"Huawei" smartfonlarının satışı Çində avqust ayında 46 aydan sonra ilk dəfə "Apple"ni geridə qoyub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CINNO" tədqiqat firmasının hesabatına istinadən "South China Morning Post" məlumat yayıb.
Hökumətə məxsus analitik mərkəzin məlumatlarına görə, avqust ayında xarici smartfonların, o cümlədən "iPhone" telefonlarının tədarükü illik hesablamada 12,7% azalaraq 1,87 milyon ədədə düşüb. Bu zaman yerli smartfonların tədarükü 26,7% artaraq 24,05 milyon ədədə çatıb.
"Huawei"in uğuru əsasən "Mate" və "Pura" seriyalı flaqman modellərə, eləcə də qatlanan smartfonlara olan yüksək tələblə əlaqələndirilir.
"TechInsights"in məlumatına görə, bu, şirkətə orta satış qiyməti və topdansatış gəlirində rekord göstəricilər əldə etməyə imkan verib.
Çin smartfon bazarı bu il sabit artım göstərir. "IDC"-nin məlumatına görə, "Huawei" 2024-cü ilin ilk yarısında 17,5%-lik bazar payı ilə liderlik edir və ümumi daxili tədarüklər 140 milyon ədəd həddini keçərək, illik hesablamada 7,7% artıb.