Rusiyadakı diasporumuzda İran izləri
Bu təşkilatın və şəxslərin fəaliyyəti Azərbaycanın müvafiq strukturlarından onlara yeni yanaşma tələb edir.
1965-ci ildə ABŞ-ın nüfuzlu diplomatik məktəbinin – Tafts Universitetinin nəzdindəki Fletçer
adına Hüquq və Diplomatiya Məktəbinin dekanı Edmund Gullion diplomatiya lüğətinə yeni bir
termin daxil etdi – ictimai diplomatiya. İctimai diplomatiya – özünü xarici ölkənin ictimaiyyətinə
sevdirməklə və bununla da vətəndaşların üz tutulan ölkəyə isti münasibətinin yaranmasına
xidmət etməklə, əslində klassik diplomatiyanı tamamlayır. Bu, dövlətlərin digər ölkələrin
ictimaiyyəti ilə qarşılıqlı əlaqə üsuludur, öz ölkən barəsində beynəlxalq ictimaiyyətdə müsbət
təsəvvür formalaşdırmağa və bu təsəvvürü qorumağa, bununla da xarici dövlətlərin
hökumətlərinin qərarlarına təsir etməyə imkan verir.
Bu gün fərqli ölkələrdə müxtəlif əhali qruplarına müraciət etməklə, ictimai diplomatiya
hökumətlər üçün getdikcə daha vacib alətə çevrilir. Məsələn, İran ictimai diplomatiyanı xarici
siyasətinin ayrılmaz hissəsinə çevirib. Bu, konfessional respublika üçün sanksiyalar və
blokadalar şəraitində nəinki fürsət, həm də artıq zərurətə çevrilib, onun köməyi ilə xaricdə geniş
kütlələrə Tehranın bu və ya başqa məsələ ilə bağlı nöqteyi-nəzəri çatdırılır. Bu, konfessional
kontekstdə müxtəlif tədbirlər vasitəsilə əldə edilir. İran xaricdə öz imicini yaxşılaşdırmağa, yəni,
əsasən şiəliyin tərəfdarları və kanonlarının köməyi ilə geniş kütlələr üçün cəlbedici olmağa
çalışır. Şiəliyin ardıclıları arasında isə çox böyük sayda azərbaycanlılar da var.
“Nə şərqi, nə qərbi – cumhureyi eslami!” (“Nə Şərq, nə Qərb – İslam Respublikası!”). Bu sözlər
İran islam inqilabının lideri Ayətullah Xomeyniyə məxsusdur.
Şiə doktrinası öz dövlət quruluşu versiyasını təklif edir və burada İslamın siyasiləşməsi şübhə
altına alınmır. İslam inqilabının ixracı İranın xarici siyasət doktrinasının konseptual əsaslarından
biridir. Ayətullah Xomeyni “Vəsiyyət”ində də dinin hakimiyyətdən və siyasətdən ayrılmaz olduğu
barədə danışıb. Yeri gəlmişkən, bu “Vəsiyyət” 2008-ci ildə Rusiyada ekstremist məzmun hesab
edilib və Rusiya Federasiyasının Federal Qeydiyyat Xidməti onu qadağan olunmuş ədəbiyyat
siyahısına daxil edib.
Bu arada, Tehran Rusiyadakı azərbaycanlıların inanclı hissəsi arasında şiə hegemonu imicini
qoruyub saxlayır. Bu fakt Azərbaycanın daxili sabitliyi üçün o qədər də təhlükəli olmasa da,
Azərbaycanın xalq diplomatiyası institutlarından biri kimi diasporun vəzifələrinə ziddir. İran
dünyagörüşü bir çox məsələlərdə azərbaycanlılar arasında qütbləşməni dərinləşdirir: Bakıdakı
hakimiyyətə münasibətdən tutmuş, Türkiyə və İsraillə müttəfiqliyə münasibətə qədər.
Şiəliyin tərəfdarlarının bir hissəsi Yaxın Şərq problemlərində Azərbaycan və Türkiyənin
mövqeyini bölüşmür, anti-türk ritorikası ilə seçilir, Hizbullaha (Rusiya Federasiyasında
qadağandır) rəğbət bəsləyir, Azərbaycandakı siyasi sistem tipli hakimiyyətlərə müxalifdir.
Rusiyada şiəliyin həm rəhbərləri, həm də təbliğatçıları əsasən etnik azərbaycanlılar olsa da, İran
təhsil müəssisələrinin yetirmələri öz konfessional korporasiyalarının bir növ PR texnoloqu,
reklamçılarıdır. Eyni zamanda, elə icmalar var ki, Əli Sistaninin ruhani lider kimi qəbul edildiyi
İraq şiələrinə istiqamətləniblər. Qeyd etməyə dəyər ki, Sistaninin 2001-ci ildə Moskvaya
göndərdiyi nümayəndəsi Məhəmməd-Əli Mosuli buna qədər 1996-2001-ci illərdə onun
Azərbaycanda rəsmi nümayəndəsi olub.
Onlar Azərbaycan auditoriyasının rəğbətini qazanmaq üçün əsasən Səfəvilər sülaləsinə,
xüsusən şiəliyi dövlət dini elan edən Şah İsmayıl Xətaiyə istinad edirlər. Novruz bayramı da şiə
ilahiyyatçıları tərəfindən rəğbətlə qarşılanır. Babək Xürrəminin şəxsiyyətini də yüksək ehtiramla
yad edirlər. Azərbaycan tarixinin “təəssübünü” çəkənlərdən soruşmağa dəyərdi ki, niyə öz
moizələrində eyni şövqlə, məsələn, Nadir şah Əfşarı vəsf etmirlər? Bəlkə Nadir şah Şah
İsmayıldan daha az torpaq fəth edib, yoxsa Vətənini daha az sevən türk olub?! İranın Novruza
xüsusi münasibəti kimdəsə suallar yaratmırmı? İran İslam Respublikasının islamdan əvvəlki
Zərdüştilik Novruzunu dövlət səviyyəsində qeyd etdiyi halda, dünyəvi Türkiyənin Novruz
bayramına o qədər də əhəmiyyət verməməsi qəribə görünmürmü?! Bəs niyə Babək Xürrəmi
birdən-birə iranlı təbliğatçılarla bu qədər əziz oldu? Bəlkə ona görə ki, Babək sünni Abbasilərə
qarşı mübarizə aparıb!? İrandan olan emissarların İslam və Azərbaycan tarixinə bu qədər
əhəmiyyət verməsi diaspor mühitində parçalanmaya, müxalifliyə, müəyyən insanların
şəxsiyyətinə pərəstiş edilməsinə, hətta Rusiya azərbaycanlıları arasında konfessional fanatizm
və anaxronizmlərin yaranmasına gətirib çıxarır. Azərbaycan maarifçiliyinin ünlü isimləri bunun
barəsində yazıblar.
Azərbaycan icmalarına ciddi təsir göstərməsi səbəbindən, Rusiyadakı azərbaycanlıların şiə
təşkilatlarını, xüsusən də Rusiyadakı İran ruhaniləri və rəsmiləri ilə sıx əməkdaşlıq edən diaspor
təşkilatlarının, fondların, gənclər təşkilatlarının ayrı-ayrı rəhbərlərini, eləcə də tez-tez bu ölkənin
Moskvadakı səfirliyində olan, Rusiyanın bölgələrində emissarlarını qəbul edən və icmalarla
görüşlər təşkil edənləri – İranın ictimai diplomatiyasının mexanizmi saymaq lazımdır. Məhz
buna görə də, İranın xarici siyasət doktrinasını əldə rəhbər tutan adıçəkilən təşkilatların və
şəxslərin fəaliyyəti Azərbaycanın müvafiq strukturlarından onlara yeni yanaşma tələb edir. Əlavə
edim ki, onlardan bir hissəsinin media resursları var. Şiəliyin və paniranizmin tərəfdarlarının yeni
auditoriyanı cəlb etmək üçün çoxşaxəli dünyəvi nəşrləri var. Belə subyektlər Azərbaycan və
Rusiya gündəmindən əlavə, öz konfessiyalarının əsas ehkamlarını qətiyyən şübhə altına
almadan “xarici dünyaya” İranın maraqlarına oxşar mövzuları təqdim edirlər.
Diaspor seqmentində İranın xarici siyasət təbliğatına, yumşaq desək, loyal olan fiziki və hüquqi
şəxslərlə əməkdaşlığa yenidən baxmağın vaxtı çatıb. Əks halda, Azərbaycanda İran təsiri altında
olan şiə hegemonluğunun imici itirildiyi halda, Rusiya azərbaycanlıları arasında bu imicin
yaxşılaşması qaçılmaz olacaq.
Anar Həsənov
Pressklub

Bölmənin digər xəbərləri

20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!

Dünyapress TV

Xəbər lenti