“Xankəndinə getdiyimə görə onun da ruhu şaddır, bütün sevincimi onunla bölüşürəm”-FOTO+ÖZƏL
“Xankəndi haqda danışmaq üçün uzaq-uzaq geriyə qayıtmaq lazımdır. Çox uzaqlara.. 55-56 il öncəyə. Son dəfə burada olduğum zamana. 12-14 yaşıma. Ən-ənəvi olaraq hər yay gəlib kəndimiz Həsənabadda dincələrdik. Həsənabadda yaşayırdıq, amma doğum evi Xankəndində olduğu üçün mən elə mərkəzdə dünyaya gəlmişəm. Bakıya köçsək də hər yay gəlib-gedirdik. Bacımgili o kənddə qalırdılar, yaşayırdılar. 14 yaşımdan sonra gərgin məktəb həyatı başladı, dərslərim çoxaldı, oxumaq lazım idi. Ondan sonra Xankəndinə gedə bilmədim. Sonra isə bu hadisələr baş verdi”
 
 
 
Bunu Moderator.az -a özəl açıqlamasında xalq artisti Fəxrəddin Manafov deyib. Aktyor bildirib ki, sabah Xankəndi stadionunda olacaq.                                                                                                                                                         
“Mən Şuşada olmuşdum. Həyəcan yalnız Xankəndinə getmək və futbol oyununa baxmaq deyil. Həqiqətən də həyəcan bizi tərk etmir, buraxmır. Çox həyəcanlıyıq. Füzulidən avtobusla gəlib Xankəndinin yanından keçib Şuşaya qalxdıq. Xankəndinə sabah gedəcəyik. Bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən yolboyu, Füzulidən bura gələnə qədər düşünürdüm ki, bu torpaqlar bizim torpaqlardır. Biz fiziki olaraq o torpaqlarda deyildik, ruhən isə orada idik. Hər bir azərbaycanlı burada idi. Yolboyu gözümün qabağına olmadığım, amma eşitdiyim o döyüşlər gəlirdi. Şəhidlər gəlirdi. Füzulidə qalmış o xarabalıqlara gedib baxdım. Mən başa düşdüm ki, bu böyük bir tarixdir, böyük bir andır. Bunun başında əlbəttə ki, bizim Ali Baş Komandanımız, cənab prezidentimiz dayanmalı idi. Biz düşünürdük, bilirdik ki, torpaqlarımız nə vaxtsa bizə qayıdacaq” deyə sənətkar bildirib.
 
Fəxrəddin Manafov bildirib ki, ilk dəfə olaraq oyunda qalib gəlib-gəlməməkləri önəm daşımır.
 
“Sabah Xankəndi stadionunda Qurban qardaşım başda olmaqla sevimli “Qarabağ”- MOİK matçı baş tutacaq. Bunlar hamısı əlbəttə ki, çox gözəldir. Amma bir şeyi bilirəm ki, baxacağım o futbol oyununda başqa həyəcanlar keçirəcəyəm. Mənim üçün orada fərq olmayacaq ki, kim qalib gələcək, kim məğlub olacaq?! Biz artıq qalib gəlmişik. Bilirəm ki, stadionda olub oyunu izləyəcəm, amma fikrim-zikrim 55 il öncə uzun-uzun illərdən əvvəldə olacaq. Bu hissləri sözlə ifadə etmək mümkün deyil” deyə aktyor bildirib.
 
Xalq artisti məhəllələrindən də danışıb.
 
“Əlbəttə ki, yadımda qalan bəzi şeylər var. İnanmıram ki, daha çoxunu yadıma salım. Bir şeyi bilirəm ki, Həsənabad kəndimizi görsəm hər şeyi xatırlayacam. Bu günlərdə mənə bir video göstərdilər. Mən uşaqlıqda o kəndi necə qoyub getmişdimsə, heç bir dəyişiklik yox idi. Həmin meydan, həmin küçə idi. Bu torpaq öz yiyəsini tanıyır. Biz çox xoşbəxtik. Xoşbəxtliyi bizə cənab prezident, ordumuz yaşatdı. Mən hara gedirəmsə, nə edirsəmsə sevincimi ömür-gün yoldaşım Vahidə xanımla bölüşürəm. O gözümün qarşısındadır. 48 il biz bir yerdə olmuşuq. Əlbəttə ki, o da sevincini mənimlə bölüşə bilsəydi sevincimin həddi-hüdudu olmazdı. Amma nə edə bilərik? Ruhu yəqin ki, şaddır, mənə görə sevinir. Bir mənə görə deyil, bütün Azərbaycana görə sevinir” deyə xalq artisti bildirib.

Dünyapress TV

Xəbər lenti