Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 5 ünvandakı binada yaşayan sakinlərin həyatı təhlükədədir.
Sakinlər Qaynrinfo-ya bildirib ki, 4 bloklu binanın liftləri 50-60 il öncə quraşdırılıb və hazırda ciddi şəkildə qəzalı durumdadır.
Onların sözlərinə görə, problemlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyinə müraciət etsələr də, nəticəsi olmayıb.
"Oradan bizə bildirdilər ki, bina Müdafiə Nazirliyinin balansındadır. Ona görə də biz 18 iyul 2024-cü il tarixdə binamızın 31 sakininin imzası ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərova və müdafiə naziri Zakir Həsənova kömək üçün müraciət etdik. Təəssüf ki, indiyədək heç bir cavab almamışıq! Qəza təhlükəsi isə hər an var! Liftlərdən bəziləri gah işləyir, gah dayanır. Yuxarı mərtəbədə yaşayan xəstə və yaşlı insanlar, əliuşaqlı analar aldanıb liftlərdən istifadə edirlər. Bu isə hər an insan ölümü ilə nəticələnə bilər", deyə şikayətçilər bildirib.
Sakinlər deyib ki, lift qurğuları FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin qeydiyyatında olan təhlükə potensiallı avadanlıqdır və o müntəzəm olaraq ixtisaslaşmış təşkilat tərəfindən texniki baxışdan keçirilməlidir, kənar şəxs və qurumların ona müdaxiləsi yolverilməzdir:
"Binanın liftləri çox köhnəlib. Hətta yararsız hala düşüblər. Tez-tez bina sakinləri və ya qonaqlar liftdə qalıb stres yaşayırlar. Bir neçə dəfə liftdə qəza baş verib və xoşbəxtlikdən insan tələfatı olmayıb. Təəssüf ki, uzun müddətdir burda kimlərinsə yoxlama-nəzarət işləri apardığını görən olmayıb".
Sakinlər məcburiyyət qarşısında ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Onlar ümid edir ki, ölkə başçısına ünvanladıqları bu müraciətdən sonra aidiyyatı qurumlar lazımi tədbirlər görəcəklər.