Osmanlı arxivlərində saxlanılan bu məktub İbrahimxəlil xan tərəfindən Çar Rusiyasına qarşı silahlı mübarizə aparmaq üçün hərbi yardım tələbi ilə hicri-qəməri təqvimlə 1204, miladi təqvimlə 1790-cı ildə Osmanlı padşahına yazılıb. Məktubda açıq qeyd edilir ki, Osmanlı dövləti hərbi yardım göstərmədiyi təqdirdə Xanlıq Moskva ilə sülh bağlamağa və tabe olmağa məcbur qalacaq. Aşağıda məktubun bir hissəsini transliterasiya edərək yerləşdirirəm: “Şövkətlü, kəramətlü, məhabətlü, qüdrətlü, vəliyyi-nemətim, əfəndim, padişahım! Şuşa və Qarabağ xanı Xəlil İbrahim Xan hələ Ərzurum valisi Abdulla Paşa qulları tərəfindən göndərilən məktuba cavab olaraq müşarun-ileyhə göndərdiyi məktubunda səfəri-hümayun zühurundan bəri xani-müma-ileyhi bil-cümlə Dağıstan əsakiriylə gərək Tiflis xanı və gərək Musquluya (Moskva) isali-xisərü-ziyan etməkdə bir türlü qüsur etməyib. Ancaq ibtidayi-səfərdən bəri tərəfi-Dövləti-Aliyədən ol tərəflərə əsakir irsaliylə kəndüyə i`anət olunmadığından ziri-hökümətində olan bəzi xanan, Musquya təbəiyyət etmələriylə bu sənəyi-mübarəkə də dəxi əgər Dövləti-Aliyə tərəfindən əsakir ilə kəndüyə imdad olunmazsa biz-zərur Musquvalı ilə musaləhəyə məcbur olacağını bəyan etməklə …” Göründüyü kimi, bəzilərinin iddia etdiyi kimi Qarabağ xanlığı Rusiya çarlığına mübarizəsiz təslim olmamış, əksinə Rusiya ilə apardığı müharibələrdə Osmanlı Dövlətinə maddi və canlı qüvvə ilə dəstək nümayiş etdirmişdir. Məktubdan aydın olur ki, İbrahimxəlil Xan Moskvaya tabe olmamaq və mübarizə aparmaq üçün hərbi yardım göstərilməsinin zəruri olduğunu qeyd edir… Məktubda Şuşa şəhərinin yazılışı da diqqətləri çəkir. Bir daha aydın və sübut olur ki, tarixi qaynaqlarda şəhərin adı “Şuşi” deyil, “Şuşa” (شوشى) kimi yazılırdı. “Şuşi” isə ermənilərin sonradan qondardığı deyiliş formasıdır… Elnur Mustafayev AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu “Din və ictimai fikir şöbəsinin müdiri