Rusiyanın paytaxtı Moskvada qeydə alınan koronavirusun "Pirola" ştamına yoluxma halları xarici mənşəlidir.
Bunu "Rospotrebnadzor"un rəhbəri Anna Popova bildirib.
O qeyd edib ki, ümumilikdə 3 yoluxma faktının hamısı Türkiyədən daxil olub.
Bir müddət əvvəl ÜST pandemiya vəziyyətini ləğv edib.
Qeyd edək ki, koronavirusun "Omikron" variantının daha çox mutasiyaya uğramış, daha sürətli ötürülmə riski olan və peyvənddən yayınma ehtimalı olan növü "Pirola" variantı adlanır.
BA.2.86 da adlandırılan "Pirola" virusu, simptomlarının şiddət dərəcəsi hələ məlum olmasa da, həm "Omikron" variantının simptomlarına malik olduğu, həm də "Omikron" simptomlarından fərqləndiyi üçün seçilir.
Qızdırma, öskürək, zəiflik və bədən ağrıları koronavirusun "Pirola" variantının ən çox görülən simptomlarıdır. "Pirola" variantından qorunmağın yollarına insanların sıx olduğu yerlərdə maska taxmaq, şəxsi gigiyenaya diqqət yetirmək və immuniteti güclü saxlamağa çalışmaq daxildir.
Bildirək ki, Azərbaycan vətəndaşlarının ən çox səfər etdikləri ölkələrdən biri də Türkiyədir. Vətəndaşlarımızın "Pirola" virusuna yoluxma ehtimalı varmı?
Həkim-terapevt Rasif Bağırov Cebhe.info-ya bildirdi ki, “korona”nın bir neçə variantı var və istər "Pirola", istərsə də "Omikron" variantı olsun, onlar orqanizmə düşdükdə hər zaman ciddi fəsadlar törədir:
"Adi xəstəliklərdən fərqli olaraq onlar qısa zamanda müalicə olunmurlar. Onu normal qaydada müalicə etdikdə tez zamanda müvəffəqiyyət əldə etmək olur. Ancaq bu, koronavirus kimi qısa zamanda ölüm təhlükəsi yaratmaq təhlükəsi yoxdur.
Sadəcə xəstəliyin uzun müddət davam etməsi baş verir. Adətən uzun müddət davam edəndə başa düşülür ki, bu “korona”nın hansısa variantıdır. Uyğun müalicə üsulu tətbiq etdikdə xəstələr sağalır, yəni problem yaranmır.
İndi də xəstə gəlir və onu müayinə etdikdə “korona” xəstəlikləri aşkar olunur. Yəni xəstəliklər, ümumi COVID-19-u yoxladıqda analizlər onu göstərir. Hansı variantı olduğunu isə biz xəstəliyin kliniki gedişindən aşkar edirik".
Həkimin sözlərinə görə, təbii ki, ölkələr arasında əlaqə olduqda insanlar onu yaya bilərlər:
"“Korona” variantları arasında ən güclü, tez keçici variantı olan "Omikron" ştamı idi. Onlar da mutasiyaya uğrayanda müəyyən xüsusiyyətlərini itirirlər, yaxud yeni xüsusiyyət qazanırlar. Haradasa onları müəyyən müddət müşahidə altında tutduqda, tətqiq etdikdə müəyyən olunur ki, hansı xüsusiyyətlərə malikdir.
Bu viruslar mikrobdur və milliyyətinə baxmır. Azərbaycandan həmin virusun olduğu ölkəyə gedən olduqda ona da keçir. Mikrobun qarşısında heç kim dayana bilmir və o keçməlidir.
Sadəcə həmin mikrobla davranış qaydalarını həkimlər lazımi səviyyədə həyata keçirməlidirlər ki, çox geniş yayılmasın və tez bir zamanda da yox olsun".