"Cahangir Zeynalovun var-dövləti əlimdə olsaydı..."
"Azərbaycan teatrı üzüaşağı gedir. Amma getdiyi anda düz yer görüb və düz gedir. Çox istəyərdim üzünü geri çevirib yüksəliş yolunu axtarıb tapsın. O, yol var. Enişin səbəbi başqadır. Bir çox teatrı, mədəniyyəti bilməyən insanların bu sahəyə gəlməsi. Teatrın yuxarı qalxması üçün doğru insanlar olmalıdır. Mədəniyyət naziri ilə görüşdüm. Yaxşı olacaq". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi Cahangir Zeynallı "O, yoxsa bu?" yutub layihəsində deyib. Azərbaycan teatrından danışan C.Zeynallı onun enişə doğru getdiyini bildirib:

"Teatrı doğru qurarsansa, insanlar həyatına çəki, düzən verər. Teatr bir aynadır".

"Cahangir Zeynallının formalaşmasında babanız Cahangir Zeynalov və Nəsibə Zeynalova rol oynadı, yoxsa fitri istedad" sualına o, belə cavab verib:

"Həm Cahangir Zeynalov, həm Nəsibə Zeynalova, həm də fitri istedad Allahın verdiyi nemətlərdir. Bir insanın formalaşmasında onun mühiti, ailəsi və tərbiyəsi, yaşadığı ortam, işlədiyi yer, oxuduğu məktəb önəmlidir. Yaşadığım mühitə minnətdaram. Anamın sayəsində uşaqlıqdan elə insanlarla tanış oldum ki... Gözəl söhbətlər, insani münasibətlər gördüm. Bunlar məni tərbiyələndirdi. Cahangir Zeynalov və Nəsibə Zeynalovanın oğlu olmaq məndə böyük məsuliyyət hissi yaratdı. Onlara layiqli övlad olmaq istədim, bilmirəm bacardım, ya yox. Görmədiyim babam Cahangir Zeynalova bənzəməyə çalışmışam. Onun zənginliyi əlimdə olsaydı, millətimizə sənət tərəfdən xidmət edərdim. Bütün malını Azərbaycan teatrına miras buraxmışdı. Sual veriblər ki, bu qədər varlısan, övladın yoxdur, mirasını kimə buraxacaqsan? Demişdi, mənim övladım teatrdır. Həmin mirasın ünvanına çatması borcum olardı. Bir çox aktyorlar var ki, imkanı yoxdur. Bəzilərinin isə fikirlərini gerçəkləşdirmə gücü yoxdur. Bunu edərdim. Peşmanam ki, zamanında mənə Nəsibə və Cahangir Zeynalovlar fondu yaradırıq, gəl, otur başında, dedilər, amma gəlmədim. İnanıram ki, etsəydim, pulu çox olacaqdı. Həm dövlət, həm də Nəsibə xanım üçün zəngin adamlar yardım edəcəkdi. Olsaydı, həmin pulu teatra xərcləyərdim. Bizim ailəyə haram tikə girməyib".

 

Dünyapress TV

Xəbər lenti