“Xoşbəxtlik burnumuzun ucunda olur, onu bəzən görmürük”
“Xoşbəxt yaşamaq üçün çox böyük şeylərin arxasınca düşməyə ehtiyac yoxdur. Gün ərzində bir mənalı iş görə bilsən, o səni xoşbəxt edə bilir. Çox zaman xoşbəxtlik burnumuzun ucunda olur, biz onu görmürük. O bizi çağırır, biz onu eşitmirik. O bizlə danışmaq istəyir, biz ona vaxt ayırmırıq. O bəlkə də bizi bir mərtəbə yuxarıda gözləyir, biz liftdən tez düşürük. O bizi sağda gözləyir, biz sola dönürük. Ona görə də xoşbəxtliyimiz çox uzaqlarda deyil, əlimizin altındadır, burnumuzun ucundadır, qulağımızın dibindədir. Sadəcə onu görmək lazımdır. Baxmaqla görmək arasında çox böyük fərq var”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist, sevilən aktrisa Dilarə Əliyeva deyib. Sənətçi uzun illər həm aparıcı, həm də serial və teatrda aktrisa olaraq çalışıb. Aktrisa teatr fəaliyyətinin ona digər sahələrdə cığır açdığını bildirib.

“Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrında aktrisa kimi fəaliyyət göstərmişəm. Teatr bir aktyorun, aktrisanın formalaşmasında əvəzsiz rol oynayır. Səhnədə, teatrda olmaq insanı formalaşdırır. Qəribə bir yükləyir, səni iş texnikası ilə tanış edir. Səhnədə qazandığın təcrübəni sən həm kinoya, həm də efirə daşıya bilirsən. Teatr, aparıcılıq və serial çəkilişlərinin illər uzunu hər birinin öhdəsindən gəlmişəm. Bir müddət serial çəkilişlərinə başlayanda aparıcılıqdan ayrıldım. İndi hər ikisini birlikdə edə bilirəm” deyə aktrisa bildirib.

Dilarə Əliyeva həyat yoldaşı, mərhum prodüsser Oqtay Əliyevdən də danışıb.

“Həm biz ailəsi, həm də valideynləri üçün çox çətindir. Hər gün səhər saat 7, uzaq başı 8-in yarısı hər səhər Elmira xanımla zəngləşib danışırıq. O məni yığır, mən onu yığıram. Oqtay anasına çox bənzəyirdi. Bir də görürsən nəsə bir işi görəndə Elmira xanıma zəng edirəm. Elə hiss edirəm ki, Oqtayla danışıram, onunla bölüşürəm. Eynən Oqtayın reaksiyalarını görürəm” deyə sənətçi bildirib.
 

Dünyapress TV

Xəbər lenti