Bakıda qəbiristanlıq böhranı: şəhər planlamasında sakit fövqəladə vəziyyət
Abşeron yarımadasında yerləşən Bakı tikinti normalarını və sıxlıq tələblərini tez-tez pozan çoxmərtəbəli binaların tikintisi səbəbindən mərkəzdə, həm də yeni birmərtəbəli və çoxmərtəbəli məhəllələrin meydana gəldiyi şəhər kənarlarında əhalinin sıxlığı ilə əlaqədar getdikcə daha böyük meqapolisə çevrilir. Bu 20 illik tikinti bumunun fonunda az adam şəhər planlamasının vacib hissəsi olan yeni qəbiristanlıqların salındığını xatırlayır. Nəticədə qəbiristanlıqlar doludur. Şəhərin mərkəzində, Xəzər, Sabunçu və Suraxanı rayonlarında kritik vəziyyət yaranıb, digər şəhərətrafı zonalarda da vəziyyət yaxşı deyil.

Azərbaycanda qəbiristanlıq siyasəti 4 dekabr 2018-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları» və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsilə tənzimlənir. O vaxtdan Bakıdakı qəbiristanlıqlar Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən bələdiyyələrə verilib. Azərbaycanda 4204 qəbiristanlıq var (Bakıda 40-a yaxın), onlardan 3268-i bələdiyyələrə verilib, ədliyyə nazirinin müavini Vilayət Zahirov mətbuata bildirib. Nazir müavini açıqlama verib ki, 900-dən çox qəbiristanlıq torpaq xəritələrindəki qeyri-dəqiqlik və bəzi qəbiristanlıqlara dair mülkiyyət sənədlərinin olmaması səbəbindən bələdiyyələrə verilməyib. Bələdiyyələr öz ərazilərindəki torpaqları idarə etmək hüququndan məhrum ediliblər. Qaydalara əsasən, qəbiristanlıqların ərazisinin genişləndirilməsi və ya yeni qəbiristanlıqların yaradılması bələdiyyələrin sorğusu əsasında həyata keçirilir, lakin qaydalarda bələdiyyələrin bu sorğuları hara göndərməli olduqları göstərilmir. Ancaq qeyd olunur ki, belə sorğu alındıqdan sonra qərar qəbul etmək üçün səkkiz dövlət orqanından ibarət komissiya yaradılır.

Qaydalara əsasən, belə müraciəti nə zaman etmək olar?

5.2. Bu Qaydaların 5.3 və 5.4-cü bəndlərində müəyyən edilən hallarda yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir.

5.3. Yeni qəbiristanlığın salınması barədə qərar aşağıdakı hallarda qəbul edilir:

5.3.1. qəbiristanlıq köçürüldükdə;

5.3.2. qəbiristanlıq bağlı elan edildikdə;

5.3.3. yeni yaşayış məntəqəsi salındıqda.

5.4. Qəbiristanlıqda qəbir yerlərinin 85 faizi tutulduqda, bələdiyyə yeni qəbiristanlığın salınması üçün bu Qaydalarla müəyyən edilmiş tədbirləri həyata keçirir.

Ancaq qəbiristanlıqlar 100 faiz doludur. Niyə yeni qəbiristanlıqlar üçün qərar yoxdur? Niyə yeni qəbiristanlıqlar salınmır? Biz bir neçə bələdiyyənin rəyini öyrəndik və onlar şikayət edirlər ki, dövlət orqanları müxtəlif səbəblərlə onların tələblərini rədd edirlər. Dəfn yerlərinin olmadığını, lakin yeni qəbiristanlıqların yaradılmadığını nəzərə alsaq, onların müraciətləri etimada layiqdir.

Problem ondadır ki, qaydalar qəbul edildikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin timsalında Vahid idarəetmə mərkəzi ləğv edilib, qaydalar isə bu sahədə siyasətə məsul olan subyekti müəyyən etməyib. Bələdiyyə müraciətlərinə baxılması üçün yaradılan komissiya yalnız torpağın ayrılması barədə qərarlar qəbul edir, siyasət aparmaq, idarəetmə və nəzarət barəsində yox.

Belə vəziyyət xaosa və korrupsiyanın artmasına səbəb olub. Dəfn yeri üçün rəsmi ödəniş 67 manat olsa da, vətəndaşlar ölənləri dəfn etmək üçün qeyri-rəsmi olaraq 500 manatdan 7000 manata qədər pul ödəməli olurlar. Torpaq məsələsi ciddidir. Qeyd edildiyi kimi, bələdiyyələrin torpaqları yoxdur. Torpaq dövlətin, dövlət və özəl şirkətlərin, ayrı-ayrı şəxslərin nəzarəti altındadır. Bu, qəbiristanlıqlar üçün torpaq ayrılmasını çətinləşdirir.

Qəbiristanlıq böhranının həlli üçün aşağıdakıları vacib hesab edirəm:

Qəbiristanlıq siyasətinə məsul dövlət orqanının yaradılması. Orqan qəbiristanlıqların inkişafı, idarə edilməsi və onlara nəzarət üzrə strateji plan hazırlamalıdır.
Özəl qəbiristanlıqları təchiz etmək prioritet olardı. Bu, Azərbaycan praktikası üçün qeyri-adi olan həssas məsələdir, lakin burada beynəlxalq təcrübədən istifadə etmək olar. Məsələn, 1832-ci ildə Böyük Britaniyada parlament şəhərlərdən kənarda özəl qəbiristanlıqların salınmasını təşviq edən qanun qəbul edib. Bu gün bu ölkədəki qəbiristanlıqlar o qədər gözəl, yaşıl və baxımlıdır ki, şəhər parkları kimi tarixi qəbiristanlıqları da ziyarət etmək üçün ödəniş alınır. Qeyd etmək vacibdir ki, qəbiristanlıqdakı sahələr reallıqda rəsmi olan 67 manata satılmır. Buna görə də qəbiristanlığın yerindən asılı olaraq bazar qiymətləri leqallaşdırılmalıdır. İkincisi, özəl qəbiristanlıqlardakı məzarların sahibləri qəbiristanlıq siyasətinə cavabdeh qurum və ya Tarif Şurası tərəfindən müəyyən edilmiş minimum illik ödənişlər edəcəklər. Məzarın saxlanılmasına görə ödəniş üzrlü səbəblərdən ödənilmədiyi təqdirdə (qohumların ölümü, imtina və s.) dövlət xərcləri büdcədən ödəyəcək.
COP29 fonunda maliyyə, tikinti, nəqliyyat və digər sahələri "yaşıllaşdırmaq" tendensiyanı nəzərə alaraq, yeni qəbiristanlıqlar üçün ekoloji tələbləri, o cümlədən, günəş batareyaları ilə işıqlandırmanı və yaşıl zonaların genişləndirilməsini (hazırda qəbiristanlıq sahəsinin 15% - ni təşkil edir) nəzərdə tutmaq məqsədəuyğun olardı.
Qaydalarda qəbiristanlıqların saxlanmasının bələdiyyələr və ya özəl ianələr hesabına maliyyələşdirildiyi bildirilir. Bəs bələdiyyələrin vəsaiti yoxdursa və ya var, amma ayırmırlarsa, nə etməli? Bir çox qəbiristanlığın vəziyyətinə baxdıqda aydın olur ki, onlar ya idarə olunmurlar, ya da pis idarə olunurlar. Belə idarəetmə növü bizə lazımdırmı?

Qəbiristanlıq mövzusu necə yarandı? Qəbiristanlıqları ziyarət edirəm və hər yerdə eyni mənzərəni görürəm-yer yoxdur. Bu, əsasən qəbiristanlıqların yaxınlığında evlərin tikintisilə əlaqədardır. Qaydalara görə, yaşayış binaları ilə qəbiristanlıqlar arasındakı məsafə ən azı 300 metr olmalıdır. Ancaq heç kim bu qaydalara əməl etmir. Belə olan halda qaydaların mənası nədir?

Yaşadığım Buzovna qəsəbəsindən nümunə göstərəcəyəm. Burada üç kənd qəbiristanlığı və bir qəsəbə qəbiristanlığı var. Kənd qəbiristanlıqları Buzovna kəndindədir. Onlardan birinin yaşı 600-dən çoxdur. Bu məqbərəli unikal qəbiristanlıq guya dövlət tərəfindən qorunur, ancaq əslində baxımsız vəziyyətdədir və ekoloji amillərlə əlaqədar sistematik olaraq tənəzzülə uğrayır. Digər ikisi doludur. Qəsəbə qəbiristanlığı 1970-ci illərin əvvəllərində salınıb və xalq arasında “Xrustalnı” (bir kilometr məsafədə yerləşən keçmiş xrustal zavodunun adı ilə) adlanır. Son 25 ildə Buzovna bir neçə dəfə böyüyüb. Faktiki olaraq Şağan, Maştağa, Binə və Bağlar kəndlərilə birləşib. Ancaq bu müddətdə yeni qəbiristanlıqlar salınmayıb. “Xrustalnı” qəbiristanlığı doludur, hazırda qəbirlər qəbiristanlığın içindəki yollarda salınır. Bunun səbəbi qəbiristanlıqların tikintisi qaydalarına əməl edilməməsidir. Qaydaların 8.1-ci bəndinə əsasən, qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 sakinə 0,24 hektar hesabı ilə müəyyən edilir. Burada və digər yerlərdə əhalinin sıxlığı dəfələrlə yüksəkdir və normalara əməl edilmir.

Qəbiristanlığın yaxınlığında “Buzovnaneft”in ərazisi var ki, neft quyuları tükənmə səbəbindən sürətlə bağlanır. Müxtəlif bəhanələrlə burada qəbiristanlıqlar üçün torpaq ayırmırlar. Lakin Nazirlər Kabinetinin qaydalarını pozaraq SOCAR öz əməkdaşları üçün qəbiristanlıqdan cəmi 20 metr aralıda (normaya görə, 300 metrdən yaxın olmamalı) fərdi evlərin tikintisinə torpaq ayırıb. Və bu qanunsuzluq Daşınmaz Əmlak Reyestri ilə qanuniləşdirilir. Ancaq neft şirkətinin işçiləri bu sahələri yenidən satırlar. Hər kəs qəbiristanlığın yanında yaşamaq istəmir. Bir çox ərazidə "satılır" yazılarını görmək olur. Bələdiyyə heç nə edə bilmir, icra hakimiyyəti laqeyddir və qəbiristanlıq siyasətinə məsul orqan yoxdur. Bu, bütün ölkə üçün tipik nümunədir.

Beləliklə, Bakı qəbiristanlıqlarında mövcud vəziyyət qeyri-sabitdir. Şəhər əhalisi artmağa davam etdikcə, şəhər planlamasının əsas komponent kimi qəbiristanlıqların inkişafını əhatə etməsi vacib hala gəlir. Milli qəbiristanlıq idarəsi yaratmaqla, prioriteti özəl qəbiristanlıqların inkişafına verməklə və davamlı təcrübələr tətbiq etməklə Azərbaycan öz qəbiristanlıq böhranını həll etməyə başlaya bilər və mərhumlara hörmətin qorunmasına zəmanət verər, eyni zamanda artan şəhər əhalisinin praktiki ehtiyaclarını təmin etmiş olar.

Ümid edirəm ki, hökumət qəbiristanlıqlarla bağlı vəziyyətlə məşğul olacaq və bu sahədə effektiv strategiya və siyasətin hazırlanması üçün təcili tədbirlər görəcək. Hər il Bakıda 15000 nəfər ölür.(Turan)
 

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti