“Mikayıl Müşfiqin bacısı Balacaxanım xala atamla mənim qucağımda rəhmətə getdi. Mən o vaxt 8-ci sinifdə oxuyurdum. Can verirdi, Mikayıl Müşfiqin bizdə şəkili yox idi. Plastinkası var idi, üstündə də Müşfiqin şəkili. Gətirib həmin plastinkanı qoyduq Müşfiqin bacısının sinəsinə. Sonra anam dedi ki, bəlkə gedib Dilbər xanımı götürəsiniz? Gecə ilə gedib Dilbər xanımla qızı Leyla xanımı gətirib gəldik. Onları görəndən sonra can verib, gözlərini bu dünyaya əbədi yumdu. O rəhmətə gedəndən sonra evimizə Müşfiqin 6-7 cild kitablarını, bir də vəsait gətirdilər. Atam kitabları götürdü, qonorarı qaytardı. Hətta evi də qalmışdı, təklif etdi, amma atam götürmədi”
Bunu Moderator.az-a açıqlamasında sevgi şairi Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunis Dağlının qızı Reyhanə İsmayılzadə deyib. O daha sonra Mikayıl Müşfiqin Bakıda ev muzeyinin yaradılması ilə bağlı arzusunu dilə gətirib.
“Mikayıl Müşfiqin ev muzeyini mənim anam yaratmışdı. Öz təşəbbüsü idi. Müşfiqdən bizə bircə onun kitab dolabı yadigar qalıb. İndiyə qədər o dolabı qoruyub saxlamışıq. Müşfiq varisləri kimi biz rəsmi tanınmırıq. Bizi Müşfiqsevərlər tanıyır. Biz varislər digər şairlərin varisləri ilə tez-tez görüşürük. Onların yaxınları həmin muzeyləri idarə edirlər. Bir qohum onun haqda eşitdiklərini daha gözəl çatdıra bilər. Bakıda ev muzeyinin yaradılmasını istəyirik. Bizim ata-baba yurdumuz atam Yunis Dağlının adına verilmiş küçədir. El arasında “Sovetski” deyilən ərazidə.. Ora da sökülür, sakinləri köçürürlər. Dəfələrlə gəldilər, biz yeri göstərdik də. Hətta qara mərmərdə yazıb qoyduq ki, Mikayıl Müşfiq bu küçədə anadan olub. Arzu edərdim ki, ev muzeyi yaradılsın. Bunu ürəkdən arzulayıram. Ümid edirəm ki, aidiyyatı qurumlar bu məsələdə biz varislərin səsinə səs verəcək, arzumuzu həyata keçirəcəklər. Xızıdakı xatirə muzeyi qəzalı vəziyyətdədir. Artıq ora keçib getmək olmur” deyə şairin qohumu bildirib.