"Tesla"nın yük maşını nə qədər qənaətcildir?
Məşhur "Electrek" nəşri "DHL" şirkətinin təcrübəsinə əsaslanaraq "Tesla Semi" elektrik yük maşınının imkanlarını qiymətləndirib.

İqtisadiyyat.az-ın məlumatına görə, hesabatda qeyd edilir ki, "Semi" 2017-ci ildə təqdim olunsa da, onu kommersiya məqsədi ilə yalnız son illərdə istifadə etməyə başlayıblar.

"DHL" yeddi il əvvəl bu yük maşınlarından bir neçəsini alıb və onları ətraflı şəkildə sınaqdan keçirib. Yük maşınları 5000 kilometr məsafədə yük daşınma zəncirinə inteqrasiya edilib.

34 ton yüklənmiş "Tesla Semi" elektrik yük maşını bir dəfə enerji doldurulmaqla 625 kilometr məsafə qət edib. Şirkət həmçinin bu texnikadan istifadə etməklə yük daşınmalarına xeyli qənaət olunduğunu açıqlayıb.

Yük maşınının orta səmərəliliyi mil başına 1,72 kilovat-saat olub, bu da "Tesla"nın əvvəlcədən proqnozlaşdırdığı göstəricilərə uyğun gəlib. Bu hər mil üçün təxminən 15 sent (təxminən 26 qəpik) xərc etməyə imkan verir və bu da xərclərin azaldılması üçün böyük imkanlar yaradır.

Hazırda "Tesla Semi" yalnız ABŞ-də istifadə olunur, lakin "DHL" gələcəkdə bu elektrik yük maşınlarını Avropada istifadə etməyi planlaşdırır.
 

Dünyapress TV

Xəbər lenti