Səkkiz il əvvəl aparılmış bir sosioloji tədqiqata görə, bu mahnının sözləri Rusiyada rus və dünya klassiklərinin ən yaxşı şeirləri sırasında 29-cu yerdə gəlib.
...30-cu illərin sonlarında SSRİ Yazıçılar İttifaqının sədri Aleksandr Fadeyevin qapısını üst-başı tökülən, zavallı görkəmli bir qarı döyür. Şeirlər yazdığını, İttifaqa üzv qəbul olunmaq istədiyini deyir. Onların arasında təxminən belə bir dialoq baş verir:
-Sizin kitablarınız, mükafatlarınız varmı?” – deyə Fadeyev soruşur.
Qarı kədərlə başını bulayır:
-Uşaqlar üçün balaca bir şeirlər kitabım çıxıb. Bu, bəs edərmi?!
-Əlbəttə yox.
Bu, artıq Fadeyevin rədd cavabı idi. Qarı köhnə zənbilini götürüb çıxmağa hazırlaşır, çıxhaçıxda çevrilib soruşur:
-Siz «В лесу родилась ёлочка» şeirini eşitmisiniz?
-Bu şeiri eşitməyən var bəyəm?! Onu bütün ölkə oxuyur.
Qarı gülümsünür:
-O şeiri mən yazmışam - Kudaşeva Raisa Adamovna...
(Bu dialoqun Maksim Qorki variantı da var, amma daha mötəbər mənbələr Fadeyev variantına istinad edir).
...Müharibələr, inqilablar tarix kitablarında, adətən bir neçə cümlə ilə, uzaqbaşı bir neçə səhifə ilə təsvir edilir. Onların sadə insanların həyatında doğurduğu dəhşətli nəticələrsə cildlərlə romanlara sığmaz.
Raisa Kudaşeva da belə taleli insanlardan idi.
O, 1878-ci ildə Moskvada məmur ailəsində doğulmuşdu. Ailəsinin maddi vəziyyəti yaxşı idi. Raisa gimnaziya təhsili alırdı. Teatrlarda, ballarda iştirak edir, “А. Р”, “А. Эр”, “Р. К” imzası ilə şeirlər yazırdı.
1902-ci ildə atanın qəfil ölümü onların həyatında hər şeyi dəyişir. İndiyə qədər heç bir qayğı çəkməyən ailə bir parça çörəyə möhtac qalır. Raisa anasını və iki bacısını dolandırmaq üçün mürəbbiyəlik etməyə başlayır. Tale onu gətirib çıxarır 50 yaşlı knyaz Kudaşevin evinə. Knyaz həyat yoldaşını 3 il əvvəl itirmişdi. Bu itkidən hələ də ağır depressiyada idi. Üstəlik, erkən yaşında anadan yetim qalmış körpə oğlu Alyoşanın dərdi...
Raisa uşağın tərbiyəsi ilə məşğul olur. Onun üçün əsl ananı əvəz edir.
Bir gün Milad bayramı ərəfəsində Alyoşa həyəcan keçirməyə başlayır ki, görəsən qonaqlar qarşısında hansı şeiri əzbər oxusa, yaxşı olar. Mürəbbiyəsi ona Puşkindən bir şeir əzbərləyib oxumağı təklif edir. Amma Alyoşa deyir ki, onun oxuyacağı şeir mütləq yolka haqqında olmalıdır. Puşkində isə belə bir şeir yoxdur. Raisa qalır belə ki, uşağın könlünü xoş eləmək üçün ona hansı şeiri tapsın?!
Çox arayır-axtarır ağlına nəsə gəlmir. Axırda balacanı yatırandan sonra özü keçir masa arxasına. Kağız-qələmi qoyur qarşısına, uşaqlığını, Milad xatirələrini, pəncərə qarşısındakı nağılvarı qış axşamlarını, küçə fənərlərinin işığını, qara bürünmüş şam ağaclarını yada salır və beləliklə, 1903-cü ilin bir qış səhərində son yüz ilin ən məşhur şeirlərindən biri doğulur.
Səhər Alyoşa şeirin ilk bəndini ucadan oxumağa başlayanda həyat yoldaşının ölümündən bəri eyni açılmayan knyazın da ilk dəfə üzü gülür.
Bir neçə gündən sonra Raisa şeiri “Малютка” jurnalına göndərir. Şeir jurnal redaktorunun necə xoşuna gəlirsə, artıq mətbəədə çapdan çıxmaq üzrə olan yeni nömrəni saxlatdırır ki, tez bu şeiri də ora daxil edin. Beləliklə, şeir çapdan çıxır.
Bu şeir yazılandan iki il sonra imperiyanın hər yerində artıq aləm bir-birinə qarışmışdı. Axşam evə salamat gəlib çıxmaq böyük hünər sayılırdı. Xüsusən imkanlı adamlar çalışırdılar evdən çölə çıxmasınlar. Belə günlərin birində - yenə Milad ərəfəsində bioloq və həvəskar musiqiçi Leonid Karloviç Bekman arxivindəki “Малютка” jurnalından bu şeiri tapır. Royalın arxasına keçib iki dəqiqənin içində onun melodiyasını yaradır. Leonid Karloviçin həyat yoldaşı məşhur pianoçu və Moskva konservatoriyasının professoru Elena Aleksandrovna idi. Axşam xanımı melodiyanı nota köçürür. Bayram axşamı qonaqlarının qarşısında ilk dəfə mahnını ifa edirlər.
Bununla da «В лесу родилась ёлочка» mahnısı bütün el-aləmə yayılır.
Şeir müəllifi isə bir müddətdən sonra knyaz Kudaşevdən evlilik təklifi alır. Ailə qurub 10 il xoşbəxt yaşayırlar. Amma sonrası faciəvi gəlir. Rusiya birinci dünya müharibəsinə qoşulanda Alyoşa yaşını kağızda bir il artırıb cəbhəyə yollanır. Oğluna görə böyük gərginlik içində olan knyaz bir neçə gündən sonra infarktdan dünyasını dəyişir. Onun ölümündən cəmi bir ay sonra hardasa Prussiya tərəflərdən Alyoşanın da qara xəbəri gəlir.
Sonra da, bolşevik inqilabı, vətəndaş müharibəsi, repressiya dövrü...
Həyat Raisa üçün, demək olar ki, bitmişdi. Bolşeviklər onu knyazın evindən də çıxarıb küçəyə atmışdılar. Sonralar çətinliklə həmin evdə təkpəncərəli kiçik bir otaq əldə edə biləcək və bacısı ilə ömrünün sonuna qədər elə orada yaşayacaqdı. O, rayon kitabxanasında işləyirdi. Səssiz-səmirsiz ömür sürürdü. Knyaz xanımı olduğundan repressiya xofuna görə kimsənin onun varlığından xəbər tutmamasını istəyirdi.
Əgər ac qalmaq qorxusu olmasaydı, yəqin heç Fadeyevin də yanına getməzdi.
Çox güman indi maraqlanırsınız ki, bəs o İttifaqa üzvlük söhbətinin axırı necə oldu?!
Bəli, onu İttifaqa qəbul edirlər. Fadeyev ona maddi kömək göstərmək istəyir. Qonorar almasına şərait yaratmaq üçün çox çalışır. Amma bunun üçün gərək əlində müəllif hüququnu təsdiqləyən sənədin olaydı. Raisada da belə bir sənəd yox idi. Qorxusundan illərlə bu barədə düşünməmişdi.
1941-ci ildə "Gənc nəsil üçün Yeni il şeirləri və mahnıları toplusu"nun tərtibçisi, uşaq yazıçısı Esfir Emden həmin kitab üzərində işləyəndə Raisanı tapır. Yaşlı qadına kömək etmək üçün o, kiçik bir kələyə əl atır. Ona toplunun redaktoru olmağı təklif edir. 1941-ci ildən başlayaraq məlum şeir bütün kitablarda Raisa Kudaşevanın adı göstərilməklə verilir. Qadın qonorar almağa başlayır. Yazıçılar İttifaqının müəyyən imtiyazlarından yararlana bilir. Bu, onu da, bacısını da müharibənin ağır vaxtlarında aclıqdan qoruyur.
Müharibədən sonra isə o, sandığının ağzını açıb bir-birinin ardınca «Ёлка», «Лесовичок», «Петушок» kitablarını nəşr etdirir. Hamısı da böyük maraqla qarşılanır. Fadeyev kiməsə demişdi ki, onun şeirləri o qədər populyardır, belə populyarlığı başqa şairlər heç yuxularında da görə bilməzlər.
Bizim uşaqlığımızın unudulmaz filmi “Elektronikin macəraları” filminin ssenari müəllifi Yevgeni Veltistovun “Огонёк” jurnalında qadından götürdüyü müsahibə dərc olunandan sonra isə Raisa Kudaşevanın şöhrəti bütün ittifaqa yayılır. Onu tez-tez müxtəlif tədbirlərə çağırırdılar. Hər gün onlarla uşaqdan məktub alırdı. Raisa Kudaşeva isə daha çox yaşlanmışdı. Heç gələn məktubların çoxuna cavab verəcək halda da deyildi.
1964-cü ilin 4 noyabrında dünyasını dəyişdi və Moskvadakı Pyatnitskoye qəbiristanlığında torpağa tapşırıldı.
Tarixdə bax belə maraqlı insanlar, laübalı talelər də olub.
Yeri gəlmişkən, o mahnının sonu əslində kədərli tamamlanır.
Bunu hər nə qədər uşaqların bayram sevincinə görə etsələr də, axırda ağacı kəsirlər...
Yadigar Cəfərli
Teref: Xocanın Blogu