılmayıb. Sadəcə içimdən keçib və yazmışam. Yaradıcılıq elə bir şeydir ki, söz verməklə, planlaşdırmaqla olmur. Olmaya da bilər, əsər yaxşı çıxmaya bilər. Əsas sağlıq olsun” deyə Cavanşir Quliyev deyib.
Cavanşir Quliyev indiki dövrlə o vaxtkı dövrü müqayisə edib.
“O vaxt televiziyalara müğənni təklif edəndə mənə demirdilər ki, gətir baxaq. İndi təklif etsək deyəcəklər ki, gətirin baxaq. O vaxt həmin müğənninin nömrəsini istəyirdilər. Axşam efirlərinə olmasa da, səhər efirlərinə dəvət edirdilər. Bu yollarla çalışdığım müğənnilərinin əksəriyyəti fəaliyyətə başladı. Onların heç biri televiziyanın yollarında qalmadılar, boyunlarını bükmədilər. Çünki onların arxasında bəstəkarları var idi. Kanal o vaxt bəstəkarı dinləyirdi. İndi bəstəkarların əksəriyyəti müğənnilərin əlinə baxır” deyə Cavanşir Quliyev deyib.