Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Vladimir Putinin gözündən düşüb.
“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun(ISW) son hesabatında belə deyilir. Qeyd olunur ki, məhz bu səbəbdən Kreml Narışkinə dövlət mükafatı verilməsi haqqında fərmanı ləğv etmək qərarına gəlib. Rusiya hərbi kəşfiyyatı xeyli müddətdir Əsəd hakimiyyətinə qarşı hazırlanan üsyan planından xəbərsiz olub. Kremlin bununla bağlı kəşfiyyat orqanlarından izahat tələb etdiyi qeyd olunur.
Amerikalı analitiklərin fikrincə, hazırda Rusiya Federasiyasının Suriyadakı hərbi aktivləri ilə bağlı planları qeyri-müəyyən olaraq qalır. Belə ki, Rusiyanın Suriyanın qərbində əsas hərbi bazalarının saxlanması, digər ərazilərdən isə yığışdırılmasıyla bağlı razılığa gəlindiyinə dair məlumatlar daxil olmaqda davam edir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə dekabrın 15-də bildirib ki, Rusiya qoşunları arasında Kremlə naməlum suriyalı qüvələrin Tartus limanında və Xmeymimdə Rusiyanın hərbi mövcudluğunu saxlamağa icazə verməsi barədə şayiələr yayılır. Söhbətin cəmi 300-ə qədər rus hərbçisindən getdiyi iddia edilir.