Ardını oxu...
Son iki il ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı ardıcıl mübarizə aparılır. Demək olar ki, hər gün narkotiklə əlaqədar onlarla şəxs saxlanılır. Lakin bəzi hallarda külli miqdarda narkotik maddə yaxalanan şəxsin məhkəmədən əlini-qolunu sallayaraq çıxdığının şahidi oluruq. Bu isə, ölkədəki “narkotik böhranı”na son qoymağı müşkülə çevirir, nəticədə vəziyyət günbəgün daha da dərinləşir. Bəs, mövcud hüquqi boşluğu necə “doldurmaq” olar və problemin həlli istiqamətində hansı addımlar atılmalıdır? Bu və digər suallara tanınmış hüquqşünas Namizəd Səfərovla müsahibəmizdə aydınlıq tapmağa çalışdıq:

- Doğrudan da, bu günki günümüz üçün narkotiklərlə mübarizə olduqca ağır məsələdir. Şəxsən mən elə hesab etmirəm ki, bizim ölkədə həqiqətən də narkotiklərlə mübarizə aparılır. Narkotiklərlə mübarizə haqqında dövlət proqramı qəbul edilməsinə baxmayaraq, mən qətiyyən hesab etmirəm ki, bizim ölkədə sözün həqiqi mənasında dövlət siyasəti olaraq narkotiklə mübarizə aparılır. Mən başa düşürəm ki, bütün dünyada, Avropada öhdəliklər var. Ölkələr öz üzərinə narkotiklə mübarizə haqqında öhdəliklər götürürlər, lakin Azərbaycanda üzərlərinə götürülən öhdəliyin yerinə yetirilməsi istiqamətində atılan addımları “gözə kül üfürmək” kimi qiymətləndirirəm. Azərbaycanda narkotiklə mübarizə aparılmır. Əslində, narkotiklə mübarizə, narkotik dövriyyəsi ilə məşğul olmalı olanlar qalıb bir kənarda, digər şəxslərə qarşı narkotik ittihamı verilir.

Digər tərəfdən, bizim ölkədə narkotik bir bəla kimi mövcuddur. Əhalinin böyük bir hissəsi narkotik çəkir. Narkotik bir bəla olaraq Azərbaycanın üzərindən asılıb. Lakin bu problemlə mübarizə aparılmır. Əsas narkotik alverçiləri, narkotiki yayanlar, narkobaronlar, ölkədə narkotik dövriyyəsini həyata keçirənlərin hamısı azadlıqdadır, onları tutan yoxdur. Təsadüfən tutulanlar da rüşvət müqabilində buraxılırlar.

- Son vaxtlar barələrində həbs qərarı çıxarılmış əcnəbi narkotacirlərin, konkret olaraq 200 nəfər İran vətəndaşının Penitensiar Xidmətin məhkəməyə müraciəti əsasında ekstradisiya olunduğunun şahidi olduq. İranın ölkəmizə qarşı “narkotik savaşı” apardığı indiki dönəmdə iranlı narkotik alverçilərinin bu ölkəyə təhvil verilməsi nə dərəcədə doğru qərardır?

- Sizinlə o məsələdə razıyam ki, İrandan, Əfqanıstandan Azərbaycana narkotik ötürülür. Yəni mən hesab edirəm ki, bizim sərhədlərimizin üzərindən, quş uçmağa belə imkanı olmayan sərhəd nəzarətindən narkotiklər keçə bilməz. Yadınıza gəlirsə, bir neçə il əvvəl guya İrandan gəlib Gürcüstana keçən böyük bir narkotik maddə partiyası Gürcüstanda həbs olunmuşdu. Məlum oldu ki, Azərbaycanın iki sərhədindən çox sərbəst şəkildə böyük narkotik partiyası keçmişdi. Heç soruşan olmadı ki, bu hansı formada keçib, bunu kimlər buraxıb?! Qram-qram narkotik tapılanları tutub basırlar, amma buna bir şey deyən olmur. Məsələn, raport verilir ki, qanunsuz narkotik dövriyyəsinə görə 1500 nəfər həbs edilib. Dünyanın heç bir ölkəsində belə göstərici yoxdur. 10 milyonluq əhaliyə görə bu böyük göstəricidir. İlk baxışdan belə görünür ki, guya bizim dövlət narkotiklərin qanunsuz dövriyyəsinə qarşı gözəl mübarizə aparır. Lakin həmin 1500 nəfər ki var, onlar 5 qram-6 qram narkotiklə tutulanlardır. Şəxsi istifadə üçün icazə həddi var, 0,005 qram heroinlə tutulanda bu cinayət məsuliyyəti yaratmır, bu 1500 şəxsin hər birinə 5-6 qram ittihamı veriblər. Demək, belə çıxır ki, bizim ölkədə yalnız cibində 6 qram narkotik maddə tapılan şəxslər narkotik cinayətkarlarıdır. Maraqlıdır, bu tutulanların hamısında elə yarım qram, 1 qram aşkar olunur? Bunu bir yerə toplayanda bir kiloqram olur. Hansı ki, tonlarla narkotik dövriyyəsi var ki, heç kim buna qarşı mübarizə aparmır?

- İranlı narkotacirlərin ekstradisiyası haqda sualımız cavabsız qaldı. Bundan başqa, bir neçə gün əvvəl yenə də Penitensiar Xidmətin məhkəməyə müraciəti əsasında Azərbaycan vətəndaşı olan 20 nəfərdən çox narkotik ticarətçisi azadlığa qovuşdu. Yenə o mövzunun üzərinə qayıdırıq: DİN, DSX narkotik alverçilərini tutur, məhkəmə Penitensiar Xidmətin təqdimatı əsasında 2-3 il sonra onları açıb buraxır. Sizcə, onlar həqiqətən də islah olunurlar, yoxsa burada başqa mətləblər var?

- Şəxsən mənim əlimdə belə bir məlumat yoxdur. Əgər DİN, yaxud Penitensiar Xidmət bu barədə ictimaiyyətə geniş açıqlama vermiş olsaydı, mən də məlumatlı olardım. Əlbəttə, mən də hesab edirəm ki, narkotik dövriyyəsi ilə məşğul olan və həqiqətən də məhkum olunmuş şəxslərin vaxtından əvvəl buraxılması qanunsuzdur. Bu da bir daha təsdiq edir ki, bizim ölkəmizdəki narkotik dövriyyəsinə qarşı mübarizə adı altında başqa mübarizə gedir. O cümlədən də İran vətəndaşları Azərbaycanda həbs olunublarsa, istər başqa cinayətlərə, istər narkotiklə bağlı cinayətə görə, onlar öz cəzalarının bir hissəsini çəkdikdən sonra buraxıla bilərlər, yaxud İran tərəfindən məsələ qaldırılırsa, ekstradisiya oluna bilərlər. Ekstradisiya olunmaq azadlığa buraxılmaq deyil, onlar əslində cəzalarının çəkilməmiş hissəsini İranda çəkməlidirlər. Yaxud elə də olur ki, narkotiklə məhkum olunmuş Azərbaycan vətəndaşı İranda məhkum olunsun. Onun da Azərbaycana ekstradisiya olunması azadlığa buraxılması deyil.

- Namizəd bəy, Siz də qeyd etdiniz ki, Azərbaycandan Gürcüstan istiqamətində iri narkotik partiyası maneəsiz keçib. Sizə elə gəlmir ki, o narkotik yükünü gətirmək “qüdrətinə” malik olan məmurların iranlı narkotacirlərlə birgə Azərbaycan dövlətinə xəyanəti baş verir?

-Bəli, çox düz deyirsiniz. Dediyim kimi, əgər bizim daxili işlər orqanları, narkotik dövriyyəsinə qarşı mübarizə aparan idarələrimiz həqiqətən də bu mübarizəni düzgün aparırlarsa, necə olur bir qram, yaxud icazəli qədərindən artıq narkotik daşıyan şəxsləri dərhal aşkar edirlər, 1500 nəfəri tək-tək tutub türməyə qoya bilirlər, tonlarla, kiloqramlarla, böyük partiyalarla ağır çəkidə narkotikin ölkənin bu başından o biri başına keçməsini aşkar edə bilmirlər? Mən sizə deyim ki, bu günki texnika imkan verir ki, narkobaronların, narkotik ticarəti ilə məşğul olan şəxslərin xaricdə danışıqları çox asanlıqla əldə olunsun. Danışıqlar sərhəd üzərindən gedirsə, bizim DTX-nın, DİN-nin imkanı var ki, bu danışıqları dinləsin. Bu gün İranla bağlı tutulan o vətəndaşlar ki, həqiqətən də İranla birgə qeyri-qanuni narkotik dövriyyəsi həyata keçirirlər, onların əksəriyyəti həmin danışıqlar vasitəsilə tutulur. Onların cinayət işlərinə baxsanız görərsiniz ki, ilk olaraq o danışıqlar tutulur, sonradan da İrandan keçən hansısa maşında 10 qram narkotik maddə tutulur. Bəzən də narkotik maddə daşıyan şəxslər təəccüblənirlər ki, necə oldu, onların gətirdiyi yarım kiloqram heroin və digər narkotikin miqdarını bildilər? Onların hamısının danışıqları xüsusi xidmət orqanları tərəfindən dinlənilir. O cümlədən də iri partiyaların keçirilməsi bu qurumlarla əlaqəsiz heç cür mümkün deyil. Bu orqanlarla əlaqəsiz heç kim cürət edib o boyda narkotik partiyasını ölkə ərazisinə keçirə bilməz. Bilirsiniz də, keçirilən narkotikin dəyəri çox bahadır. 15 kiloqram heroinin qiyməti milyonlarla dollarla ölçülür. Əgər daxildə səni qoruyacaq vəzifəli şəxslər olmasa heç kim cürət edib tutulmaq təhlükəsi qarşısında bu addımı atmaz. Birinci ona görə ki, tutulan ziyana düşür, özünü də qoyurlar həbsə. Yəni o vaxt ölkə ərazisinə narkotik maddə keçirməyə cürət edirlər ki, gətirənləri əmin edirlər ki, onlara heç kim toxunmayacaq, onların arxasında duran var, hətta o narkotik yükünü müşayiət edirlər. Sərhəddən keçəndən düz sərhəddən çıxana, başqa ölkəyə çatana qədər həmin narkotik yükünün daşınmasını müşayiət edirlər.

- Narkotik alverini “iri buynuzlu” məmurlar himayə edirsə, vəziyyətin sonunu necə görürsünüz?

-Bilirsiniz, mən müsahibənin əvvəlində də dedim ki, əgər narkotiklərlə mübarizədə dövlətdə siyasi iradə olmasa, bu boş söhbətdir. Boş deklarasiyalardır ki, biz mübarizə aparırıq. İlk növbədə dövlətin siyasi rəhbərliyi, yaxud nazirlər, daxili işlər naziri, prokurorluq, DTX narkotiklərlə mübarizədə maraqlı olmalıdır. Ən azından bunların bu məsələdə əli olmamalıdır. Biz əmin olmalıyıq ki, həmin şəxslər həqiqətən də narkotiklərə qarşı mübarizə aparılmasını istəyirlər. Əslində, narkomaniya onun geniş yayıldığı istənilən bir dövlətdə faciədir. Bu yaxınlarda televiziyalarda Bakı kəndlərinin birində bir vətəndaş bu barədə danışırdı. Əliylə göstərib deyirdi ki, qonşumuzda, məhəlləmizdə onlarla şəxs var ki, narkotik çəkmək üzündən artıq ölüm ayağındadır. Yəni bu ölkəmizdə bir bəladır. Bu bəlaya qarşı mübarizə aparmaq lazımdır. Çirkli pul əldə etməyin müxtəlif yolları var, hansı ki, bizim yüksək rütbəli məmurlar, nazirlər bunu yaxşı bilirlər. Dövlət əmlakını mənimsəyirlər, vətəndaşların əldə etdikləri əmlakı rüşvət kimi alırlar, heç olmasa narkotiklə ürəkdən mübarizə aparsınlar. Narkotik xalqa qarşı yönələn bir bəladır, genosiddir. Narkotiklə mübarizə aparmayan ölkə, hakimiyyət ölümə məhkumdur. Heç olmasa bu ağır bəlanın qarşısını almaq üçün vicdanları qarşısında hesabat verməlidirlər.

- Statistik məlumatlara əsasən, ölkədə təkrar cinayətkarlıq göstəricisi 60 faizin üzərindədir. Belə bir vəziyyətdə həbsxanaların “islah müəssisəsi” funksiyasını yerinə yetirdiyini düşünmək olar?

- Bu artıq kriminalistik sualdır. Cinayətin yayılması, həbs olunmuş şəxslərin islah olunması böyük elmdir, onun müxtəlif tərəfləri var. Doğrudan da elə bir sual verirsiniz ki, bu gün Azərbaycan türmələrində məhkumların sayı mən biləni hardasa 20 mini aşıb və islah-əmək müəssisələrimiz onları tam yerləşdirmək iqtidarında deyil. Yəni statistika budur ki, onlar dünya standartlarına uyğun olan qaydada saxlanılmır. Bu gün müvəqqəti saxlama yerlərimizdə, məsələn, 1 saylı Bakı İstintaq Təcridxanasında dustaqların saxlanma şəraiti qanunvericiliyin tələblərinə uyğun deyil. On nəfərin saxlanacağı kamerada 20 nəfər, 5 nəfərin saxlanacağı kamerada 10 nəfər saxlanır. Eyni vəziyyət islah-əmək müəssisələrinə də şamildir. Yəni əgər 2 saylı, 3 saylı islah-əmək müəssisəsində yalnız min dustağın saxlanması nəzərdə tutulubsa, orada 1500-dən artıq dustaq saxlanılır. Bu, istər-istəməz onların saxlama şəraitini pisləşdirir. Bu durumda da insanın ləyaqəti alçalır, sağlamlığı qorunmur, insan nə fiziki, nə tibb sağlamlığını qoruya bilmir. Onun islah olunması məsələsi artıq 2-ci dərəcəli bir məsələ olur. Burada daha çox çalışmaq lazımdır ki, bu şəraitdə sağ qalasan. Bu dəqiqə də islah-əmək müəssisələrində vərəm xəstələrinin, onkoloji xəstəliyə tutulanların sayı-hesabı yoxdur. Çox təəssüf ki, bu statistika bəzən cəmiyyətə verilmir və həmin cəzaçəkmə müəssisələrində, müvəqqəti saxlama yerlərində ölənlərin sayı həddən artıq çoxalıb. Çox təəssüf ki, Ədliyyə Nazirliyi bu məsələni Allahın ümidinə, taleyin hökmünə buraxıb.

Mən bu yaxınlarda bir hadisəyə rast gəldim. Xarici vətəndaş Azərbaycanda istintaq təcridxanasında saxlanılır, onu Apellyasiya Məhkəməsinin qərarından sonra islah-əmək müəssisəsinə göndərmişdilər. Ağır xəstə idi, həm də həbs olunandan sonra ağır xəstəliyə tutulmuşdu. Gördüm ki, islah-əmək müəssisəsinin rəhbərliyi onun taleyi, sağlamlığı ilə ümumiyyətlə maraqlanmırdılar. Dedim ki, bəs bu adam ölür, görmürsünüzmü? Dedilər ki, əşi, ölür-ölür də. Yəni dustaqların sağlamlığı cəzaçəkmə müəssisələrinin rəhbərliyini o qədər də maraqlandırmır. İslah-əmək müəssisələri, müvəqqəti saxlama yerləri, təcridxanalar onların rəhbərlikləri üçün qazanc yerinə çevrilib. Heç təsadüfi deyil ki, qeyri-rəsmi məlumata görə, bu sahədə pul dövriyyəsi iki milyard manatı keçir. Əlavə edə bilərəm ki, məhkəmələrmizdə də vəziyyət elə bu gündədir.

- Yeri gəlmişkən, Prezident İlham Əliyev 2019-cu ildə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman imzaladı. Həmin tarixdən etibarən müvafiq qurumlar ölkədə bu sahədə uğurlu islahatların aparıldığını iddia etməkdədir? Bu haqda Siz necə düşünürsünüz?

- Mənim üçün bu sahə ən ağrılı sahədir. Bizim məhkəmələrdə aparılan əvvəlki islahatlar və sonrakı dərin islahatlar olduqca mürtəce islahatlardır. “İslahat” adı ilə Azərbaycanda mövcud olan beynəlxalq standartlara uyğun olan az-çox hüquqi normaların ləğv edilməsi, məhkəmələrə müraciətin daha da çətinləşdirilməsi baş verir. Əslində islahat nədir? Vəkillərin sayının artırılması islahatdır. Hakimlərin sayının artırılması islahatdır. Hakimlərin baxdıqları işlərin sayının azalması islahatdır. Məhz bu islahatın nəticəsində əgər cinayətlərin sayı, hakimlərin işə baxma yükü artıbsa, yaxud vətəndaşların məhkəmələrə müraciət etmək imkanı azalıbsa, bu, artıq islahat yox, anti-islahatdır. Məsələn, indiyə qədər məhkəmələrə müraciət edərkən çox aşağı dövlət rüsumları ödəyirdilər. Sovet dövründən qalmış olduqca mütərəqqi hal idi ki, vətəndaş məhkəməyə müraciət edib və bunun üçün də böyük xərc çəkməyə ehtiyac yox idi. Aparılan dediyimiz islahatlar, dibi görünməyən olduqca dərin islahatlar nəticəsində bu gün rüsumlar dəfələrlə - 5 dəfə, 10 dəfə, 100 dəfə artırılıb. Bunu islahat hesab etmək olarmı?

Digər tərəfdən, məhkəmələrə müraciət etməyin onlayn formaları müəyyən olunub. Yəni bu gün sən elektron qaydanı, kompyuterlərlə işləmək qaydasını bilmirsənsə, artıq məhkəməyə müraciət etmək sənin üçün müşkül bir məsələyə çevrilir. Hətta bu gün mənim özüm üçün də çətinliklər mövcuddur. Eyni zamanda, bu gün 2500-ə qədər vəkilin 2000 nəfəri bu üsuldan istifadə edə bilmir. Əgər sən elektron qaydada məhkəməyə müraciət edə bilmirsənsə, demək, artıq məhkəməyə müraciət edə bilmirsən. Bunu belə etmək olardı ki, əvvəllər vətəndaşlar necə yazılı formada məhkəməyə müraciət edirdilər, bu formanı saxlamaqla elektron formanı da onunla paralel tətbiq etsəydilər, çox əla olardı.

İkinci məsələ - vətəndaşların məhkəməyə, yaxud apellyasiya və kassasiya şikayətləri yazmaları vəkillər tərəfindən həyata keçirilirdi. İndi vətəndaşın özü, yaxud bunu bacaran nümayəndəsi bu müraciəti edə bilməz. Vətəndaş adından yalnız vəkillər bunu edə bilər və onların da hüquqlarını yalnız vəkillər həyata keçirə bilər. Bu, olduqca mürtəce bir normadır, insanların konstitusiya ilə müəyyən edilmiş hüquqlarına qəsddir. Məsələn, mən bunu özüm yazıb verirəm, heç kimə etibar etmirəm, nə vəkilə, nə nümayəndəyə. Özüm ərizəmi yazıb verirəm məhkəməyə, özüm özümü müdafiə edirəm. Özüm apellyasiya, kassasiya şikayəti yazıram, kimin nə ixtiyarı var ki, mənim qanuni hüququmu pozsun?! Deməli, sən vəkil tutmaq istəmirsənsə, öz işini başqa bir şəxsə həvalə etmək istəmirsənsə, məhkəməyə girə bilməzsən. Bu islahat yox, mürtəce normadır ki, vətəndaşların konstitusion hüquqlarının bilavasitə pozulmasına yönəldilib.

Belə halları çox saya bilərəm, məsələn, əvvəllər cinayət və mülki qanunvericilikdə var idi ki, vətəndaşların istənilən etibar etdiyi şəxs, Həmkarlar İttifaqının üzvü, işlədiyin müəssisənin bir üzvü sənin xahişinlə sənin hüquqlarını müdafiə edə bilərdi. Bunlar hamısı ləğv olunub. Bu necə qanun ola bilər? Tutaq ki, Konstitusiyada belə bir norma müəyyən olunur ki, məhkəməyə işi düşmüş vətəndaş istədiyi adamı özünə nümayəndə, yaxud vəkil seçə bilər. İndisə cinayət və mülki qanunvericiliyə normalar əlavə ediblər - Yox, bu funksiyanı yalnız vəkil həyata keçirə bilər. Bu o deməkdir ki, bu artıq islahat deyil.

Bundan başqa, vəkillərin hüquqlarının artırılması islahat ola bilərdi. Ancaq baxın görün, bu gün vəkillər qapaz altındadırlar. Və onların heç bir hüququ, müstəqillikləri yoxdur. Əgər cinayət işlərində vəkil mətbuata çıxırsa, hər hansı bir açıqlama, müsahibə verirsə, onu təqib etməyə başlayırlar, onu Vəkillər Kollegiyasından çıxarırlar. Onu hər gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin məhşər ayağına çəkirlər. Bu islahat olmadı ki. Bu hətta Vəkillər Kollegiyasının azadlığının alınması olur. Bəlkə müstəntiq səhvdir. Vəkil özünü müdafiə edərkən qanunda qadağan olunmayan bütün üsullardan istifadə etməlidir. Bu gün dünyanın bütün ölkələrində vəkillər mətbuat orqanları ilə əlbir işləyirlər. Yəni apardıqları işlər üzrə məhkəmələr, istintaq orqanları tərəfindən yol verilmiş qanunsuzluqları ictimailəşdirirlər. Bunda qeyri-adi nə var ki. Qoy vəkil, vəkilin müdafiə etdiyi müvəkkil icitmaiyyətə çıxsınlar, hadisələr barəsində məlumat versinlər. Əgər o işdə dövlət sirri yoxdursa, istintaq sirri yoxdursa nədən qorxsunlar?

İkinci bir tərəfdən - bu gün məhkəmələrdə həm vəkillərin, həm də məhkəmə iştirakçılarının telefonla daxil olması qadağandır. Nəyə görə? Əgər sən işə qanuni baxırsansa, orada qeyri-qanuni heç nə törətmirsənsə qoy vətəndaş lap kamerayla gəlsin, məhkəmənin gedişini yazsın, pozsun. Niyə qadağan edirsiniz? Əgər sizin orada çirkin bir əməliniz yoxdursa, niyə bir mətbuat işçisi kamerayla daxil olub məhkəmənin gedişini çəkə bilməz, yaxud yaza bilməz?! Niyə? İslahat odur ki, sən azad edirsən, azadlığa doğru, demokratiyaya doğru addım atırsan, bunları açıqlayırsan, məhkəmə prosesi açıq şəkildə gedir. Konstitusiyada yazılıb, istənilən vətəndaş məhkəmə zalına daxil olub, məhkəmənin gedişiylə tanış ola bilər. İnsanları məhkəmə zalına buraxmırsınız, çox məhkəmələr qapalı keçirilir. Yenə deyirəm, bu demokratik məhkəmə prinsiplərindən uzaqlaşmaq deməkdir.
 //hurriyyet.az//
 
Ardını oxu...
Qarabağı tərk edən erməni əsilli sakinlər azərbaycanlı jurnalistin suallarını cavablandırıblar.
Teref.az həmin dialoqu təqdim edir :

- Niyə tərk edirsiz regionu? Kimsə sizi qovur?

- Yox, heç kəs qovmur. Sadəcə belə lazımdır.

- Haradan bu qərara gəldiniz ki, belə lazımdır?

- Hərə öz torpağına getməlidir.

- Siz etiraf edirsiz ki, bura sizin torpağınız deyil?

- Elədir ki, var. //AzVision.az//
 
Ardını oxu...
Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb. DİA.AZ onunla müsahibəni təqdim edir:

- Ermənistan ordusunun Xankəndi və ətrafındakı qalıqları, eləcə də bu ərazilərimizdəki yaraqlı separatçılar tərksilah edilir, silahları təhvil alınır, ölkəmizdən çıxarılır. Artıq hesab etmək olarmı ki, Qarabağda separatizmin kökü tam kəsilmək üzrədir?

- Bəli, tam kəsilir. Separatizmin daşıyəcıları ərazimizdən çıxarılırlar. Mülki insanlar yox, separatizmin daşıyıcıları, bölücü planlarını reallaşdırmağa çalışanlar... Mülki insanlara gəlincə, onlar qalmaq, Azərbaycan qanunları ilə yaşamaq istəsələr qala bilərlər, dövlətimiz digər vətəndaşlarımız kimi onlara da hər cür təminatı verəcək.

- Sizcə, hansı aralıqda orada qanunlarımız işləməyə başlayacaq, reinteqrasiya tam yekunlaşacaq?

- Reinteqrasiyadan danışırıqsa, bunu mərhələli şəkildə etmək lazımdır. Məsələn, Xankəndinin Ermənistanın enerji sistemindən ayrılaraq, Azərbaycanın enerji sisteminə qoşulması təmin edilib. Bu o deməkdir ki, bu ərazilərimizdəki enerji infrastrukturu Azərbaycanın ümumi enerji sisteminə qoşulıur. Artıq orada yaşayan insanlar istifadə etdikləri elektrik enerjisinə görə ödənişləri bura etməlidirlər, Ermənistana yox. Bu o deməkdir ki, tədricən Azərbaycanın aidiyyəti qurumları və ya dövləti ilə əlaqələr qurulmalıdır. Qaz, rabitə və digər təchizatlar da buradan olmalıdır, Azərbaycanın müvafiq orqanlarının səlahiyyətlərinə keçməlidir. Çünki həmin ərazilər Azərbaycana məxsusdur.

Kommunikasiyalar üzərində nəzarətimizi gücləndiririk. Məsələn, artıq Ağdam-Xankəndi yolu işləyir. Digər istiqamətdəki xətlər, məsələn, Tərətər yönündəki yollar da işlək vəziyyətə salınır. Artıq həmin ərazilərin reinteqrasiyası prosesi sürətlər gedir.

- Bu məqamda Ermənistanın spikeri Alen Simonyan bildirdi ki, İrəvan sülh müqaviləsini imzalamağa hazırdır. Bunun üçün münbit zəminin olduğunu düşünürsünüzmü? Məsələn, Azərbaycan və Ermənistan liderlərinin gələn ay İspaniyada keçiriləcək görüşündə?

- Olduğunu düşünürəm. Buna mane olan “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi” ilə bağlıydı. Artıq bu məsələ öz həllini tapıb. Bununla bağlı müzakirələr Azərbaycan hakimiyyətinin rəsmi nümayəndələri ilə erməni icması arasında aparılır. Bu dialoq əsnasında Azərbaycan konstitusiyası əsasında müəyyən düstur müəyyən olunacaq. Yəni bu məsələ Ermənistana aid məsələ deyil. Sülh sazişində Qarabağ erməniləri ilə bağlı müddəa olmamalıdır, Bakı bununla bağlı mövqeyini bildirib. Yeri gəlmişkən, Paşinyan da bunu deyib. Ermənistan rəhbərliyi bunun Azərbaycanın daxili işi olduğunu qəbul edir.

Ermənistan bu mövqeyində israrlı olsa, Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə tam hazır olsa, sülh müqaviləsinin imzalanması yönündə irəliləyiş ola bilər. Bu baxımdan, liderlərin qarşıdakı görüşündə müqavilə imzalanmasa da, mətnin razılaşdırılması mümkündür.

- İranın hərbi-siyasi rəsmiləri aktiv şəkildə bölgədə hansısa “sərhədlərin dəyişdirilməsi”ndən, “kənar qüvvələrin regiona daxil olması”ndan danışırlar. Sizcə, bu fəallıq və ya “narahatlıq” nədən irəli gəlir?

- Bu onların bisavadlılığından irəli gəlir. Buna başqa şərh vermək olmur. Ermənistanın İranla sərhədini Azərbaycan sərhədləri qorumur, heç erməni sərhədçiləri də qorumur, Rusiya sərhədçiləri qoruyur. Yəni Azərbaycan bu yöndə hansısa addım atsa, Ermənistan yox, Rusiya ilə üz-üzə gələcək. Eyni zamanda, bu, KTMT-nin də sərhədi sayılır. Azərbaycanın heç planı da yoxdur ki, bu ərazini ələ keçirsin.

İranın sualları varsa, bunu Azərbaycana yox, Rusiyaya ünvanlamalıdır. Məsələ budur ki, üçtərəfli anlaşmaya əsasən, Zəngəzur dəhlizini Rusiya sərhədçiləri qorumalıdır, Azərbaycan yox. İran rəsmiləri həmin üçtərəfli anlaşmanı diqqətlə oxumalıdırlar.

Yeri gəlmişkən, Ermənistan bunu istəmir. Ermənistanın Rusiyaya etirazı budur ki, Zəngəzur dəhlizinin təhlükəsizliyini onun sərhədçiləri qorumalıdır. Bu, Ermənistanla Rusiya arasında olan problemdir. Bizi bu problemlərə qatmamalıdırlar. Ona görə də, İranın davranışları bisavadlılıqdan irəli gəlir. Sənədlər var, razılaşmalar var, gedib oxusunlar. Bizi hansısa müdaxilədə ittiham etməyə çalışırlar. Biz bunu edərikmi? Bizim belə bir niyyətimiz yoxdur. Əgər İran başqa şeylər düşünürsə, bu onun problemidir.

İndi İranda daxili auditoriya elə bir durumda deyil ki, Zəngəzur dəhlizini gündəmdə saxlasın, problemləri başından aşır. Ona görə də, İranın bu hərəkətlərini “mənasız” adlandırardım. Çox mənasız və qeyri-ciddi hərəkətdir. Ermənilərin uydurmalarına qulaq asmaqdansa, reallığa baxmaq lazımdır.

- Fransa Prezidenti Emmanuel Makron deyir ki, Rusiya Azərbaycanı, ölkəsi də Ermənistanı dəstəkləyir. Makronun bu mesajını necə şərh etmək olar?

- Acınacaqlı haldır ki, Fransa kimi ölkənin başında bu cür adam dayanır. Bu adam sanki siyasətçi yox, yoldan keçən biridir. Necə yəni Rusiya Azərbaycanı dəstəkləyir? Rusiya Azərbaycanı harda, nəylə dəstəklədi? Bəlkə Rusiya Azərbaycana pulsuz silah-sursat, milyonlarla dollarlıq güzəştli kredit verib? Rusiya hansı formada Azərbaycana dəstəkləyib? Əgər Rusiya Azərbaycanın daxili işinə qarışmırsa, bu, onun bizi dəstəkləməsi demək deyil. Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa edir. İndi Rusiya buna qarşı nəsə etməlidir? Rusiya bunun qarşılığında normal davranış sərgiləyir. Amma 20-30 il əvvəl anormal davranmışdı. Rusiya o zaman müxtəlif yollarla bizə təzyiq göstərməyə çalışırdı, separatçılara dəstək verirdi. İndi normal davranır, daxili işlərimizə qarışmır. Başa düşür ki, bura bizim ərazimizdir. Bu o demək deyil ki, Rusiya bizi dəstəkləyir.

Bunu orta səviyyəli bir politoloq desəydi, onu anlayardım ki, hər kəsin öz fikrini çatdırmaq haqqı var. Amma Fransa kimi bir dövlətin başçısı çayxana söhbəti edir.

Makron deyir ki, Fransa Ermənistana dəstək verir. Nəylə dəstək verir? İndiyədək siz Ermənistana nə etmisiniz? İki dəfə BMT Təhlükəsizlik Şurasının iclasını çağırdınız, şou düzəltdiniz. Bəs nə oldu? Orada iştirak edənlər öz sözlərini deyib dağılışdılar. Əvəzində nə əldə etiniz? Heç nə! Əksinə, Fransa bu kimi oyunlarla özünü oyundankənar vəziyyətə saldı. Faktiki olaraq, artıq danışıqlar prosesində iştirak edən bir Fransa yoxdur.

Makron Paşinyanın başqa bir tayıdır, sadəcə Fransa Ermənistan deyil. Təəssüfləndirici haldır ki, Fransa kimi bir ölkənin başında orta səviyyəli belə bir adam dayanır.
Ardını oxu...
Ölkədə təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verildi.

Yaranmış vakant yerlərə artıq yeni müəllimlər təyin edilir. Sertifikasiyadan keçə bilməyən müəllimlərin bir qismi uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olduqlarına görə bu qərarla razılaşa bilmir. Həmin müəllimlərin bir çoxu test mərhələsindən keçə bilmədiklərini imtahan prosesi ilə əlaqələndirirlər.

Cebhe.info-nun müsahibi təkrar sertifikasiyadan keçməyərək əmək fəaliyyətinə xitam verilən müəllimlərdən biri, Xəzər rayonu 322 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məlahət Abdullayevadır. Teref.az onunla söhbəti təqdim edir...

O, müsahibəyə başlayarkən özünü belə təqdim edib:

-İki diplomlu, ali təhsilli , 40 il fəaliyyətdə olan, iki kitabı işıq üzü görən, növbəti kitabı üzərində çalışan, ancaq bu vəziyyətlə baqlı əli -qolu bağlanıb həvəsdən düşən, illərini pedaqoji fəaliyyətə, fidan balalara xərcləmiş, sözünü demiş, neçə-neçə nailiyyətlərin, fəxri fərmanların, sertifikatların sahibi, Azərbaycan Müəllimlər Assosiasiyasının üzvü, həyatının ağlı -qaralı rənglərini özünün optimistliyi, həyatsevərliyi ilə tanınan, “hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyib özünə səbrdən köynək geyinən müəlliməyəm. O müəllimə ki , bu gün işinə xitam verilib xərclədiyi illərinə heyfslənir. Çox təəssüflənirəm, çox acdır. Hər ağrı-acısını uşaqlarla unudan, “onların sevgisi ən böyük varım-dövlətimdir” deyən müəllim indi öz qızının xeyir işinə görə banklara borclanıb. İndi qərarı əlinə alıb, əllərini başına vurub oturub ki, mən necə edəcəyəm, işsiz, maddiyat yox.

-Məlahət xanım, uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olmağınıza baxmayaraq, artıq işsizsiniz. Prosesləri necə qiymətləndirirsiniz?

- Ömrünü gənclərin təhsilinə xərcləmiş, sözünü demiş müəllimlərin bu gün o gənclər tərəfindən imtahan edilməsinin nə dərəcədə düzgün olub-olmadığı ilə bağlı fikirlərimizi işıqlandırın. Bəlkə buzlaşmış qəlblərə istilik, mərhəmət düşər.

- Təkrar sertifikasiya imtahanında iştirak etmisiniz. Test mərhələsindən keçə bilməməyinizin səbəbini sualların çətin olması ilə əlaqələndirirsiniz?

- Suallardan da əlavə orada kompüterdə problem var idi və mən sualı cavablandırmışdım, ancaq sonra cavablandırmamışam kimi çıxırdı, yenidən o suallara qayıdırdım. Eləcə də vaxtı tuta bilmədim, ən azından bir neçəsini də cavablandıra bilərdim. Nəzarətçi gənclər də onlardan kömək istəyəndə yaxınlaşmırdılar, deyirdilər ki, olmaz. Nə isə, olan biz müəllimlərə oldu. Mən 1984- cü ildən bu sahədəyəm. Çox əfsuslar olsun ki, 2024-cü ilə qala bilmədim və xitam verildi. 1984-cü ildən 2023-cü ilin 4 sentyabr tarixinə kimi artıq 39 ildir . Ümumiyyətlə, 4 sentyabr tarixi biz müəllimlərin yaddaşına az qala 20 yanvar hadisəsi kimi həkk olundu.

-İmtahan zamanı tədris etdiyiniz fənlərdən əlavə sual salınmışdımı?

-Artıq əsəbimdən heç o səhnəni yadıma salmaq istəmirəm. Sanki bizi xəstə ediblər. İndi fikirləşirəm ki, budurmu müəllimin qiyməti? Gedib indi qabyuyan, yaxud xadimə işləyəsən? Ona görə də həyatıma nifrət edirəm. Ən əsası Allahımdan qorxduğumdan seçimimi edə bilmirəm. Ya əzab çəkərək yaşamaq, ya da intihar etmək kimi seçim arasında qalmışam. Ayın 4-dən bu günə diri ikən ölüb dirilirəm.

- Bir çox müəllimlər imtahandan əvvəl kursa gedir, hazırlaşırdılar. Siz bundan niyə istifadə etməmisiniz?

- Məktəbdə təşkil olunmuşdu, təlimdə iştirak etdim. Kursa getməyə də bank kreditim olduğundan çatdıra bilmədim. Kurslar da maddiyat tələb edir.

- Ümumiyyətlə, imtahan suallarını çətin hesab edirsizmi?

- Suallar keçdiyimiz fənlərdən idi. Sadəcə suallar mürəkkəb, yəni vaxt aparan idi, vaxta görə də düşünməliydin .Vaxt gedirdi, tələsik işləyirdim ki, 120 dəqiqəyə nəsə yaza bilim. Ancaq bununla belə, yenə vaxt çatmadı, artıq dayandırıldı, heç nə yaza bilmədim.

- İşinə xitam verilən müəllimlər yenidən MİQ imtahanında iştirak edə bilərlər. Siz də yenidən iştirak edəcəksinizmi?

- Mən artıq 58 yaşındayam. Staja görə də pensiya vermirlər. Əvvəllər 25 il pedaqoji stajı olan pensiyaya çıxırdılar.

- Əmək fəaliyyətinə xitam verilən müəllimlərin işlə təminatı məsələsi gündəmdə idi. Sizə məktəbdə başqa iş təklif olunubmu?

- Xeyr, heç bir iş təklif olunmayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindəki komissiyadan bir dəfə mənə zəng vurublar və soruşublar ki, yenidən iş təklif olunsa, işləmək istərmisiniz?Mən bildirdim ki, 40 ilə yaxındır pedaqoji sahədəyəm, əlbəttə, birinci növbədə müəllim kimi işləmək istəyərəm. İkincisi, başqa hansı işlər təklif edirsiniz ? Cavab nə vaxt olacaq? Dedilər ki, özləri əlaqə saxlayacaqlar. Ancaq o gün bu gündür, heç bir zəng yoxdur. Şəxsi kabinetə də heç nə gəlməyib. Məktəbimizdən 3 nəfər belə müəllim var, onlara da heç bir cavab, zəng yoxdur.
 
 
 
Ardını oxu...
Ötən həftə baş tutan anti-terror əməliyyatlarından sonra ağ bayraq qaldıran və danışıqlarla başlayan separatçıların qanunsuz “idarəetmə” fəaliyyətləri demək olar ki, tamamilə çöküb.

Erməni icmasının yaşadığı ərazilərdə ən primitiv ehtiyacların qarşılanmasında belə aciz olan separatçı xunta yavaş-yavaş öz yerini qanuni Azərbaycan hakimiyyətinə vermək üzrədir. Bəs görəsən Xankəndində qanunsuz xunta rejimi öz fəaliyyətini tam olaraq nə zaman bitirəcək? Azərbaycan polisi Xankəndində və ətraf ərazilərdə fəaliyyətə hansı vaxtdan etibarən başlayacaq?

Bu və digər suallarla bağlı politoloq Samir Hümmətov Referans.az-a danışıb.

“Qarabağdakı separatçı rejimin özünü buraxma prosesinin yaxın zamanlarda tam reallaşması gözlənilir. Son proseslərdən sonra erməni sakinlərə bütün kommunal xidmətlərin, qida və dərman vasitələrinin Azərbaycan tərəfindən verildiyi üçün artıq separatçı rejimin təsir imkanları olduqca məhdudlaşdırılıb.

Bütün bu faktorlar Qarabağın erməni əhalisində Azərbaycan yönümlü müsbət fikirlərin formalaşmasına birbaşa təsir göstərir. Məncə bundan sonra separatçı rejimin əlində hər hansı hüquqi statusu qalmayacaq. Yaxın zamanlarda separatçıların və yerdə qalan qanunsuz silahlı birləşmələrin sülhməramlılara məxsus helekopterlərlə Qarabağı tərk etməsi və xarici ölkələrə qaçması gözlənilə bilər. Əlbəttə ki, xunta rejim qaçdıqdan sonra idarəetmə tam şəkildə Azərbaycana keçəcək və hesab edirəm ki, mərhələli şəkildə polis asayişi qorumaq üçün fəaliyyətə başlayacaq. Əlavə olaraq ermənilər və azərbaycanlılar arasında birlikdə yaşayışı, münasibətləri və əlaqələri müşahidə etmək üçün monitorinq mərkəzi də yaradıla bilər. Düşünürəm ki, 2025-ci ilə kimi mərhələli və sistemli şəkildə Xankəndidə və erməni əhalisinin yaşadığı digər ərazilərdə Azərbaycan polisinin, digər güc strukturlarının, idaretmə orqanlarının fəaliyyəti tam formada oturuşmuş olacaq. Bu dövlətimizin konstusiyon səlahiyyətləridir və onu da tam şəkildə həyata keçiriləcək”.
 

      
Ardını oxu...
“İrəvan danışıqlardan kənarda qalır”.

Teref.az. xəbər verir ki, bunu politoloq Yevgeni Mixaylov Azərbaycanın uğurlu yerli terrorla mübarizə tədbirlərini şərh edərkən deyib.

“Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının həlak olduğu terror aktından sonra Bakı öz ərazisində qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üçün antiterror əməliyyatı keçirməyə məcbur olub. Bakı tez bir zamanda məqsədinə çatdı və ultimatum qoydu – bu, ermənilərin tamamilə tərksilah edilməsi, silahların təhvil verilməsi və s.oldu”, – deyə rusiyalə politoloq bildirib.

Onun sözlərinə görə, Yevlaxdakı müzakirə istənilən halda müsbət yekunlaşıb.

“Qarabağ erməniləri çox gözəl başa düşürlər ki, İrəvanın onlara ehtiyacı yoxdur. Bunu Nikol Paşinyan özü də dəfələrlə bəyan edib və Rusiya sülhməramlılarını Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verməyə çağırıb. Müvafiq olaraq, İrəvan danışıqlar prosesindən kənarda qalı, Rusiya və Azərbaycan vəziyyəti nəzarətə götürür”, – deyə analitik qeyd edib.

Mixaylov əlavə edib ki, Rusiya regionda sülhün təminatçısı və Qarabağ ermənilərinin nümayəndələrinin daxil olduğu dialoqun təminatçısı kimi sülh müqaviləsinin imzalanması üçün zəmin hazırlamağa davam edəcək.

Azərbaycanla Rusiya arasında münasibətlərə gəlincə, ekspert bundan sonra yalnız müsbət gedişat proqnozlaşdırıb.

“Mən yalnız Azərbaycanla Rusiya arasında münasibətlərin möhkəmlənməsini gözləyirəm. Çünki aydındır ki, sülhməramlıların hərəkətləri Bakı ilə Moskva arasında razılaşmaya uyğundur. Ermənistan Qərb tərəfdaşlarını razı salmaq üçün bu danışıqlardan uzaqlaşdı, sülhməramlıları tənqid etməyə başladı və rus sülhməramlılarını Amerika və Fransa ilə əvəz etməyə çalışdı. Lakin İrəvan buna nail olmadı”, o vurğulayıb. \\KONKRET.az
 

      
Ardını oxu...
“Qarabağ” klubu Misli Premyer Liqasının 6-cı turunda öz meydanında “Sabah”ı 2:0 hesabı ilə məğlub edib.

Matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularımı təbrik edirəm, bizim üçün vacib oyun idi. Nəticə baxımdan belə idi. Həm də milli fasiləyə görə oyunçular xeyli vaxt idi ki, birlikdə deyildilər. Futbolçular özlərini tam yaxşı tərəfdən göstərdilər. Fikirləri tam olaraq oyunda oldu. Təbrik edirəm, rəqibə uğurlar arzulayıram.

– Sanki “Qarabağ”ın futbolçuları rəqiblərə fərq qoyur, konsentrasiya problemi görünür. Siz bu barədə nə düşünürsüz?

– Son illərin ən dəyişik çempionatını görürük. İnanın ki, rəqiblərə fərq qoymaq fikrində deyilik. Çünki hamısının gücü bəllidir. Hər tur fərqli nəticə ola bilər. Sıx qrafikdəyik, futbolçuları nə qədər hazırlamağa çalışsaq da, çətindir. Rotasiyalar çox edirik. Bəzi oyunçuları hətta meydana buraxmırıq. Süni örtük və 3-4 gündən bir oyun oynadıqlarına görə ehtiyat edirik. İlk dəfə deyil ki, bu halla rastlaşırıq. Bu mövsüm zədəlilərimiz çox oldu. Patrik Andrade çoxdandır komanda ilə deyildi. Bədavi və Veşoviç oynamır. Üç itki böyük zərbədir bizə. Deməli, daha ciddi olmalı, rəqiblərə qarşı daha ciddi yanaşmalıyıq. Bəlkə özümüz də hansısa risklərə getməliyik ki, xal ehtiyatımızı yaxşılaşdıraq. Hər itirilən xal bizim üçün turnir cədvəlində böyük zərbə olacaq. Amma başqa çıxış yolu yoxdur, sıx qrafikdə daha çox güc sərf etməyə çalşacağıq.

– “Qarabağ”da yerli oyunçu statusundan sanki sıxıntı var. Çərçivəni Amin Ramazanova etibar etmişdiz…

– Bəli, bu sarıdan sıxıntımız, çətinliklərimiz var. Abbas da yoxdur, o da böyük itkidir. Rotasiyalar edə bilmirik. Amin gənc olsa da, ona güvənirik. Az oyunlarda oynamayıb. Nə qədər çox oynasa, daha tez təcrübə toplaya bilər. Hansı oyunçu lazım olsa, onu meydana buraxmağa çəkinməyəcəyik.

– Adama Diakabinin adı Avropa Liqasının oyunlarına sifariş edilmədi. Səbəb nə idi?

– Diakabi komandamızın üzvüdür. Safəcə mikrozədələri var, bəzən tam güclə məşq edə bilmir. Bir ara geridönüş etmişdi, amma son vaxtlarda mikrozədələr oldu. Rəqabət çoxalır. Qarşıda yenə əvvəlki formasına qayıda bilsə, bizim oyunçudur, lazım olanda istifadə edəcəyik.

– “Qarabağ” üçün transferlər bitdi?

– Bəlkə də, böyük ehtimalla qış aylarına kimi bitib. Çünki biz ancaq azad agent statusunda olan oyunçuları götürə bilərik. Onun hansı formada olacağı da böyük sual altındadır. Ona görə də ola bilər ki, dekabra kimi trasnfer olmasın. Amma bəlkə oldu. Hücum xəttinə, müdafiəyə, yarımmüdafiəyə oyunçu axtarırdıq. Ancaq edəcək planımız yoxdur. Qışa qədər axtarışda olacağıq.

– Bu gün hakimlərin performansını necə dəyərləndirirsiz?

– Bizim qarşımızda çox intizamlı komanda var idi. “Sabah”a qarşı oynamaq asan deyil. Qələbə bizim üçün böyük nəticədir. Hakimlər get-gedə hər xırda epizoda daha çox diqqət ayırırlar. Məsələn, “Səbail”lə görüşdə qapımıza təyin edilən penalti.. Ola bilər ki, əks tərəfə də verilib. Bəzən çox bəsit qərarlar görmüşəm. Amma hakimlərimizə etirazımız olmayıb. Bu gün də birinci qolda və penaltidə ofsayd haradan tapdılar, bilmirəm. Xətt elə idi ki, ofsayd var idi, yox idi, bilmirəm. Amma ən düzünü onlar bilir. Xırda diqqətsizliyə görə komandanın nəticəsinə təsir edə bilərlər. Bilirik ki, hakimlər çox çalışır, teoriyalarda olurlar. Hakimlərimizə inanırıq. İnanırıq ki, hamıya eyni gözlə baxırlar. Bizim işimiz meydanda daha intizamlə olub, nəticə qazanmaqdır.

– Avropa Liqasının qrup oyunlarına az vaxt qalıb. Daha təcrübəli qapıçıların oyun praktikasından əziyyət çəkməsi sizi narahat etmir?

– Narahat etmir. Çünki mən narahat olsam, komandam da narahat olacaq. Hər birinə güvənirik. Andrey Lunyov təcrübəli qapıçıdır. 6-7 ay oynamaması o qədər də təsir etməz. 2-3 oyundan sonra özünü daha komfort hiss edər. Luka Quqeşaşvili oynayırdı. Neçə vaxtdır yaxşı səviyyədə çıxış edir. Heç bir narahatlığım yoxdur.

– “Olimpiya” ilə oyundan sonra demişdiz ki, Şahruddin bizim oyunçudur. Sonradan “Adana Dəmirspor”a keçdi. Necə alındı transfer?

– O fikir həmin anda olmuşdu. Çünki onda heç bir təklif yox idi Şahruddinə. Daha dəqiq araşdırsaq, belə fikirlər formalaşmışdı ki, mən Şahruddini göndərirəm? Mən ona görə cavab vermişdim ki, o, bizim oyunçumuzdur, komandada qalır, heç bir təklif yoxdur. Sonradan özü və klub üçün yaxşı təklif oldu. Sonda qərara gəldik. Onun üçün şərait yaratdıq ki, bu cür komandada oynasın. Azərbaycandan, “Qarabağ”dan belə komandaya oyunçumuz gedirsə, sevinməliyik. Əvvəllər də demişəm ki, son vaxtlar böyük bazara girmişik. Kadi Rusiyada, Vadji Fransada tanınmış kluba gedib. Şahruddin Türkiyə Super Liqa komandasına keçdi. Çox böyük işdir. İstər-istəməz orada Azərbaycan futbolu haqda danışılması, böyük inkişafdır. O bazara girmişiksə, gələcəkdə cavanlarımız üçün, yerilərimiz üçün maraqlı təkliflər olar. Musa da İsveçə getdi. Hər bir futbolçuya təşəkkür edirik ki, onların uğurlarımızda payı olub. Heç vaxt yaddan çıxara bilmərik. Mən də səhv edirəm, digərləri də, yalnış qərarlarımız olur. Hər futbolçu səhvini başa düşməli, onu təkrarlamamağa çalışmalıdır. Bu futbolçularımızdan tələbimizdir. İnanıram ki, qarşıdakı matçlatda da bunu düşünərək addım atacaqlar.
tribunainfo
 
Ardını oxu...
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- ABŞ-Ermənistan birgə təlimləri davam edir. Artıq Amerikanın yüksək vəzifəli generalları da təlimləri izləmək üçün Ermənistana gəliblər. Sizcə, nə etməyə çalışırlar?

- Əslində, bu, nədənsə ciddi ajiotaja səbəb olub. Araşdıranda məlum olur ki, belə təlimlər əvvəllər də keçirilib. Hətta Köçəryan və Sərkisyanın dönəmində də olub. Ermənistan NATO-nun tərəfdaşlıq proqramının üzvüdür. İndi geosiyasi vəziyyət və Ermənistanla Rusiya arasındakı sözdə fikir ayrılıqları o səviyyəyə çatıb ki, bu, ciddi müzakirələr yaradır.

İndi Ermənistanda ABŞ-ın azsaylı hərbi kontingenti ilə keçirilən məşqlər sahədə olan təlimlər deyil, modullaşdırılmış təlimlərdir, simulyasiyadır. Bu, ajiotaja səbəb oldu, xüsusən də Rusiyanın kəskin reaksiyası ilə qarşılandı.

Əlbəttə, strateji baxanda Qərb, xüsusən də ABŞ Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında maraqlıdır. Bunun üçün ən zəif halqa və Rusiyadan daha çox asılı olan Ermənistanla münasibətləri daha üst səviyyəyə qaldırmağa çalışırlar. Beləliklə, Rusiyanı Cənubi Qafqazda ən güclü mövqeyinin olduğu Ermənistanda sıxışdırmağa cəhd göstərirlər. Strateji yol budur. Amma bunun yaxın gələcəkdə necə baş verəcəyi ilə bağlı qaranlıq məqamlar daha çoxdur.

- Davam edən Amerika-Ermənistan təlimləri, bu fonda Konqresdə Azərbaycan əleyhinə dinləmələrin keçirilməsi o sualı yaratdı ki, Vaşinqtonun təzyiqləri ilə üzləşə bilərik. Siz bu haqda necə düşünürsünüz?

- Biz Konqres dinləmələrini çox vaxt ciddiyə alırıq. Bu o qədər də ciddiyə alınası məsələ deyil. Əgər Konqres dinləmələri hansısa qərarın verilməsi ilə bağlı deyilsə, yaxud hansısa qərarı tövsiyə etmirsə, bu, heç nəyi dəyişmir. Məsələn, bizim parlamentdə iclasdan əvvəl hansısa məsələlərlə bağlı deputatların çıxışları olur, bu da ona bənzər dinləmədir. Bunun hüquqi bir tərəfi olmur. Ümumi fon kimi isə xoş deyil.

Oradakı müzakirələr zamanı səsləndirilən bir çox fikirlər də reallığı əks etdirmir. Çünki bu fikirlərlə reallıq arasında ciddi fərqlər var. “Qarabağ xalqı”ndan, “Dağlıq Qarabağ”dan danışılır, reallıqda belə bir şeylər yoxdur. Reallıq budur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Azərbaycan ərazisində isə belə bir qurum və ya təsnifat yoxdur.

Məsələ budur ki, Ermənistanın ərazi bütövlüyümüzü tanıması həm Rusiyanı, həm də bəzi Qərb dairələrini narahat edir. Putin ən azı üç-dörd dəfə bununla bağlı çıxış edib. Sanki təəssüf edir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü nahaq tanıyıb. Səsləndirdiyi fikirlər bu anlama gəlir.

Qərbin bəzi dairələrin və parlamentlərində də eyni fikir dilə gətirilir. Halbuki Qərb və Rusiyanın mövqeləri o qədər kəskinləşib ki, biri qatığa “ağ” deyəndə, o biri “qara” deyir. İndi nədənsə sanki bu məsələdə mövqeləri üst-üstə düşür. Bu da qəribə təzad və mənzərə yaradır.

- Bəs Azərbaycana qarşı sanksiya çağırışları haqda nə deyə bilərsiniz?

- Bunun olacağını düşünmürəm. Heç buna hüquqi baza, əsas da yoxdur. Azərbaycana qarşı heç bir sanksiyalardan söhbət gedə bilməz. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan Qərblə, Avropa Birliyi ilə tərəfdaşlıq addımlarını kifayət qədər sürətləndirib. Azərbaycan xüsusən də enerji məsələlərində Qərb dövlətlərinin ən vacib tərəfdaşlarından birinə çevrilib. Yəni ermənilərin bu gözləntisi əbəsdir.

Ermənilər nə qədər gözləsələr də, düşünmürəm ki, bu mümkün olsun. Müəyyən tövsiyə xarakterli bəyanatlar ola bilər, amma sanksiyalar mümkün deyil.

Bir məsələ də var ki, Azərbaycan bu yöndə daha proaktiv siyasət yürütməlidir. Ermənilər bic oynayırlar. Onlar belə təsəvvür yaratmaq istəyirlər ki, sanki Ermənistan qərbyönldür, Azərbaycan isə Rusiyanın yanındadır. Halbuki tam tərsidir. Hətta Konqresdəki dinləmələrdə Ermənistanın Ukraynaya cəmi bir dəfə humanitar yardım göndərməsi dəfələrlə vurğulandı. Halbuki müharibə başlayandan Ukraynaya humanitar yardım edən üç ölkə varsa, onlardan biri Azərbaycandır.

Ukrayna Prezidenti Zelenski onlarla dəfə publik şəkildə Azərbaycana, o cümlədən Türkiyəyə buna görə təşəkkür edib. Amma biz sanki bu kimi addımları təqdim edə bilmirik, təqdimatda hansısa problemlər var. Elə bil təqdimatların üstündən keçirik.

Dediyim kimi, Ermənistan özünü “qərbpərəst”, Azərbaycanı isə “rusiyameylli” təqdim etməyə çalışır, bu da təsadüfi deyil. Belə oyunların pozulması üçün müəyyən addımların atılmasına ehtiyac var.

- Dehlidə Qərb və regional dövlətlər arasında Hindistan-Yaxın-Şərq Avropa iqtisadi dəhlizinə dair anlaşma imzalandı. Bu xətt Azərbaycan və Türkiyədən yan keçəcək. Sizcə, bu anlaşmanın bizə təsirləri necə ola bilər, ümumiyyətlə, bu dəhlizin perspektivi varmı?

- Bu xəttin birbaşa Türkiyə və Azərbaycanla əlaqəsi yoxdur. Bu xəttin əsas rəqibi Çindir. Pekin “Bir Yol, Bir Kəmər” layihəsi təklif edib, 30-a yaxın ölkə ilə də bunu razılaşdırıb. Çinlə Qərb, xüsusən də ABŞ arasında ciddi bir rəqabətin olduğunu düşünsək, bu yolun yeganə moderatorunun Pekin olacağına görə Vaşinqton alternativlər təqdim etməyə çalışır. Bu məqsədlə də Hindistandan istifadə edir.

Məlumdur ki, Hindistanla Çin arasında münasibətlər xoş deyil. Hindistan da bu səbəbdən buna məmnunluqla razılıq verdi. Bu məqsədlə investisiya layihələrinin cəlb edilməsi nəzərdə tutulur, Hindistan ərazisində iki böyük liman tikiləcək. Yüklərin bu limanlar vasitəsilə Ərəbistan yarımadasına, oradan da Avropaya çatdırılması planlaşdırılır.

Projenin perspektivi var, geosiyasi gərginliyin pik həddə çatdığı bir dünyada müxtəlif logistik xətlərin olmasında hamı maraqlıdır. Əsas məsələ budur ki, sovet dönəmindən bəri Şərqlə Qərb arasında daşınmalar daha çox indiki Rusiya ərazisindən aparılırdı. Hətta SSRİ-nin Baykal-Amur magistralını tikməsi çox vaxt “sosialist layihə” kimi təqdim edilsə də, bununla həm də Şərq-Qərb dəhlizinin yaradılmasına çalışılırdı. İndi məsələ budur ki, Rusiya və Belarus ərazilərindən keçən həmin xətt geosiyasi gərginlik nəticəsində problemə çevrilib, həm də sığortalanmır.

Beynəlxalq şirkətlər Rusiya ərazisindən keçən yükləri sığortalamaq istəmirlər. Buna görə də alternativ yollara ehtiyac var.

Həmin yollardan biri də Azərbaycan üzərindən keçir. Hesablamalar da göstərir ki, məsələn, yükləri Şanxay və ya Pekindən Londona 15-16 günə Azərbaycan üzərindən çatdırmaq mümkündür.

Azərbaycan da bu trafikdə və böyük yük dövriyyəsində öz payını almağa çalışır. Hesab edirəm ki, atılan addımlar ardıcıl olarsa, Zəngəzur dəhlizi və ya yolu açıldıqdan sonra Azərbaycan öz payını ala bilər. Çünki Çinlə Avropa Birliyi arasındakı ticarət dövriyyəsi 1 trilyon dollardır. Zatən, bu həcmdə yükün Azərbaycan üzərindən keçrilməsi fiziki olaraq mümkün deyil. Bizim məqsədimiz budur ki, bu ticarət dövriyyəsindən 5, gələcəkdə isə mümkün olarsa, 10 faiz pay alaq. Azərbaycan bunu cəlb edə bilsə, bu, həm əlavə tranzit gəlirləri, həm də investisiyalar deməkdir. Bu durumda Azərbaycan regional qovşaqlardan birinə çevrilə bilər.
 
Ardını oxu...
"Heç olmasa SUSUN! Nə qədər "istefa" qışqıracaqsız? - Əli İnsanovdan OLAY kimi müsahibə
facebook sharing button Sharetwitter sharing button Tweetemail sharing button Emailwhatsapp sharing button Sharesharethis sharing button Share

Bu gün Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov TV Müsavata səs-küy doğuracaq müsahibə verib.

TV Müsavatın redaktoru Sevinc Telmanqızının suallarını cavablandıran partiya sədri həm ölkədəki ictimai-siyasi problemlər, Qarabağ probleminin həlli, həm də HƏP-in qeydiyyata alınması ilə bağlı sualları cavablandırıb.

Müsahibənin video versiyasını oxucuların nəzərinə çatdırırıq:

 

Dünyapress TV

Xəbər lenti