18 il gecikmədən sonra təsdiqlənən Baş plan Bakıya nə verəcək?
Azərbaycan paytaxtı Bakı şəhərinin Baş planı təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı dekabrın 30-da qərar imzalayıb. Qərara əsasən, Bakının inkişafına dair bu plan 2040-cı ilədək olan dövrü əhatə etməlidir.

Nazirlər Kabinetindən bildirilib ki, sənədi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə beynəlxalq tenderin qalibi - "AS+P Albert Speer + Partner Gmbh" şirkəti (Almaniya) hazırlayıb. Layihəyə Bakı Dövlət Layihə İnstitutu, həmçinin "Ramboll UK" (Böyük Britaniya) və "EY Advisory" (Fransa) şirkətləri də cəlb edilib.

Bakının ilk Baş planı...
İlk dəfə Bakının Baş planı 1898-ci ildə tərtib olunub. O vaxtdan indiyə kimi isə paytaxtın ümumilikdə dörd baş planı hazırlanıb. Sonuncu 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub. Həmin sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

2007-ci ildən isə "Böyük Bakının regional inkişaf planı"nın hazırlanmasına başlanıb. Həmin layihəyə Dünya Bankı 4 milyon, Azərbaycan hökuməti də 1 milyon dollar kredit ayırıb, hətta tender da keçirilib, amma layihə reallaşdırılmayıb...

Ekspert: "Artıq gecdir"
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, 2040-cı ilə qədər uzun müddət var, amma bu gün mövcud Bakının Baş planının hazırlanması artıq gecdir: "Bakının sonuncu Baş planı 1986-cı ildə hazırlanıb və 19 illik olub. Amma bu illər ərzində çox proseslər baş verdi – Ermənistandan məcburi köçkün düşən 100 minlərlə insan Azərbaycana və ən böyük hissəsi Bakıya axışdı. SSRİ dağıldı, işsizlik yarandı və bölgələrdən paytaxta kütləvi axın oldu. Daha sonra Birinci Qarabağ müharibəsi səbəbindən Bakıya kütləvi köç başladı və burada sürətli tikintilər getdi".

"Artıq Bakı o qədər yüklənib ki..."
Ekspertin sözlərinə görə, artıq Bakı o qədər yüklənib ki, hər hansı yeni şəhər planı hazırlanırsa, onun reallaşması üçün kütləvi söküntülər getməlidir: "Bu isə büdcəyə milyardlar hesabına başa gələr. Bu gün Bakıda sökülməli olan çox sayda çoxmənzilli köhnə binalar var. Bu binaların ara məsafəsi onların hündürlüyünə və yaşayan sakinlərin sayına uyğun hesablanıb. Amma sökülən bu binaların hər birinin yerinə yeni binalar tikiləndə artıq ara məsafəsi, digər infrastruktur nəzərə alına bilmir".

Fərzəliyev qeyd edir ki, Bakının Baş planı ilə bağlı mediada dəfələrlə xəbərlər getsə də, ictimaiyyətə heç bir sənəd təqdim olunmayıb: "Zamanla Baş plan Bakının müxtəlif rayonları üzrə hazırlanmalı idi ki, o rayonlarda hər hansı tikinti işləri aparılarsa, bu plana uyğun olsun, bununla da bugünkü problemlər ortaya çıxmasın. Bu problemlərdən biri də tıxacdır və onun səbəbi Baş planın olmamasıdır".
 

Dünyapress TV

Xəbər lenti