Azərbaycan Yazıçılar Birliyinin (AYB) 21 üzvünə yeni mənzillər paylanıb. Adları siyahıda olmayan tanınmış yazıçı və şairlərin bir qrupu sosial şəbəkələrdə paylaşımlar edərək etirazlarını ifadə ediblər. Əsas iradlardan biri mənzillərin haqqı və ehtiyacı olanlara deyil, AYB rəhbərliyinə yaxın şəxslərə verilməsidir.
Tərcüməçi Sevil Gültən “Facebook” səhifəsində ev alanların bir qrupunun adlarını paylaşıb.
“AzPolitika.info” onun qeydlərini təqdim edir:
1. Xanəmir - ikinci dəfədir AYB-dən ev alır (ola bilər birinci dəfə pul alıb).
2. Dəyanət Osmanlı – o da ikinci dəfə ev alır. Yazdıqları zibillik üçün yaxşı materialdır.
3. Narıngül Nadir, demirəm pis insandır, pis yazıçıdır. Amma Allaha and olsun, ən azı iki evi var.
4. Şəfəq Sahib - onun da iki evi var.
5. Arifə Əliyeva – yüz ildir AYB-də kadrlar şöbəsinin rəhbəridir, üçüncü dəfədir dövlətdən ev qamarladığı…
6. Şəmsiyyə Camalava - adicə kompüter operatorudur (düzdür, sənədə əsasən AYB tərcümə mərkəzinin işçisidir), ədəbiyyata dəxli yoxdur, amma AYB üzvüdür, bir illik Prezident təqaüdü də alıb.
7. Ulucay Akif - evi var, nənəsi bağışlayıb, subaydır. Taleh Mansur iki uşaqla kirayədə qalır, o yada düşmür ev veriləndə, Ulucay Anarı qəşəng söydüyü üçün onun adını siyahıya yazırlar.
8. Güləmayıl - başqalarının şeirlərini oğurlayıb AYB-yə üzv olub, özünə iş tapıb orda. Evi də var, bağ evi də…
9. Elxan Zal - ola bilməz, onun evi olmasın…
10. Firuz Mustafa - onun da evi var.
11. Rauf Aslanov - Anarın müşaviri. Ən azı 3-4 evi, bağ evi var.
12. Anarın sürücüsü.
Qarğışımı təkrar edirəm: Evi ola-ola dövlətdən ev alanlar, heç o evdə salamat yaşamasın! Əzizlərinin meyidi gətirilsin o təzə evə! Həmin şəxsləri o siyahıya yazanlar heç Yeni ilə çıxmasın! Ev almağa haqqı olan bir neçə nəfərin adını yazmadım, halal xoşları olsun”.
Qeyd edək ki, AYB rəhbərliyi və ev alan qələm sahibləri hələ ki, ittihamlara reaksiya verməyiblər.