Azərbaycana yatırılan 300 milyard haralara xərclənib?
Azərbaycan Respublikasına indiyə qədər 300 milyard dollara yaxın investisiya qoyulub. Bunu mayın 2-də Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təhlilinə görə də, 2003-2021-ci illərdə əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2.7, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 4.1 dəfə çoxalıb: “2004-2021-ci illərdə Azərbaycana ümumilikdə 288.9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. 2022-ci ilin göstəricilərini də nəzərə alanda Azərbaycana son 19 ildə 300 milyard dollara yaxın sərmayə yatırılıb. Xarici investisiyalar 2.2 dəfə artıb”.

Vurğulanıb ki, 2004-2021-ci illərdə Azərbaycana 142 milyard dollar xarici investisiya qoyulub.

Qeyri-neft-qaz sahələrinə yönəldilən investisiyalara gəlincə, Mərkəzin məlumatına görə, onlar 7.2 dəfə artıb. Ümumilikdə isə 2004-2021-ci illərdə Azərbaycanın qeyri-neft-qaz sektoruna 179.5 milyard dollar həcmində investisiya yatırıldığı bildirilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov “Turan”a bildirib ki, sərmayələr, əsasən, neft-qaz sektoruna qoyulub. Onun sözlərinə görə, bu sərmayələr ölkə iqtisadiyyatında böyük rol oynayıb. Deputatın fikrincə, əldə edilən gəlirlərlə qeyri-neft sektoru çox yüksək tərzdə inkişaf edib.

A.Hüseynov deyib ki, həmin gəlirlərlə birinci növbədə ölkənin müdafiəsi, ordusu gücləndirilib: “Digər tərəfdən, iqtisadiyyatımızın bütün tərəflərini inkişaf etdirə bildik: turizm sektorunu, kənd təsərrüfatını inkişaf etdirdik, böyük sənaye kompleksləri, sənaye parkları, sənaye məhəllələri yarandı. Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələri həyata keçirilib. Beynəlxalq Dəniz Ticarət Limanı işə salınıb, Xəzər dənizində böyük bir yükdaşıma potensialına malik gəmilər alınıb”.

Komitə üzvü vurğulayıb ki, investisiyalardan gələn gəlirlərlə ölkədə yollar çəkilib, bütün infrastruktur yenilənib, ölkəni elektrik enerjisi ilə təchiz edən stansiyalar qurulub: “Qarabağda gedən bütün quruculuq işlərinin də hər biri bizim qaz və neft sektoruna yönələn investisiyalardan gələn gəlirlər hesabına həyata keçirilir”.

İqtisadçı Nazim Bəydəmirli də AzadlıqRadiosuna bildirib ki, sözügedən investisiyaların böyük hissəsi xarici sərmayələrdır, neft sektoruna yatırılmışdı: “Eyni zamanda, 2003-cü ildən bu yana hər il dövlət büdcəsinin xərclərinin təxminən 50 faizi investisiya qoyuluşuna yönəlmişdi. Büdcəmiz kiçik olan zamanlar və dollar 0.78 manat olan illərdə bu rəqəm illik 9-10 milyard dollar idi”.

O, yatırılan sərmayələrin effektivliyinə də toxunub: “Əsas investisiyalar yol infrastrukturuna qoyulub. İkinci yerdə isə elektrik energetika sektoruna qoyulan investisiyalardır. Burada daxili investisiyalardan söhbət gedir. Ancaq bizdə yolların vəziyyəti də məlumdur, elektrik kəsintiləri isə bu gün də baş verir”.

N.Bəydəmirli deyir ki, son onilliklərdə Azərbaycanda bir çox zavodlar açılıb, sonra da bağlanıb: “İnvestisiyaların hesabına regionlarda tikilən zavod və fabriklərin açılışında prezident iştirak edirdi, bu, ənənəvi hal almışdı. Onlar bir neçə il sonra xammalın çatışmazlığı, bazar araşdırması aparılmaması, monopoliya səbəbindən səmərəsiz işləyirdi və bağlanırdı”.

İqtisadçının sözlərinə görə, investisiyalar qeyri-neft sektorunun vergi artımında bir elə də hiss olunmadı: “Hazırkı statistikalarda rəqəmləri dəyişərək artım qeyd edirlər, amma bu, aldadıcı artımdır, çünki iqtisadi inkişafın əsas göstəricisi Əlavə Dəyər Vergisinin (ƏDV) artımıdır. İdxaldan olan ƏDV-nin artımı Azərbaycanda daha sürətlə artır. Son illərə qədər daxildə istehsal olunan məhsullardan ƏDV isə azalırdı. Nəticə olaraq biz xarici istehsaldan asılı olan ölkəyə çevrilməyə davam edirik. Hər hansı müəssisələr Azərbaycanda qurulursa belə, onların mütləq əksəriyyətinin xammalı və avadanlıqları xaricdən gəlir”.
 
 
 

Bölmənin digər xəbərləri

31 Yanvar 2025 AZAL rəhbərliyi nə qədər qazanır? - Əlavə ödənişlər,mükafatlar.....
31 Yanvar 2025 Sanksiya altında olan rusiyalı senator 4 il ABŞ-dəki payından faydalanıb
30 Yanvar 2025 Dollarla bağlı qərar verildi: FED faiz dərəcələrini sabit saxla
30 Yanvar 2025 AZAL-ın 6 təyyarəsi girov qoyulub - BUNA GÖRƏ...
29 Yanvar 2025 Zelenskinin Azərbaycan qazı ilə bağlı bəyanatı Fitsonu özündən çıxardı
29 Yanvar 2025 Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
28 Yanvar 2025 Bu məhsulun istehsalına görə verilən subsidiya artırıldı
28 Yanvar 2025 “Ən böyük bank 5 saatdır problemini həll edə bilmir” –"Kapital Bank"la bağlı ekspert rəyi
28 Yanvar 2025 “Exchange”lərə maraq niyə azdır? – Ekspert səbəbləri açıqladı
28 Yanvar 2025 Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının maaşları artırıldı
27 Yanvar 2025 Bakıda fantastik qiymətlərə mənzillər: Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
26 Yanvar 2025 Dəniz nəqliyyatı ilə beynəlxalq yük daşımaları 2%-ə yaxın artıb
26 Yanvar 2025 Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları 9% artıb
26 Yanvar 2025 Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
25 Yanvar 2025 Müxtəlif qitələrin ən varlı insanları – SİYAHI
25 Yanvar 2025 Tramp neftin qiymətinin Ukrayna böhranının həllinə maneə olduğunu deyib
25 Yanvar 2025 Mənbə: Aİ Ukrayna üzərindən Rusiya qazının tranzitini müzakirə edə bilər
24 Yanvar 2025 Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43% azaldıb
23 Yanvar 2025 Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
22 Yanvar 2025 Şəkərin qiyməti 4 ilin ən aşağı səviyyəsinə düşdü

Dünyapress TV

Xəbər lenti