“Dərd də etmirdim ki, məni filmdə çəkəcəklər ya yox?”
“ “Kişi sözü” filmindəki obrazıma bu gün də baxa bilmirəm. Həm filmdə ilk debütümdür, həm də səsləndirməni özüm etmişəm. O qədər gənc və təcrübəsiz idim ki, bilmirdim necə səsləndirəcəyəm. Çünki film çəkilib, üstündən neçə ay keçib, yenidən o hissləri yaşamaq mənim üçün çox çətin idi. Gənc və səriştəsiz idim. O filmdə özümü bəyənmirəm. O dövrdə həm foto, həm də kino probalar olurdu. Bu obraza hələ həmin gün 7-8 xanım gəlmişdi. İnanmırdım ki, məni seçəcəklər. Universitetin 2-ci kursunda oxuyurdum. Dərd də etmirdim ki, məni filmdə çəkəcəklər yoxsa yox?!”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram teatrının aparıcı aktrisası, əməkdar artist Sənubər İsgəndərli deyib.

“Teatrda özümü doğrultduğum kimi filmlərdə özümü doğrulda bilmədim. 1980-ci illərin sonu mənim gənclik illərimə düşdü. O vaxt 1-2 filmdə çəkildim. 1990-ci illər kinostudiyanın durğunluq illərinə düşdü. Bu illər daha çox dalğa kimi gəlib-getdi. Bu gün daha çox seriallar çəkilir. Bir də filmlərimizdə qadın obrazları çox azdır. Əvvəldən də kinomuzda qadın obrazları az olub. 1990-ci ildə “Şahid qız” filmində baş rolda çəkiləndə kinostudiyada deyirdilər ki, nəhayət ki, sırf bir qadının üzərində film çəkildi” deyə sənətkar bildirib.

Aktrisa gənclərə hər zaman dəstək olduğunu bildirib.

“Gənclərə hər zaman məsləhətlərimi, tövsiyyələrimi verirəm. Məndən məsləhət almaq istəyən, məni dinləmək istəyənlər çoxdur. Zəng edirlər, mesaj yazıb məsləhət alırlar, yaxud da çəkildiyim serialda gənclər tez-tez yaxınlaşırlar. Yaxud da bilirəm ki, bu insan həqiqətən də öyrənmək istəyir, özüm yaxınlaşıb məsləhətlərimi verirəm. Bu belə olmalıdır” deyə sənətkar bildirib.

Dünyapress TV

Xəbər lenti