Mirşahin Əlizadə: “Bir çox hallarda professional dəstək almaq daha çox tövsiyyə olunur” Azərbaycanda pis vərdişlərin qaynağı sayılan asılılıq problemi pik həddə çatıb. Bu, özünü narkomaniya, iqromaniya, komputer oyunlarından aslılıqlarda və s. daha çox göstərir. Bu mövzunu klinik psixoloq, Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü Mirşahin Əlizadə ilə müzakirə etdik. -Mirşahin bəy, Azərbaycanda iqromaniya dəhşətli dərəcədə yayılıb, hətta narkomaniyanı da ötüb. Sizcə, bu, nədən qaynaqlanır? -Ümumiyyətlə, asılılıqlara nəzər salsaq, görə bilərik ki, asılılıqlar insanın içinin tatmin olunmayan, yəni doyuzdurula bilinməyən müəyyən duyqusal boşluqdan irəli gəlir. İnsanın şüuraltı zehni bu şəkildə işləyir. Yəni bizim gündəlik davranışlarımızın 95 faizi şüuraltı zehnimiz tərəfindən avtomatik idarə olunurlar. Nəticədə bu şüuraltı zehnin də böyük bir qismi 6 yaşına qədər proqramlanır. Bu da uşaqlıq dövrünə təsadüf edir. Biz hansısa çətin vəziyyətə düşəndə, güclü bir stresslə qarşı-qarşıya qalanda, çıxılmaz vəziyyətə düşəndə əgər şüurlu zehnimizlə məsələni həll edə bilməyib, rasional qərarlar verə, məntiqmizi işlədə bilmiriksə, onda bizim şüuraltı zehnimiz dövriyyəyə girir. O bizim həmin vəziyyətdəki davranışlarımızı kontrol etməyə başlayır. Bu zaman da əvvəlcədən bazasında toplanmış doğru olduğuna əmin olduğu inanclara görə qərar verir. Yəni deyir ki, bu vəziyyətdə bunu etmək lazımdır, bu vəziyyətdə bunu etmək doğrudur və s. Bu zaman da nə baş verir - məsələn, münasibətlərdə problem yaşadığımız zaman bizdə yaranan acı duyğulardan qurtulmaq üçün gedib içki içmək, narkotik vasitələrdən istifadə etmək və yaxud da intihar etmək. Hətta ola bilər ki, başqa bir şeylə özünü asılı vəziyyətə salmaq, bir davranış, vərdiş halına gətirmək. Əgər bizim zehnimizdə varsa, yəni şüuraltı zehin o vəziyyətdə onu etməyin doğru olduğuna inanırsa, həmin vəziyyətdə o şeyi edəcək. Asılılıqlardan əziyyət çəkən insanların hamısında biz bunu müşahidə edirik. Yəni deyək ki, adam oyun asılılığından əziyyət çəkirsə, telefon oyunundan, yaxud hər hansı mərc oyunlarından asılı vəziyyətdədirsə, biz görürük ki, o insanın şüuraltında, daxilində bir duyğusal boşluq var. Özgüvənsizlik, yetərsizlik, ümidsizlik ola bilər və s. Onu doldurmaq üçün insan yanlışlıqlara əl atır. Çünki elə öyrənib ki, bu vəziyyətdə bunu etmək lazımdır. Məsələn, bir pasiyentimizdən soruşanda ki, sən alkoqolizmə necə düşdün?.. Yaxud maddə asılılığından, siqaret asılılığından azad ola bilmirsə, görürük ki, bu insanların bəziləri uşaq vaxtından avtoritet olaraq qəbul etdiyi şəxslər - atası, babası, həyatda nümunə aldığı insanların bir çoxu tütün istifadəçisi olublar. Nəticədə şüuraltında belə bir şey formalaşıb ki, deməli, uğurlu olduğun zaman sən tütündən istifadə etməlisən, şad günlərini siqaret çəkərək qeyd etməlisən. Xoş xəbərdən sonra, əsəbləşəndən sonra bunu edir, etdikcə, hər dəfə o davranış təkrarlandıqca daha da genişlənir, daha da kök salır. İnsanın həyatında bir davranış formalaşdıqca, deyək ki, əsəbləşəndə siqareti yandırdı, bu onun beynində bir düstur yaradır ki, əsəbləşdinsə get siqaret çək. Bir müddətdən sonra görür ki, bu təkcə əsəbləşəndə yox, sevinəndə də siqaret yandıranda ona “ləzzət edir”. Artıq onun zehnində ikinci bir səbəb yaranır, kök salır - sevinəndə də, depressiyada olanda da, yeməkdən sonra da, çaydan sonra da, kofeylə birgə də və s. siqaret çəkir. Belə-belə çoxlu səbəblər yaranır və bu səbəblərin sayı artdıqca insanın asılı olduğu şeylə arasındakı bağlar güclənir və artıq ondan qopmaq çətinləşir. Çünki bir səbəbi aradan qaldırsa, kənarda olan digər səbəblər onu təzədən həmin vərdişə aparıb bağlayacaq. Elə bu səbəbdən də şüuraltımıza yerimiş əvvəlcədən öyrənmiş olduğumuz bu məhdudlaşdırıcı inanclar bizi səhv yönləndirir, bu asılılıqlara gətirib çıxarır. Həmin anda ən doğru bildiyimiz şey onu etmək olub, ona görə də edirik. Bu, əvvəl psixoloji olaraq başlayır, amma sonra fiziki tərəfləri meydana gəlir və insanda bioloji tərəfləri də artıq formalaşır. -Bioloji tərəfləri deyəndə nəyi nəzərdə tutursunuz? - Yəni bu, həm fiziki cəhətdən bizdə xəstəliklər yaradır, həm də narkotik istifadəçisi bir insanın bədənində narkotikə, tütün istifadəçisinin bədənində artıq nikotinə qarşı təlabat yaranır. Həmin təlabat ödənilmədiyi zaman fiziki simptomlar baş qaldırmağa başlayır. -Ümumiyyətlə, belə asılı xəstələriniz çox olur? Əgər çox olursa, onlar əsaən hansı asılılıqdan əziyyət çəkirlər? Sizcə, onlar özləri müalicəsiz, psixoloqa, başqa həkimlərə müraciət etmədən problemin öhdəsindən gələ bilərlər? - Belə deyim, aslılıqlardan müraciət edənlər çox olur. “Asılılıq” deyəndə bizim ağlımıza tütün, narkotik, spirtli içki və s. gəlir. Halbuki, başqa asılılıqlar da var. Məsələn, insan asılılığı. Münasibətlərdə özəlliklə bunu görürük. Özgüvənsiz insanlar, özünü bəyənməyən insanlar onları bəyənən, yaxud da əvvəlcədən bir şəkildə sevgi görməmiş insanlar duyğusal boşluğunu dolduran insanla qarşılaşanda ona o qədər möhkəm tutunurlar ki, “o olmasa mən yaşaya bilmərəm” şəklində ifadələr işlədirlər. Halbuki burada məntiqli düşünə bilmirlər. Məntiqli düşünsə deyəcək ki, bu adamı tanımayana qədər sən ölməmişdin ki, yaşayırdın da. Görmüşük ki, bu bir həftədir həmin insanın həyatındadır, amma deyir, “o olmasa mən yaşaya bilmərəm”. Əvvəl yox idi, necə yaşayırdın? Bu da bir asılılıqdır. Və indi əsas məsələyə gəlirik -bu asılılıqların hamısından bizə müraciətlər olur. Bir çox hallarda insanlar necə olur bizə müraciət edirlər - ya özləri artıq həyatlarının çəkilməz olduğunu, iztirab içində olduğunu gördüklərinə görə müraciət edirlər, bəzi hallarda isə ətrafdakı insanlar deyir ki, sən bu şəkildə həyatını davam edə bilməzsən, belə olmaz, mütləq şəkildə professional dəstək almalısan. Professional dəstək almaq üçün müraciət edəndə insanlar müəyyən bir şey öyrənib, həyatlarına tətbiq edə bilərlər. Və yaxud, öyrənmədən özləri bilən birisindən dəstək ala bilərlər. İkisi də bizi problemin həllinə gətirib çıxarır. Lakin təbii ki, maddə asılılığı, narkomaniya, alkoqolizm varsa, burada tibbi yoxlanışdan və tibbi müalicədən də istifadə olunmalıdır. -Yəni psixoloji müalicə ilə yanaşı, tibbi müalicə də getməlidir. - Getməlidir, baxır vəziyyətə. Məsələn, elə hallar olur ki, orada münasibət problemidir, tamam psixoloji bir haldır. Qumar asılılığıdır, oyun asılılığıdır, bunu sadəcə psixoterapiya ilə aradan qaldırmaq olur. Bəzi hallarda adını çəkdiyimiz mövzulardan təkcə psixoterapiya ilə düzəldilə biləcək mövzularda vəziyyət o qədər ağır olur ki, o insanlar şüurlu düşüncələrini istifadə edə bilmirlər, artıq müəyyən dərman vasitələrinin istifdə olunması zəruri hal alır. Yəni bu individual olaraq yanaşdığımız zaman bəlli olur. Biz heç vaxt deyə bilmərik ki, filan problem təkcə düşüncə ilə, psixoterapiya ilə düzəldilə bilər, fılan problem isə ancaq dərmanla düzəldilə bilər. Lazım olduğu halda ikisi də birlikdə istifadə olunmalıdır. Ancaq bunu dəqiq vurğulaya bilərik ki, dərman müalicəsi insanın düşüncələrini toparlaya bilməsi üçün bir vasitə olaraq istifadə oluna bilər. Bizi problemə salan düşüncəni dəyişdirmədən, dərman bizi həmin problemdən xilas etməyəcək. Sadəcə həmin o duyğuların balanslaşdırılmasına kömək edə bilər. Məqsəd də müəyyən hormonal balansın tənzimlənməsidir ki, insan sağlam düşünə və problemdən düşüncəsini toplayaraq çıxa bilsin. Öz-özünə sağalmağa gəlincə, bunu bacaranlar da olur, həyat insanı bir yerlərə gətirib çıxarır. Burada baxmaq lazımdır ki, insan nədən asılıdır. Sağlam iradə gücü varsa, yəni istənilən halda insanın sağalması həm fiziki bədənini, həm də ruhunu sağaltmasından söhbət gedirsə, deyək ki, insan avtomatik şəkildə bunu edə bilir, o fərqindəliyi olur. Çevrəsi, mühiti də onu dəstəkləyə bilir. Bəzi hallarda isə bunu edə bilmir. Bir çox hallarda professional dəstək almaq daha çox tövsiyyə olunur. Ümumi statistikaya baxanda, o problemlərdən əziyyət çəkən insanların çox az bir qismi vzəiyyətdən təkbaşına çıxa bilirlər. Bunun səbəbi onların zəif olmasından qaynaqlanmır. Mənim də öz həyatımda problemlər yaşadığım hallar, duyğusal anlarım olur. Fiziki problemlərim də olur. Özüm həll edə bilmədiyim məsələlərdə başqa birisindən dəstək alıram. Yəni bu ayıb bir şey deyil. İnsani bir haldır, hamımızın başına gələ bilər. Və bir çox hallarda bunlarda professional dəstək almaq zəruridir. Çünki bəzən insanın özünə verməyi cəsarət edə bilmədiyi sualı başqa tərəfdən eşitməsi daha çox işə yarayır. -Sizcə, bizim cəmiyyətlə digər ölkələrdəki toplumları müqayisə etsək, bizdə insanların asılılıq faizi çoxdurmu? Əgər bu göstərici çoxdursa, səbəbi nədir? (Ardı var) Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA