Bakının kanalizasiya problemləri insanların canını alır, səbəblər…
Oktyabrın 21-22-si Bakıda yağış bir sıra problemlərlə yanaşı, insan faciəsinə də yol açdı. Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki şəxs həyatını itirdi. Halbuki Bakıda seldən ölüm halları yaxın tarixdə baş verməmişdi.

Paytaxtda tunelləri, küçələri, evləri su basdı, bəzi yerlərdə kanalizasiyalar daşdı. Nəqliyyat iflic vəziyyətə düşdü, avtobusların marşrut xətləri dəyişdi. Nəticədə yağış Bakıda kanalizasiya sisteminin vəziyyətini bir daha "gün üzünə" çıxartdı.

Hələ 2016-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrup da yaradılmışdı. Onun sədri də o vaxt Prezident Administrasiyasının sədri olan Ramiz Mehdiyev təyin edilmişdi. Ancaq üstündən səkkiz il keçsə də, kanalizasiya problemlərinin həll edilməməsi bir yana, seldə insanlar ölməyə başlayıb.

Sözügedən sərəncamın icrası ilə bağlı 2017-ci ilin mayında baş nazirin sabiq müavini Abid Şərifov bildirmişdi ki, ümumilikdə 14 layihənin həyata keçirilməsi planlaşdırılıb, 12 layihəyə 14 milyon 200 min manat vəsait ayrılıb. Amma sonradan layihələrin icrası ilə bağlı məlumat verilməyib.

Milli Məclisin deputatı Elşad Musayev mövzu ilə bağlı Turana bildirib ki, dünən yağış yağandan sonra müəyyən problemin olduğu üzə çıxdı: “Bundan əvvəl də qar, yağış yağanda Bakıda problemlər yaranmışdı. Bunun müxtəlif səbəbləri var. Onlar şəhərsalma, şəhərin yüklənməsi ilə bağlıdır. dünənki yağışdan sonra baş verən hadisələr göstərdi ki, biz hələ hazır deyilik”.

E.Musayevin sözlərinə görə, qarşıda COP-29 gəlir və tədbirə qədər buraxılan səhvlər düzəlməlidir: “Bununla bağlı aidiyyəti qurumlar daha yaxşı işləməlidilər. Sözügedən işçi qrupu 2016-cı ildə olub, indi 2024-cü ildir. Biz geriyə baxmamalıyıq. O işçi qrupun bəzi üzvləri indi yoxdur. İndiki qurumlar sadəcə daha yaxşı işləməlidir”.

Əslində ölkədə vaxtaşırı olaraq su və kanalizasiya infrastrukturun qurulması, təkmiləşdirilməsi üçün pullar ayrılır.

Hələ 2013-cü ildə "Azərsu" ASC-nin sabiq sədri Qorxmaz Hüseynov bildirmişdi ki, ümumilikdə 2003-2013-cü illərdə su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2.8 milyard manatdan çox vəsait ayrılıb. Bunun 1.8 milyardı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür.

Sonrakı illərdə də "Azərsu" ASC-yə subsidiyalar da ayrılıb.

Prezidentin sərəncamlarına əsasən, 2017-ci il yanvarın 13-ü və martın 17-də "Azərsu" ASC-yə üst-üstə 163 milyon manatdan çox subsidiyalar ayrılıb.


Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq həmin il infrastruktur layihələrinin tikintisi və texniki təmir məqsədləri üçün "Azərsu" ASC-yə 14.7 milyon məbləğində maddi yardım da verilib.

Rəsmilər isə deyir ki, məsələnin həlli üçün hələ xeyli pul lazım olacaq. Bu ilin əvvəlində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda ictimai dinləmə zamanı deyib ki, hazırda ölkədə sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən, hələ bitməmiş layihələrin miqdarı 2.7 milyard manatdır. Onun sözlərinə görə, təkcə Bakı və Abşeron yarımadasında su, kanalizasiya sistemlərinin normal vəziyyətə gətirilməsinə 10.5 milyard manat lazımdır.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında da göstərilir ki, 2020-2040-cı illərdə paytaxtın su və kanalizasiya sistemlərinin qurulmasına 9.2 milyard manat vəsait tələb olunur. Onlardan 487.9 milyon manatı sırf yağış kanalizasiya xətlərinin çəkilməsinə lazımdır. Bəzi ekspertlər deyir ki, şəhərdə subasmaların əsas səbəbi adi kanalizasiya xətlərinin yağış kanalizasiya xətindən ayrı olmamasıdır.

Hələ 2018-ci ildə rəsmi olaraq bildirilmişdi ki, Bakı küçələrinin cəmi 16 faizində yağış kanalizasiya sistemi var. Sonrakı illərdə məsələ ilə bağlı heç bir rəqəm açıqlanmadı.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Turana bildirilib ki, hazırda yağış və kanalizasiya kollektorlarının bəziləri eyni sistemlə idarə olunduğundan mövcud kanalizasiya sistemlərinin də dəfələrlə artıq yüklənməsinə səbəb olur.

Qurumdan qeyd olunub ki, “Bakı şəhərinin baş planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub: “Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək”.

Vurğulanıb ki, yeni layihənin tətbiqi imkan yaradacaq ki, mövcud problemlər minimuma endirilsin və su ehtiyatlarının artırılması istiqamətində yağış sularından da istifadə edilsin.

Milli Məclisin deputatı Zahid Oruc da Turana bildirib ki, heç bir şəhərdə planlama şəhərsalma şərtlərinə uyğun olaraq aparılmayıb: “Bir sıra rayonların ayrı-ayrı lokal hissələrində görülmüş işləri nəzərə almasaq, sistemli olaraq küçə və qəsəbələrin yaranması və onların bütün infrastrukturun yaranması prosesi getməyib”.

Deputat qeyd edib ki, ötən illərdə beynəlxalq təşkilatların ayırdığı kreditləri və yardımı vasitəsilə Azərbaycanın bütün bölgələrində sözügedən işlər mühüm səviyyədə aparıldı: “Lakin paytaxtla bağlı komissiyaların yaradılmasına və mühüm işlərin aparılmasına rəğmən hər yağışlar bir diaqnostik elementə çevrilir. Həmin hadisələr digər ölkələrdə də var. Amma inkişaf etmiş ölkələrindən danışsaq, biz orada fərqli mənzərəni görürük. Orada yağış sularının ayrıca ərazilərdə hövzələrdə toplanması, onların əkinlərin suvarlamasına və digər məsələlərə yönəlməsi mövcuddur. Bizdə isə bəzi ərazilərdə yağış sanki fəlakət effekti doğurur”.

Z.Orucun fikrincə, Bakıda yağış kanalizasiya infrastrukturun qurulması təkcə külli miqdarda vəsait məsələsi deyil: “Hələ 2016-cı ildə həmin məsələlər aktuallaşanda təklif olunmuşdu ki, ayrı-ayrı xarici dövlət şirkətləri bu işi həyata keçirsin. Belə nümunələr bizim müxtəlif sahələrdə var. Eyni zamanda, biz görürük ki, şəhərin bəzi hissələrində sözügedən problemlər yaranmır. Deməli, bu varsa, mövcud qurumlar bununla bağlı kompleks tədbirlərin proqramlarını hazırlamalıdır. O cümlədən də burada xüsusi olaraq biznes strukturları cəlb olunmalıdır”.

İqtisadçı Zöhrab İsmayılın isə başqa səbəblər də sadalayır. Onun AzadlıqRadiosuna deməsinə görə, burada əsas problem ondan ibarətdir ki, Bakıda vaxtilə yolların təmiri bərbad şəkildə həyata keçirilib: "Bunu pulları mənimsəmək üçün şəhər infrastrukturunu tanımayan, bu işlərdən baş çıxmayan ayrı-ayrı şirkətlərə həvalə ediblər. Onlar da faktiki olaraq dağıdıb".

Ekspert vurğulayır ki, paytaxtda körpülərin bir hissəsi və tunellər təzə inşa olunub: "Burada yağış kanalizasiya xətləri qurulmayıb. Başqa ölkələrdə bunun üçün xüsusi infrastruktur yaradılır, ora nasoslar yerləşdirilir ki, ekstremal vəziyyət yarananda su oradan çəkilsin. Bizdə bu yoxdur".

Onun fikrincə, ən böyük problem odur ki, Bakıda yerli özünüidarəetmə institutu faktiki olaraq fəaliyyət göstərmir: "Bələdiyyələr şəhərin kommunal təsərrüfatına və nəqliyyatına cavabdeh olmalıdır. Onun da imkanı olmalıdır ki, dövlət büdcəsindən pul gözləmədən vergilər hesabına formalaşan özünün büdcəsi hesabına problemi həll etsin".

Z.İsmayıl Azərbaycanda dövlət layihələrin həyata keçirilməsində şəffaflıqla bağlı problemlərin olduğunu diqqətə çatdırır: "Biz indi araşdırsaq, ola bilsin, bunu tikən şirkətlərin heç biri ortalıqda yoxdur. Olsa belə, onlar heç bir məsuliyyət daşımır. Əslində isə bütün baş verənlərlə bağlı məsuliyyəti hökumət daşıyır".

Turan İnformasiya Agentliyi
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR
17 Noyabr 2024 İstanbulda naməlum şəxslər polisə molotov kokteyli və partlayıcı atıblar
17 Noyabr 2024 Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
16 Noyabr 2024 “Mətanət-A” şirkəti hakim qarşısında
16 Noyabr 2024 Mənimsənilən pullar qaytarılmır - Cəmi 38 milyon...

Dünyapress TV

Xəbər lenti