Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, dünyada hər onuncu yeniyetmə sosial şəbəkələrə və kompüter oyunlarına aludəçilik səbəbindən psixi problemlər yaşayır.
Yeniyetmələrin təxminən 12 faizinin kompüter oyunları səbəbindən psixoloji problemlər yaşaya biləcəyi vurğulanır.
Gündən-günə artan kompüter oyunları təhlükəsi və asılılığı hansı formada özünü göstərir? Qarşısını almaq üçün nələr etmək olar?
Mövzu ilə bağlı TNS-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova danışıb. Mütəxəssis bildirib ki, uşaqların internetdə rastlaşa biləcəyi bütün təhlükələrin kökündə real həyatdakı təhlükələr dayanır: “İnternet üçün mövcud olan bütün risklərə real həyatda da rast gəlmək mümkündür. Odur ki, uşaqlarımızı real həyatda bu təhlükələrdən qorumaq üçün səy göstərdiyimiz və qaydalar qoyduğumuz kimi, onlara internetdən şüurlu, təhlükəsiz və effektiv istifadə etməyi öyrətməliyik. Bununla da virtual dünyanın risklərini minimuma endirmiş olarıq”.
Müsahibimiz qeyd edib ki, bir çox oyunda oyunçunu gücləndirən inventar və ya xarakterin görünüşünü dəyişdirən aksesuarlar pulla satılır: “Oyuna sərf olunan vaxt və səydən sonra xal, qızıl və ya pulla açıla bilən və ondan nə çıxacağı təxmin edilməyən bir qutu ala bilərlər. Oyunçu qutunu açdıqca, bu vəziyyətdən həzz ala bilər və hər dəfə daha böyük gözləntilərə sahib olaraq, daha böyük mərc oynamağa meyillənər. Beləliklə, bu hal aludəçiliyə çevrilməklə əslində virtual qumara keçir. İlk baxışdan zərərsiz görünən və əyləncə məqsədi ilə oynanan oyun gələcəkdə qumar vərdişinə çevrilə bilir”.
Mütəxəssis vurğulayıb ki, uşaqların oyun vərdişlərinə və oyunların məzmununa valideynlər tərəfindən nəzarət edilməlidir: “Nəzarətsiz qalan uşaqlara onlayn oyunlar vasitəsilə şüuraltı ötürülən mesajlar onların həyatını hər gün az-az məhvə aparır. Uşaqlarda ailədən uzaqlaşma, ətraf mühitdən təcrid, iştah pozuntuları, ünsiyyət çətinlikləri, aqressiya, nifrət, tədrisdən geri qalma, motivasiyasızlıq, suisidal risklər, yuxu pozulmaları və s. oyun asılılığının yaratdığı əsas problemlərdir. Təəssüf ki, bəzən evdən itən zinət əşyaları, kartdan çəkilən pullar və digər oğurluq halları baş verdikdən sonra valideynlər problemin ciddiyətini anlayırlar”.
Psixoloqun sözlərinə görə, müxtəlif yaş qruplarından olan uşaqların təhlükəsiz internet və kompüter istifadəsini təmin etmək üçün əvvəlcə ailələrin bu mövzuda nə qədər məlumatlı olduğuna baxmaq vacibdir: “İlkin olaraq internetdən istifadədə ailə övladı üçün düzgün rol modeli olmalıdır.
Bu gün uşaqların əksəriyyətinin informasiya-kommunikasiya texnologiyalarından istifadəsi valideynlərindən daha yüksək səviyyədədir. Analar və atalar internet və kompüter texnologiyaları haqqında məlumatlı olmalı, bu mövzuda yetərincə məlumatlı deyillərsə, özlərini təkmilləşdirməli, ən az internetdən uşaqlarını düzgün istiqamətləndirəcək və onlara nəzarət edəcək səviyyədə istifadə etməyi öyrənməlidirlər”.