Teref.az Kulis.az-a istinadən Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova haqqında maraqlı faktları təqdim edir.
Ruhəngiz Nağı qızı Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub.
***
Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır. Yaradıcılığında “Quyu” tamaşasının musiqisi, “Qızıl oğlan” musiqili nağılı xüsusi yer tutur. O, “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olarsa” və bir çox pyeslərin müəllifidir. Filmoqrafiyasında 50-ə yaxın film vardır.
“Qonşu qonşu olarsa” tamaşasının çəkilişləri zamanı Ruhəngiz xanım rekvizitlərin çoxunu evindən gətirib. O, müsahibələrinin birində bu barədə deyir:
“Tamaşada masada yeyilən borşu mən bişirmişəm, evdən kotlet də gətirmişəm. Divardan asılan saatı, yapon qızlarının şəkli olan təqvimi, tamaşada iştirak edən aktrisa Səidə Quliyevanın əynindəki yapon xalatını da mən gətirmişdim”.
Bəstəkarın atası 54 yaşında dünyasını dəyişib. Atası vəfat edən zaman Ruhəngiz xanımın iyirmi yaşı olub. O, həmin günləri xatırlayarkən deyir:
“Bəlkə də, Qaqarin kosmosa uçmasaydı biz dərd içində boğulardıq. Neyçün? Aprelin 8-də mənim atam 54 yaşında dünyasını dəyişdi. Atamın yeddisini verməyə hazırlaşırdıq, xəbər gəldi ki, Qaqarin kosmosa uçub. Süni peyklərin orbitə getməsindən, Laykanın uçmasından xəbərimiz vardı deyə, insanın uçmağı da gözlənilən idi. Əlbəttə, bu, çox möhtəşəm idi. Ondan sonra Tereşkova, Nikolayev, Titov uçmuşdu. Artıq biz sovet vətəndaşlarının kosmosa uçmağını adi şey kimi qəbul edirdik”.
Ruhəngiz Qasımova 75 yaşında Yazıçılar Birliyinə üzv olub. Özünüzü daha çox bəstəkar, yoxsa yazıçı hesab edirsiniz sualına isə bəstəkar belə cavab verib:
“Musiqi bəstələyəndən sonra yazı masama hücum çəkirəm. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm.
Fikrət Qoca zəng edib təzə mahnı mətnlərini deyirdi. Bizim iş prinsipimiz çox orijinal idi. O bilirdi ki, mən makinadan çıxan mətnlə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o diktə eləsin, mən əllə yazım. Hər gün mütaliə edirəm. İyirmi ildir “Soverşenno sekretno”, “Sobesednik” və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord eləyəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdirlər. Nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm. Mən “azartnı” adamam. Riskə getməyi xoşlayıram. Xaricdə olanda mütləq kazinoya gedirəm və uduram da. Əlim gətirir. Belə oyunları oynayanda adamın içindən adrenalin çıxır.
***
Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın həyat yoldaşı Vasif Süleymanov 16 dekabr 2021-ci ildə vəfat edib.
Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Ruhəngiz xanımın vəfatı ilə bağlı danışarkən onun Honq-Konqda yaşayan qızının yanında vəfat etdiyini deyib:
“Təxminən, 20 gün öncə qızının yanına – Honq-Konqa getmişdi. İndi bilmirəm Honq-Konqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq bilirəm ki, Azərbaycanda deyil. Bilmirəm, orda dəfn olunacaq ya burda. Çünki yolun xərci çoxdur. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki! Ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar”.
***
Bəstəkar özü haqqında belə deyirdi:
“Mən Bakıda doğulmuşam, burda böyüyüb, buranı havasını udmuşam. Honq-Konqa qızımın yanına gedəndə, darıxıram. Çünki orada heç kim məni telefonla axtarmır. Amma burda üç mobil telefonum, iki ev telefonum var. Hər gün o telefonlardan mənə zənglər gəlir. Nə zaman, o zənglər sussa, deməli onda mən də olmayacam”.
Məqaləyə dair fotomateriallar: