Aktyoru “ÖLDÜRƏN”-LƏR: Yaş senzi ilə bağlı rəsmi AÇIQLAMA
Aktyorların yaş həddinə görə teatrlardan uzaqlaşdırılması prosesi artıq bir müddətdir ki, davam edir. Bir çox teatrlarda buna önəm verilməsə də, bir neçə teatrda yazılmayan bu qanun icra edilir. Özü də teatr direktorları tərəfindən.. Sağlam sənətkar teatrdan çıxarılandan sonra xəstəliyə düçar olur. Bəs görəsən yaş həddi ilə bağlı Mədəniyyət Nazirliyi hansısa qərar qəbul edib? Həqiqətənmi qocaman aktyor səhnəyə lazım deyil?! Nəzərə alsaq ki, görkəmli sənətkarımız Ağasadıq Gəraybəyli gözləri görmədiyi halda səhnəyə çıxıb, tamaşa oynayıb.. Dünya teatrlarında da bu kimi halların şahidi olmuşuq.. Əlil arabasında sırf onun üçün yazılmış əsərlə tamaşaçılarını salamlayan sənətkarlardan da xəbərimiz var. Mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik.

Nazirlikdən Moderator.az-a bildirildi ki, bu teatr rəhbərlərinin şəxsi işidir.

“Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti işçinin razılığı ilə işəgötürən tərəfindən uzadıla bilər” deyə bildirilib.

Demək ki, aktyorun teatrda qalması teatr direktorundan asılıdır. Yaşı 65-i keçən sənətkar ya gərək sənətində digər həmkarlarından fərqlənməlidir, ya da dilinin altına qənd qoyub teatr direktoru ilə münasibətini yaxşı etməlidir. Əks halda onu da digər aktyorların aqibəti gözləyir.

Qeyd edək ki, analoji hadisə daha çox Gənc Tamaşaçılar Teatrında yaşanır. Belə ki, bir müddət əvvəl saytımıza açıqlama verən xalq artisti Tariyel Qasımov və aktrisa Məsumə Babayeva teatrdan məcburi şəkildə çıxarıldıqlarını iddia etmişdilər. Teatrın direktoru Naidə İsmayılzadə isə saytımıza açıqlamasında “Məsumə Babayevaya ehtiyac olsaydı o teatrda olardı, evdə yox” deyərək həyatının yarısını teatra həsr edən sənətkara bu gün ehtiyac duyulmadığını bu sözləri ilə isbatlamışdı. O Məsumə Babayeva ki, uzun illər teatrın ağırlığını, bütün repertuarını çiyinlərində daşıyıb.

Xalq artisti Tariyel Qasımov Moderator.az-a açıqlamasında: “Teatrımızın xanım direktoru yəqin fikirləşib ki, birdən Tariyel 5-10 dəqiqə gecikə bilər, mən ona bir söz deyə bilməyəcəm. Özünü qorumaq üçün bu addımı atıb. Mən bir yerə çağırılmamışamsa, bir yerə lazım deyiləmsə o yerə getmərəm” deyə o bildirib.
Ümid edirik ki, teatr direktorları bu məsələdə ciddi düşünüb, götür-qoy edəcəklər. Axı sənətkar səhnədən yola salınmalıdır.
 

Dünyapress TV

Xəbər lenti