“Heç bir plastik əməliyyat etdirməmişəm. Amma bir etiraf edim. “Nizami” filmində çəkilirdim. Moskvada idim. Bir dəfə rəfiqəm dedi ki, burada kosmetoloji mərkəz var. Rəhmətlik anam həmişə deyirdi ki, sən burnunda mütləq əməliyyat etdirməlisən. Anamın bu sözü məndə kompleks yaratmışdı. Məndən soruşdular ki, nə istəyirsən? Dedim ki, burnumu əməliyyat etdirmək istəyirəm. Səbəbini soruşdular. Dedim ki, o mənə mane olur. Aktrisa olduğumu biləndə dedilər ki, get filmlərə çəkil. Nə vaxt səni filmlərə çəkməsələr, gələrsən əməliyyat edərik. O vaxtdan mən plastik əməliyyat etdirməyə qorxdum. Mənə elə gəlir ki, o şey ki, Allahdan gəlib, sənə xüsusi şarm verirsə niyə ondan imtina etməlisən?”
DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova deyib.
“Mən rahatlığı işdə, çəkilişdə tapıram. Televiziya kameraları mənim üçün doğmadır. 30 il işləmişəm. Serialda özümü çox rahat hiss edirəm. Çünki kino ilə bacı-qardaşdırlar. Mənim üçün ən yaxşı istirahət işdir. Teatrlara da ara-sıra dəvət alıram. Amma kino mənim üçün daha önəmlidir. Teatrın da, kinonun da mənfi cəhətləri var. Kinoda çəkildinsə tarixdə qalır. Bir də istədiyin kimi oynamaq şansın olmur. Teatrda bu gün zəif oynamısansa, sabah daha güclü oynaya bilərsən. İstənilən təhvil verilmiş tamaşa getdikcə püxtələşir. Kino aktyoru məhdudlaşdırır, bacardıqca səmimi, real oynamalısan” deyə sənətkar bildirib.
Xalq artisti Azərbaycan kinosunun bu günündən də danışıb.
“1980-1990-ci illərdə Azərbaycan kinosunun gözəl nümunələri yarananda Türkiyə kinosu çox zəif inkişaf etmişdi. Biz baxırdıq ki, Azərbaycan kinosunun gözəl nümunələri hara, türk kinoları hara?! Bütün kinoların mövzusu şablon idi. Çox qısa bir müddət ərzində Türkiyə kinematoqrafiyası nəinki inkişaf etdi, hətta dünyaya meydan oxuyan Amerika, Braziliya seriallarını ötüb keçdi. Azərbaycan kinosunun o səviyyəyə çatması üçün hələ vaxt lazımdır” deyə sənətkar bildirib.
Xalq artisti “Retro” kinozalından da danışıb.
“Tamaşaçılar çox məktub yazırdılar. Çamadan-çamadan məktublar gəlirdi. O məktubları çamadana yığıb, üstünə “Retro” yazmışdım. Həmin məktubları indiyə qədər saxlamışam. Bir məktub gəlmişdi. 4 səhifə idi, sanki bir poema yazılmışdı. Sevgi məktubu idi, məni vəsf edirdi. Sevirəm səni, gözəl gözlərini, filmlərini, obrazlarını... Oxudum, oxudum axırına çatdım. Yazmışdı ki, xahiş edirəm “Zita və Gita” filmini göstərəsiz. O qədər güldüm ki.. Öz istəyini bu cür formada çatdıranlar da var idi. Şeir yazanlar da var idi. Karandaşla şəkilimi çəkirdilər. Düz 22 il mən “Retro” verilişini apardım” deyə xalq artisti bildirib.