Qaraqoyunlu və Ağqoyunlularda tayfa ittifaqları
Qaraqoyunlu və Ağqoyunlu tayfa ittifaqları əsas – kök – tayfa ilə yanaşı bir neçə halqadan ibarət ittifaq tayfalarından təşəkkül tapmışdı.
Qaraqoyunlularda hakim tayfa Baranlı və ya Barani tayfası idi, Ağqoyunlularda isə Bayındır tayfası idi
Qaraqoyunlu dövlətində ikinci halqada 2 tayfa vardı. Faruk Semere görə, bunlar Saadlu və Baharlı tayfaları idi.
Ağqoyunlularda isə ikinci halqada Pürnak və Mosullu tayfaları yer alırdı (Woods, 1993: 338,340).
İkinci halqanı təşkil edən tayfalar qohumluq və ailə bağları ilə yanaşı iqtisadi, ictimai və hərbi əhəmiyyətləri səbəbi ilə mərkəz tayfanın ətrafında yer alır və dövlətin əsasını təşkil edən tayfalardan hesab olunurdu. 2-ci halqadan olan bəzi tayfa nümayəndələri dövlətin ali postlarına təyin olunur, əmir əl-üməra, ordu əmiri və lələlər ola bilirdi.
3-cü halqa tayfaları Qaraqoyunluda Ağaçəri, Alpout, Cəgirli, Duharlu və Bayramlı tayfaları idi.
Ağqoyunlularda isə Biçan (Bican), Hacılı, Əfşar, Bayat və Qacar tayfaları idi.
Bu tayfalar hər iki dövlətdə güc və dövlətdə təmsil baxımından ikinci halqadan sonrakı yerlərdə dayanırdı. Ancaq bəzi dövrlərdə 3-cü halqadan çıxan şəxsiyyətlər də dövlətdə mühüm postlara yüksələ bilib.
Məsələn, Qara Məhəmmədin bacısının Ağaçəri tayfasının başçısı ilə evlənməsi və ya Ağqoyunlu Sultan Yaqubun Bican oğlu Süleymanın qızı ilə evlənməsi buna sübut kimi qəbul olunur. Bican oğlu Süleyman həmçinin Yaqubun lələsi olub.
Qaraqoyunlu ittifaqında Qaramanlı, Ayinli, Hacılı, Dögər oymaqları və həmçinin Süleymani, Mahmudi kimi tayfalar 4-cü halqada yer alırdı.
Ağqoyunlularda isə Ərəbgirli, Duharlu, Ağamlı, Bozdoğan, Çepni, İnanlu kimi oymaqlar 4-cü halqada yer alırdı.
Ancaq 4-cü halqa dövlət içərisində ən az təsiri olan tayfalar hesab olunurdu. Faruk Sümer Qaraqoyunlu tayfa ittifaqında 12 oymağın yer aldığını, bununla yanaşı 3 kürd qrupunun da ittifaqa daxil edildiyini yazır.
Ağqoyunlu tayfa ittifaqında isə tayfa və oymaqların sayı 40-dan çoxdur. Bunların bir qismi sonradan Qaraqoyunlu tayfa ittifaqından olan tayfalar olduğu üçün mütəxəssislər Ağqoyunlu tayfa ittifaqını bir neçə mərhələdə qeyd edir. Birincisi dövlət qurulana qədər olan dövr, ikincisi isə dövlət qurulduqdan sonrakı dövr.
Məsələn, Baharlı tayfası Qaraqoyunlu ittifaqında yer alıb, daha sonra isə Ağqoyunlularla ittifaqa daxil olub və dövlətdə mühüm yerə sahib olub.
Kənan Rövşənoğlu
Teref.az
 

Dünyapress TV

Xəbər lenti