Ardını oxu...
Polis əməkdaşları 13-19 iyul tarixlərində işğaldan azad olunan ərazilərdə pulemyot, avtomat və qumbaralar aşkarlayıblar.

Bu barədə Dia-az.İnfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 25 avtomat silahı, 6 tüfəng, 17 qumbara, 11 alışdırıcı, 39 patron darağı, 1965 ədəd müxtəlif çaplı patron, 3 süngü-bıçaq və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 tapança, 2 patron darağı, 16 ədəd patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 200 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Ardını oxu...
 
Ardını oxu...
İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistanın Tehranın “atəşkəs planı”nı rədd etdiyini söyləyən xatirələr kitabını nəşr edib.

KONKRET.az xəbər verir ki, erməni nəşrləri bu barədə məlumat yayıb. Həmin xəbərlərdə vurğulanır ki, bu xatirələr Nikol Paşinyanın daha əlverişli şərtlər daxilində müharibəni dayandıra biləcəyi tezisini yenidən dövriyyəyə buraxmağa imkan verib.

Həmin məlumatların bir qismini təqdim edirik:

“Söhbət nədən gedir: 2020-ci il oktyabrın 27-də İran prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Abbas Əraqçi Bakıda Qarabağ münaqişəsinin nizamlanması üzrə ilk İran təşəbbüsünü təqdim edib. Azərbaycan Prezidenti İlham Əliyevin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyevin səsləndirdiyi, Azərbaycanın ictimai reaksiyası belədir. “İranın regional güc, regional dövlət kimi Cənubi Qafqazda sülhün bərqərar olması prosesində də iştirak etmək hüququ var. Gələcəkdə ola bilsin ki, hansısa mexanizmlər, əlaqə qrupları olsun. İran da münaqişənin həllinə töhfə verə bilər”.

Bunu İranın Dağlıq Qarabağ nizamlanması planına rəsmi Bakı razılaşması hesab etmək olarmı? Təbii ki, yox: Bakı diplomatik şəkildə aydın şəkildə bildirir ki, konkret atəşkəsin yaradılması ilə bağlı İranın vasitəçiliyi tələb olunmur, Tehran müharibədən sonrakı prosesdə, ola bilsin, hansısa mexanizmlər, təmas qrupları yaradılanda iştirak edə bilər.

Qeyd edək ki, İran prezidentinin xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Əraqçi oktyabrın 29-da İrəvana səfər edib, bundan əvvəl Bakıda və Moskvada danışıqlar aparıb. Üstəlik, İranın təşəbbüsü Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Moskva, Paris və Vaşinqtonda apardıqları danışıqların ardınca baş tutub və bu danışıqların praktiki nəticəsi olmayıb.

Əşyalar öz adları ilə çağırılmalıdır. İranın təşəbbüsü münaqişənin həlli və ya atəşkəsin yaradılması deyil, Tehranın Bakı və Moskva ilə həll etməyə çalışdığı müharibədən sonrakı Cənubi Qafqazda mövcudluğu idi. Sabiq xarici işlər naziri Zərif etiraf edir ki, Rusiya bu təşəbbüsü, yumşaq desək, müsbət qarşılamadı və Türkiyə ilə koordinasiyaya üstünlük verdi.

Və ümumiyyətlə, müharibənin bitməsinin mümkünlüyü ilə bağlı hər hansı diskusssiyaya başlamazdan əvvəl nəzərə almaq lazımdır ki, 2020-ci il oktyabrın 8-9-da Rusiyanın xarici işlər naziri Lavrovun vasitəçiliyi ilə Moskvada Zohrap Mnatsakanyan-Ceyhun Bayram danışıqlarından sonra İlham Əliyev RİA Novosti-yə müsahibəsində deyib ki, o, baş nazir Nikol Paşinyanın təsdiq etdiyi geri çəkilmə cədvəlini alandan sonra müharibə dayanacaq”.

Azərbaycan xüsusi təyinatlıları Şuşa yaxınlığında olarkən İran prezidentinin xüsusi nümayəndəsi Əraqçi Bakıda olub. Digər fakt isə odur ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin oktyabrın 29-da Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə Cenevrədə görüşərək atəşkəs şərtlərini razılaşdıracağına dair razılığın əldə olunduğu mərhələdə İran təşəbbüs göstərib.

Həmin iclas bir gün gec keçirilsə də, heç bir nəticə vermədi. Hərbi əməliyyatlar davam edirdi, çünki Azərbaycanın atəşkəsdə, hətta humanitar sazişlərdə də marağı yox idi. Göründüyü kimi, atəşkəsin təminatçısı məsələsi prinsipial idi. Burada ATƏT-in Minsk Qrupunun digər iki həmsədr ölkəsi – ABŞ və Fransanın rolu istisna olmaqla, Bakı ilə Moskvanın maraqları tamamilə üst-üstə düşürdü”.
 
Ardını oxu...
Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri, Vətən müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin doğum günüdür.

Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Onun doğumundan 24 gün sonra atası vəfat edib.

Xudayar 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.

O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizlik Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət elədi və "gizir" hərbi rütbəsi aldı.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib
 
Ardını oxu...
Məlum olduğu kimi, İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turunda islahatçıların təmsilçisi Məsud Pezeşkian səslərin 53,3 faizini qazanaraq qalib gəlib. O, İranın sayca doqquzuncu prezidenti olub. Ermənistan Baş naziri Nikol Paşinyan İranın yeni prezidenti Məsud Pezeşkianı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib. Telefon danışığında tərəflər əvvəllər dövlətlərarası səviyyədə əldə edilmiş razılaşmalara sadiq olduqlarını təsdiqləyiblər. Eyni zamanda, mümkün olan qısa vaxtda görüşmək barədə razılığa gəliblər. Açığı Pezeşkianın digər prezidentlərdən fərqli siyasət yürüdəcəyi gözlənilmir. Məlum azərbaycanlı prezident İran iqtidarına sadiq biri olaraq qiymətləndirilir. Amma Zəngəzur məsələsində fərqli bir addım ata bilər? İlin sonuna qədər bu dəhlizin açılması mümkündür?

Mövzunu Sonxeber.az-a şərh edən Turan Rzayev deyib ki, şübhəsiz Məsud Pezeşkianın prezident kimi Ermənistan ilə münasibətləri necə formalaşdıracağı diqqət çəkir. Xüsusilə də Tehran-İrəvan münasibətlərində dəyişikliyin olub-olmayacağı başlıca sualdır:

"İranda prezident institutunun xarici siyasətdə elə də çox təsir gücü yoxdur. Ölkəyə İran Ali dini lideri və SEPAH nəzarət edir. Məsud Pezeşkian istəsə belə Ermənistanla münasibətləri dəyişməyəcək. M.Pezeşkian deputat olan vaxtı çox şey deyə bilər. Yəni deputat kimi onun sözlərinin məsuliyyətini hökumət daşımır. Amma Pezeşkian prezident kimi artıq İranı təmsil edir, müsbət yaxud mənfi istiqamətdə özbaşına nəsə deyə bilməz. Paşinyanla söhbət zamanı M.Pezeşkian dövlətlərarası səviyyədə əldə edilmiş razılaşmalara sadiq olduqlarını təsdiqləyib. Pezeşkianın verdiyi reaksiyalar heç də onun şəxsi görüşü deyil. Misal üçün, 2019-cu ildə İranda yaşayan azərbaycanlılar Tehranda yol verilən təxribata qarşı çıxaraq siyasi sferada əhəmiyyətli rol oynayan bir neçə soydaşımız bu addıma görə hökumətin günahkar olduğunu bildirmişdi. Mümkündür ki, M. Pezeşkian da məhz buna görə hökumətin istəyi üçün tənqidi yazı qələmə alıb".

Politoloqun sözlərinə görə, 2020-ci ildə isə artıq M.Pezeşkian deputat kimi reaksiya verir və aydın məsələdir ki, İran hakimiyyəti həmin vaxt deputatların dili ilə konkret mesajlar verirdi:

"M.Pezeşkian ilə bağlı digər məqam onun Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlıdır. O cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı İranın mövqeyinə təsir edib-etməyəcəyidir. Bildiyimiz kimi, Zəngəzur dəhlizi məsələsi İran üçün dəyişməz bir məsələdir. Tehranın bu məsələyə qırmızı çizgi kimi baxacağı mümkün variantdır. Tehranın Qafanda konsulluq açması əslində bu məsələdə Pezeşkianın məsələyə baxışının dəyişməz olduğunu sübutudur. Tehran xüsusilə sərhədlərin dəyişməzliyini hər zaman diqqətə çatdırır. Habelə İran-Ermənistan sərhədi də daxil olmaqla Ermənistanın cənubunun Azərbaycanın yaxud üçüncü bir dövlətin nəzarətinə keçməsinə razı deyil. Yəni Məsud Pezeşkian bu məsələdə qərarvermə mexanizminə sahib deyil".
 

Ardını oxu...
Kəlbəcər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Dia-az.İnfo-ya verilən məlumata görə, stasionar postda Daşkəsən rayon sakinləri R. Məmmədov, R. Məmmədov və Gəncə şəhər sakini Z. Azadov yoxlama zamanı sənədləri təqdim etməkdən boyun qaçıraraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıblar.

Həmin şəxslər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Toplanmış material qərar verilməsi məhkəməyə göndərilib.
Ardını oxu...
Türk varlığı imperialistlərin, xaçlı dünyasının ən böyük qorxusu və düşmənidir. Hətta bu, onların ən məşhur eposları olan “Nibelunqlar haqqında nəğmə”də də öz əksini tapıb. Türk dünyasının birləşdiyini və bütün mənalarda güc mərkəzinə çevrildiyini təsəvvür edəndə az qala ağıllarını itirirlər. Ona görə də buna əngəl olmağın yollarını axtarırlar.

Bu sözləri Axar.az-a AB-nin Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin TDT-nin Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirakını qınaması haqqında danışan istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib.

Polkovnik Şimali Kipr Türk Cümhuriyyətinin Şuşadakı sammitə qatılmasına etiraz edənlərin öz keçmişlərinə nəzər yetirməli olduqlarını bildirib:

“Hadisələrin belə inkişafı onlar üçün böyük təhdiddir. Ona görə həm AB-nin baş diplomatı Jozep Borrell və AP-nin deputatı Natali Luazo belə reaksiya veriblər. Xüsusilə Luazonun Şimali Kipr Türk Cümhuriyyətinin sammitdə müşahidəçi statusu ilə Qarabağ şəhərində iştirakını “biabırçılıq” adlandırması hansı təfəkkürdə və əxlaqda insan olduqlarını gözlər önünə sərir. Qarabağ qədim türk yurdu və Azərbaycan torpağıdır. Azərbaycanın da öz suveren ərazisində sammitə ev sahibliyi etməsi ən təbii hüququdur. Kimi dəvət etməsi də öz səlahiyyətidir”.

Başbuğ türk dünyasının heç nədən çəkinmədən öz yoluna davam edəcəyini vurğulayıb:

“Təşkilata qarşı bu mövqe bizim bir olanda ortaya qoyduğumuz gücü göstərir. Cənab Ərsin Tatarın TDT-nin sammitinə dəvət olunması heç kimə sadə məsələ kimi gəlməsin. Bunu etməklə Türkiyə və Azərbaycan birlikdə dövlət qətiyyəti sərgiləyib, riskə gediblər. Yəni hazırda bu risklərə gedə biləcək gücümüz, qətiyyətimiz var. Proseslər qəhrəman oğullarımızın, Azərbaycan Ordumuzun Qarabağı düşmən tapdağından azad etməsi ilə sürətləndi. Sonra isə ortaq tariximizin ən önəmli müqavilələrindən biri olan Şuşa Bəyannaməsi imzalandı və digər qardaş ölkələrimiz Türkiyə ilə Azərbaycanın ətrafında birləşməyə başladı. İndi isə kimlərinsə açıqlamaları, qınamaları bizi yolumuzdan döndərə bilməz. Ox artıq yaydan çıxıb, geriyə yol yoxdur, nə olursa olsun, bir olmalı, güclənməliyik. Çünki gələcək dünyada var olmağımız, özümüzə layiq yer tutmağımız bundan asılıdır. Bu ailədən kənarda qalmaqla özünə hansısa yol tapacağını düşünmək isə xam xəyaldan başqa bir şey deyil. Cənab İlham Əliyevin də vurğuladığı kimi, kənarda heç kim bizi gözləmir və bunu aşkar şəkildə dilə gətirirlər. Ona görə də güclü olmaq üçün daha da yaxınlaşmalıyıq. Macarıstan və ŞKTR-in də etdiyi budur. Jozep Borrell və ya başqalarının açıqlaması isə buna əngəl ola bilməz. Çünki bizi birləşdirən yalnız iqtisadi maraqlar yox, həm də ortaq tariximiz və mənəvi dəyərlərimizdir. Bir də ortada qətiyyət, iradə və qarşımızda isə hamımızı gözəl gələcəyə aparan aydın hədəflərimiz var”.
Ardını oxu...
TDT Şuşadan bütün dünyaya açıq-aşkar meydan oxudu, Türk İttifaqı yeni beynəlxalq güc mərkəzinə çevrilmək niyyətini birmənalı şəkildə bəyan etdi...

Bütün dünyanın gözü Azərbaycana dikilmişdi. Çünki Türk Dövlətləri Təşkilatının liderləri Azərbaycanda növbəti zirvə görüşü keçirirdilər. Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi zirvə görüşünün keçirilməsi məhz Azərbaycanın təşəbbüsüdür. Və bu, rəsmi Bakının siyasi-ideoloji prioritetləri sırasında ön planda yer alır.

Məsələ ondadır ki, rəsmi Bakı Türk ölkələri ilə əlaqələrin genişləndirilməsini, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas hədəflərinin sırasına çoxdan daxil edib. Azərbaycan Türk dünyasının daha sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi istiqamətində intensiv fəaliyyət göstərir. Rəsmi Bakının prinsipial mövqe ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında real güc mərkəzlərindən birinə çevrilməlidir.

Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur. Türk İttifaqının hərbi potensialı döyüş meydanlarında artıq özünü dəfələrlə təsdiqləyib. Zəngin təbii resurslar, onların beynəlxalq məkana nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat-kommunikasiya dəhlizləri, ortaq qədim tarix və mədəniyyət Türk dünyasının böyük sərvətidir.

Təbii ki, bütün bu sərvətin ortaq maraqlar və hədəflər çərçivəsində birləşdirilməsi hazırda Azərbaycanın strateji hədəflərindən biridir. Çünki rəsmi Bakının siyasi-ideoloji avanqard mövqeyi sayəsində bu strateji hədəf reallaşarsa, yaxın gələcəkdə dünyada yeni beynəlxalq güc mərkəzinin təşəkkül tapması da qaçılmaz olar. Bu baxımdan, Türk dövlətlərinin siyasi liderlərinin azad edilmiş Azərbaycan ərazilərinə səfərləri də əslində, gələcək güc mərkəzinin ilkin əlamətləri sayıla bilər. Azərbaycanı strateji müttəfiqi Türkiyənin prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan liderləri Şuşa və Füzuliyə, Qırğızıstan rəhbəri isə Füzuli və Ağdama səfərlər ediblər.

Belə görünür ki, Türk İttifaqının təmsilçiləri vaxtaşırı dünyaya siyasi mesaj xarakterli addımlarla gələcək beynəlxalq iradə mərkəzinin təqdimatını artıq təmin etməyə başlayıblar. Hazırda Türk İttifaqının davamlı fəaliyyəti üçün uyğun resursların yaradılması istiqamətində məqsədyönlü addımlar da atılır. Belə ki, rəsmi Bakı Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli səviyyədə olmadığı qənaətindədir. Ona görə də, AzərbaycanTDT katibliyinin hesabına iki milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürüb.

Rəsmi Bakı hesab edir ki, TDT-nin qarşısında duran hədəflərin reallaşmasına nail olmaq üçün ilk növbədə maliyyə imkanlarını genişləndirmək vacibdir. Belə ki, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin genişləndirilməsi hazırda qarşıda duran prioritet məsələlərdən biri sayılır. Orta Dəhlizin ayrılmaz tərkib hissəsi olan Bakı-Tiflis-Qars dəmir yolunun illik yükdaşırma qabiliyyəti isə Azərbaycanın əlavə sərmayə yatırımı sayəsində bir milyon tondan artıq beş milyon tona çatdırılıb.

Onu da qeyd etmək lazımdır ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda daha 6 yeni gəmi də inşa edilir. Gələn il isə Azərbaycanda sayca 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Eyni zamanda, TDT çərçivəsində enerji sahəsində strateji tərəfdaşlıq, o cümlədən də, bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox böyük əhəmiyyət daşıyır. Digər tərəfdən, TDT-nin Şuşa zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi və qəbul edilmiş önəmli qərarlar Türk dünyasının həmrəyliyini göstərməklə yanaşı, həm Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirə biləcək addımlardır. Və bütün dünyaya prinsipial Türk mesajı xarakteri daşıyır.

Maraqlıdır ki, Şuşadan verilən Türk mesajları artıq bütün dünyada müəyyən reaksiyalara da səbəb olmaqdadır. Hər halda, Türk İttifaqının daha güclü formatda fəaliyyətə keçməsi bəzi beynəlxalq siyasi dairələri ciddi şəkildə narahat etməkdədir. Belə ki, bəzi Qərb siyasi dairələri Türk İttifaqının Şuşa görüşünə qıcıqla yanaşdıqlarını gizlətməkdə ciddi şəkildə çətinlik çəkirlər. Və bu, o deməkdir ki, Qərbdə TDT-nin yeni tərəfdaşlıqla intensiv inkişaf mərhələsinə keçid etməsi dünya supergüclərini artıq çox narahat edir.

Məsələ ondadır ki, Türk İttifaqının Şuşa mesajları Qərbdə bir çoxlarını çıxılmaz vəziyyətə salıb. Son vaxtlara qədər Türk dünyasına qarşı "erməni faktoru" da daxil olmaqla, bir çox manipulyasiya mexanizmlərdən istifadə edənlər artıq yeni situasiya ilə üzləşməyə başlayıblar. Belə ki, "erməni faktoru" artıq işləmir, böyük ölçüdə sıradan çıxarılıb. Türk dünyası isə yenidən təşkilatlanır, real güc mərkəzinə çevrilir, Qərbin hegemoniya ssenarilərinə müqavimət potensialı qazanır. Və Qərbə öz güc resurslarını nümayiş etdirir, meydan oxuyur.

Avropa Birliyinin keçmiş xarici işlər funksioneri, qatı ermənipərəst Jozep Borrelin TDT liderlərinin Şuşa görüşünə reaksiyası Qərbdəki narahatlığı ifadə edib. Halbuki, Avropa Birliyi onilliklər boyu toplantı keçirib, bu qurumdan kənarda olan dövlətlərin maraqlarına zidd addımlar atırlar. Ancaq Türk İttifaqının təmsilçiləri buna qətiyyən əhəmiyyət vermirlər. Əksinə, bərabər hüquqlu əməkdaşlığa üstünlük verirlər. Və bu, onu göstərir ki, Qərbdə Türk İttifaqının dünyada çox ciddi dəyişiklik etmək gücü qazanmaq üzrə olduğunu artıq anlamağa başlayıblar.

Jozep Borrelin narahat olduğu məqamlardan biri Avropa Birliyinin üzvü olan Macarıstanın baş naziri Viktor Orbanın da TDT-nin Şuşa görüşünə qatılması ilə bağlıdır. Ermənipərəst avropalı siyasətçi bunu həm yolverilməz, həm də Avropa Birliyinin prinsiplərinə zidd olduğunu vurğulayıb. Macarıstan baş nazirinin Şuşa görüşündə Avropa Birliyini təmsil etmədiyini bildirsə də, onun Şuşa görüşündə iştirakının niyə yolverilməz olduğunu normal şəkildə izah edə bilməyib.

Digər tərəfdən, Jozep Borrel Şimali Kipr Türk Cümhuriyyətinin liderinin TDT-nin toplantısına qatılmasından ciddi şəkildə qıcıqlanıb. Onun fikrincə, bu, legitimləşdirmə cəhdidir. Avropa Birliyinin ŞKTC-yə qarşı riyakar mövqeyi əvvəl-axır öz əhəmiyyətini itirəcək. Çünki Avropa Birliyi dünyada ləngitimlik paylamaq və ondan məhrum etmək hüququna malik deyil. Əgər, Avropa Birliyi öz riyakarlığı ilə yunan Kiprini öz sıralarına daxil edibsə, ŞKTC-nin təmsil olunması üçün də TDT var. Və Qərbdə heç kim buna əngəl törədə bilməz.

Göründüyü kimi, TDT Şuşadan bütün dünyaya açıq-aşkar meydan oxudu. Türk İttifaqı yeni beynəlxalq güc mərkəzinə çevrilmək niyyətini birmənalı şəkildə bəyan etdi. Sahib olduğu ortaq siyasi-strateji təsir mexanizmləri, maliyyə-iqtisadi və s. resursları ilə Qərbdə bəzilərini ciddi şəkildə qorxuya saldı. Ən əsasısa isə bundan sonra Türk İttifaqına daxil olan dövlətlərin gələcək taleyinin müəyyən edilməsi məsələsinin Qərb strukturlarının iradəsindən kənarda olacağını qabartdı. Və bununla da, yeni dünya düzənundə Qərb qurumlarının, o cümlədən də, Avropa Birliyinin deyil, Türk Dövlətləri Təşkilatının siyasi iradəsinin daha keçərli olacağının sərt mesajını vermiş oldu. ("Yeni Müsavat" )
 
 
 
Ardını oxu...
İyulun 5-6-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şuşada Türkdilli Dövlətlər Təşkilatının (TDT) sammiti keçiriləcək, bu da əhəmiyyətli diplomatik hadisə olacaq. Sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri iştirak edəcək və “Nəqliyyat əlaqələri vasitəsilə dayanıqlı gələcəyin qurulması və iqlim dəyişikliyi ilə mübarizə” mövzusuna həsr olunacaq. Gözlənilir ki, müşahidəçi ölkələrin liderləri və TDT Baş Katibi Kubanıçbek Omuraliyev də iştirak edəcək.

Bu sammit, simvolik şəhər olan Şuşada keçirilərək, vacib məsələlərin və təşkilatın daha geniş gündəliyinin yüksək səviyyəli müzakirələrinə şərait yaratmağı hədəfləyir. Tədbirin əsas hadisəsi Qarabağ Bəyannaməsinin və bir sıra digər vacib sənədlərin imzalanması olacaq.

Sammitin ərəfəsində, Şuşada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək və burada qeyri-rəsmi sammit üçün gündəlik maddələri və sənədlər yekunlaşdırılacaq. Bu hazırlıq mərhələsi sammitin gündəliyinin dəqiq planlaşdırılmasını vurğulayır, müzakirələrin məhsuldar və razılaşmaların məzmunlu olmasını təmin edir.

Sammit, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlət başçılarının Azərbaycana rəsmi səfərləri, o cümlədən Ermənistan işğalından azad edilmiş ərazilərə səfərlərindən sonra keçirilir. Bu səfərlər və Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri tərəfindən Qarabağda həyata keçirilən humanitar layihələr yalnız Azərbaycanla həmrəyliyi vurğulamaqla yanaşı, həm də Sovetlər Birliyindən çıxan də bu dövlətlər üçün mühüm olan ərazi bütövlüyü prinsipinə kollektiv bağlılığı ön plana çıxarır.

Prezident Əliyevin mövqeyindən baxıldığında, sammit və əvvəlki səfərlər Azərbaycanın bərpa edilmiş ərazi bütövlüyünün geosiyasi reallığının gücləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Şuşada, Azərbaycan üçün böyük tarixi və mədəni əhəmiyyətə malik olan şəhərdə türkdilli liderlərin görüşməsi xüsusi güclü birliyin və dəstəyin simvoludur.

Bu sammitin nəticələri, xüsusilə Qarabağ Bəyannaməsi, regionda geosiyasi vəziyyətə təsir göstərəcək, türkdilli dövlətlər arasında həmrəyliyi gücləndirəcək və onların əsas məsələlər üzrə kollektiv mövqeyini möhkəmləndirəcəkdir.
Ardını oxu...
 

Musavat.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Qarabağ" hotelinin açılışında iştirak edib.

Bu kiçik xəbər böyük həcmli və tarixi proseslərin, savaş və mübarizələrin bir növ özətidir. Qarabağa Xankəndi qayıtdığı kimi, Xankəndiyə də Qarabağ qayıdır. Bu möhtəşəm prosesin başında da yenə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dayanır.

Xankəndidə "Qarabağ" hotelinin açılışı yadımıza həm də o möhtəşəm dialoqu salır. O video - dialoq yadınızdamı? Kim xatırlamırsa, Musavat.com-un təkrar paylaşımına baxsın.

 

 
 
 
 
 

 

Prezident Əliyev qayaların arasından bir istiqaməti göstərərək prezident Ərdoğana:

- İki qayanın arasındakı yer ki, var... Orası Xankəndi şəhəridir.

Ərdoğan:

- Hotel oradamı?

İlham Əliyev ürəkdən gülərək:

- Hayır, hayır ... (ikisi də gülür) Amma orada da olacaq...

Hər ikisi inşallah deyir və kadrlar bağlanır...

...Bu video o zamanlar çox yayıldı. Skeptiklər, vətənpərvərlər yorumladılar: "Prezident Ərdoğana da, xalqa da söz verdi, edəcək..."

Opponentlər və ölkədaxili "ermənilər" hay-küy saldılar. Xankəndinin heç zaman bizim olmayacağını, yanlış siyasət nəticəsində Xankəndinin Rusiyanın və ermənilərin nəzarətində qaldığını, Ərdoğanın da bundan narazı olaraq, bunu qəsdən üzə vurduğunu tirajladılar...

İlham Əliyevə inananlar haqlı çıxdılar. Hər zamankı kimi!

Prezident o zaman da bilirdi ki, enində-sonunda Xankəndini də Azərbaycana qaytaracaq.

Onun qardaşı Ərdoğan da buna "inşallah", dedikdən sonra...

Əliyev bütün dedikləri kimi, bunu da etdi.

Xankəndidə o hoteli açdı!

Türkiyə prezidenti Ərdoğan Almaniyaya, Türkiyə Millimizə dəstəyə getməsə idi, bu gün onu Xankəndidə gözəl sürpriz gözləyirdi.

Biz də bu yerdə "inşallah", deyək, Türkiyə adına AÇ-də mücadilə verən bütün Türklərin Milli komandasına uğurlar diləyək.

Biz də sabah orada, o meydanlarda olacağıq! Ruhumuz, qəlbimiz və dualarımızla!

İnşallah, əziz Tayyib bəy ən qısa zamanda Xankəndidə yenicə açılan "Qarabağ" hotelinə gələcək və orada gecələyəcək.

O yeni dialoqu indidən sevdim...

Xeyirli-uğurlu olsun.

Rauf Arifoğlu,
Musavat.com

 
 
 

Ardını oxu...
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində yol-küçə şəbəkəsinin tikintisi, abadlıq və yaşıllaşdırma işləri” tenderinin nəticələrini elan edib.

Dia-az.İnfo xəbər verir ki, tenderin qalibi “GM Construction” MMC olub.

Qalib şirkətlə 20 905 738 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “GM Construction” MMC 2016-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Hafiz Nəzərli Akif oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 189 ünvanında yerləşir.
 

Dünyapress TV

Xəbər lenti