Ukrayna 1917-ci ildən bəri ilk dəfə Milad bayramını Rusiyanın qeyd etdiyi 7 yanvar tarixində deyil, dekabrın 25-də qeyd edir.
Bayram tarixinin dəyişdirilməsi Ukraynanı Rusiyadan uzaqlaşdıran növbəti mədəni dəyişikliyi əks etdirir.
Həm Rusiya, həm də Qərb Qriqorian təqvimindən istifadə etsə də, Rusiya bəzi dini tədbirlərdə hələ də Yulian təqviminə istinad edir. Kyivin bu keçidi onun Avropa ilə uzlaşmaq üçün davamlı səylərinin göstəricisidir.
Dekabrın 23-də gündəlik müraciətində Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Milad bayramının bitməsinə bir həftə qalmış Ukrayna güclü olaraq qalır. O, cümə günü cənub cəbhəsində Rusiyanın üç Su-34 qırıcı-bombardmançı təyyarəsinin vurulmasını misal çəkərək, bunu Ukraynanın Rusiyanın işğalına qarşı 22 aydır davam edən müharibəsində uğur kimi qiymətləndirib.
"Bu həftə hava hücumundan müdafiə sistemimizin gücləndirilməsinin effektivliyini bir daha nümayiş etdirdi. Bu, təkcə şəhərləri və kəndləri Rusiyanın pilotsuz təyyarələri və raketlərindən qorumaq üçün deyil, həm də cəbhə xəttindəki əməliyyatlar üçündür", - o deyib və əlavə edib ki, "rus qırıcısını vurmaq qabiliyyəti bu müharibəni ədalətli şəkildə bitirmək üçün açarlardan biridir”.
Rus pilotların və ekipaj üzvlərinin taleyi haqda dərham məlumat verilməyib. Rusiya ordusu hadisə ilə bağlı heç bir açıqlama verməyib.