"Sənədsiz evlərlə bağlı müəyyən təkliflər var. Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və Ədliyyə Nazirliyinin birgə iştirakı ilə elektron informasiya sisteminin yaradılması istiqamətində xeyli işlər görülüb və bununla bağlı hazırda müzakirələr gedir. Texniki işlər yekunlaşmaq üzrədir. Məsələnin ictimai təqdimatı ilə bağlı addımlar atılır. Düşünürük ki, ilin sonuna qədər texniki işlər yekunlaşdıqdan sonra sözügedən prosesin idarə olunması və eyni zamanda sənədləşmə işlərinin aparılması ilə bağlı mövcud problemlərin həllinə başlanılacaq".
TEREF bildirir ki, bunu Referans. az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı sənədsiz evlərlə bağlı danışarkən bildirib. Ekspert deyir ki, yekun qərar qəbul olunduqdan sonra qanunsuz tikililərlə bağlı ciddi mübarizə tədbirləri görüləcək:
"Əvvəl yerli icra hakimiyyəti orqanları prosesə nəzarət edirdisə, indi bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi edir. Həmçinin, məlumatlandırma icraatının razılaşdırma qaydalarında müəyyən dəyişikliklər olunub. Bundan başqa, cənab Prezidentin ötən il kommunal təchizata qoşulma ilə bağlı fərmanı oldu. Həmin fərman çərçivəsində oktyabr ayının 1-dən artıq sənədsiz tikililərin kommunal təchizata qoşulması dayandırıldı. Buna oxşar xeyli qərarlar var ki, ümumi prosesə təsir göstərir, amma, tam şəkildə qarşısını ala bilmir. Sözügedən qərarlar demək olmaz ki, icra olunmur. Bəli, qərarlardan öz məqsədləri üçün sui-istifadə edən ayrı-ayrı məmurlar və ya yerli idarəetmə orqanları var. Amma, bu o demək deyil ki, sözügedən qərarlar ümumiyyətlə, icra olunmur. Sadəcə, hesab edirəm ki, həmin qərarların icrası istiqamətində vəziyyət qənaətbəxş deyil və sözügedən məsələnin həllinə kömək etmir, qarşısnı almır, təkan vermir. Sənədləşmə ilə bağlı yekun qərar qəbul olunduqdan sonra dövlət torpaqlarında, qeyri-təyinatlı ərazilərdə, zəbt olunmuş torpaq sahələrində tikinti aparılması məhdudlaşdırılacaq".
Müsahibin sözlərinə görə, cinayət qanunvericiliyində torpaqların zəbt olunmasına görə maddə var. Prokurorluq və hüquq-mühafizə orqanları həmin maddənin tələbi ilə işə başlasalar, Azərbaycan əhalisinin 15 faizi mühakimə oluna bilər. Buna görə proseslər mərhələli şəkildə aparılmalıdır.
Ekspert qeyd edir ki, torpaq zəbt edib sənədsiz ev tikməyə görə qanunda kifayət qədər sərt cəzalar da var. Hətta, belə şəxsləri 5-6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Bu zəbt olunan ərazinin təyinatına və s. əsasən müəyyənləşir.
"Sənədsiz torpaqda tikili tikməyə, torpağı zəbt etməyə görə inzibati qaydada cərimə növləri var. Bu gün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məlumatlandırma icraatı qaydasına uyğun olmayan şəkildə aparılan tikintiyə görə fiziki şəxsləri 400 manat, hüquqi şəxsləri 1200 manat cərimə gözləyir. Bildirmək istəyirəm ki, təkcə cərimə ilə məsələni yoluna qoymaq mümkün deyil", - deyərək suallarımızı cavablandıran ekspert özbaşına tikililərin sənədləşməsi ilə bağlı qərarın qəbulunu məqsədəuyğun hesab edib.
Şəlalə Babayeva