Saatlı rayonu, Əliabad kənd sakini Sefyaliyev Məmmədəli Sefyalı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Quba Rayon Məhkəməsi ona dəfələrlə səhv çağırış göndərib:
“Mən, Sefyaliyev Məmmədəli Sefyalı oğlu, sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
İki dəfə hakim Vüqar Seyidov tərəfindən məhkəmədə iştirakım üçün çağırış göndərilib. 1-ci çağırış 18 iyul, 2-ci çağırış isə 27 avqust tarixində göndərilib. Sentyabr ayında da məni məhkəməyə çağırır. Mən hara, Quba hara? Saatlı hara, Quba hara? Bu çağırışlar məni narahat edir. Səbəbsiz yerə məhkəməyə çağırılıram. Ən azından sənədə və ev ünvanına diqqətlə baxmalıdırlar.
Mənim belə bir iddiam heç yoxdur. Səfərəliyeva Arzu və Səfərəliyev Şükür bacı-qardaşlarını heç tanımıram. Görünür, onlar mülk iddiasındadır. Mənə heç bir aidiyyəti yoxdur. Xahiş edirəm, səlahiyyətli qurumlar daha diqqətli olsunlar”.