“Saqqal saxlayırlar, efirə eynəklə çıxırlar...
“Sənət adamı yerində dayanmamalıdır. Hər zaman inkişafda olmalıdır, irəliyə doğru getməlidir. Hər bir insan öz yerində olanda gözəldir. Bizim sahəmiz hər zaman göz önündədir. Zorla nəyisə etmək mümkün deyil. Son illər bu sənətə çox axın var. Xüsusilə də muğam sahəsinə. Ağlı kəsən də, kəsməyən də uşağının əlindən tutub, bu sənətə gətirir. Ustadım Arif Babayev elələrinə deyirdi ki, ay bala, səndən yaxşı dərzi, müəllim, tibb bacısı olar. İnsan sevdiyi peşədə uğur qazana bilər. Hamıya layiq olduğu yerdə uğur qazanmağı arzulayıram”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülüstan Əliyeva deyib. Sənətkar son illərin səhnə dəbini bəyənmədiyini bildirib.

“Son zamanlar yəqin ki, dünya trendidir saqqal saxlamaq. Efirə gözlərində eynək, saqqalla çıxırlar. Çıx sənət göstər də. Məmmədhüseyn Şəhriyar deyib ki, kişi gərək başına papaq qoyanda, papaq gərək ona yaraşsın. Vizual görkəmlə yox, sənətinizlə gündəmə gəlin. Sənətçi səhnədəyə dayanıb oxuyana qədər tamaşaçılar onun vizual görkəminə baxırlar. O oxuyandan sonra görkəmi ikinci plana keçir, səsi, sənəti görünür. Hər bir səhnəyə çıxan insan özünə çəki-düzən verməlidir” deyə sənətkar bildirib.

Gülüstan Əliyeva həmkarı, xalq artisti Mənsum İbrahimovdan da danışıb.

“Mənsum İbrahimov mənim səhnədə ilk Məcnunum olub. Əlbəttə ki, ilk dəfə üçün həyəcanlı idim. Görüş səhnəsində əllərimdən yapışdı, dedi ki, qorxma, hər şey yaxşıdır. O dövrdən artıq 28 il keçib. Bizim dostluğumuz, səhnə bölüşməyimiz davam edir” deyə əməkdar artist deyib.

Əməkdar artist mərhum həyat yoldaşından da danışıb.

“Elə günlər, anlar var ki, onlar bir ömrə bədəldir, bərabərdir. Nə qədər xoşbəxt görünsən də, hər şey yerindəymiş kimi görünsə də, o boşluq heç vaxt dolmur. Onu heç kim doldura bilmir. O ki, qalsın ki, o şəhid, qəhrəman ola. Heç mənim həyat yoldaşım olmasa belə, bu cür insanlar heç vaxt unudulmur, yerləri dolmur, yadımızdan çıxmır. Bu mənim alın yazımdır” deyə sənətkar bildirib.
 

Dünyapress TV

Xəbər lenti