Prezident İlham Əliyev Rusiya televiziya məkanından Qərbin ünvanına ağır tənqidlər səsləndirdi. Kiselyova müsahibəsində ölkə başçısı Makron rejimini günahlandırdı, Bayden administrasiyasını pislədi, Avropa İttifaqının keçmiş baş diplomatı Cozef Borreli ittiham etdi, Qərbin ayırdığı qrantların Gürcüstanda sabitliyi pozmağa hesablanmış addımlar olduğunu vurğuladı, Azərbaycanda isə bu maliyyə axınına imkan verilmədiyini açıqladı, "Azadlıq radiosu" və "Amerikanın səsi"ni əlaltı media resursları adlandırdı. Bir sözlə, Rusiya telekanalına müsahibəsində dövlət başçısı Qərbin bir sıra mərkəzlərinə ünvanlı mesajlar yolladı. Anaxeber.info yazır ki, bəzi analitiklər prezidentin çıxışını Qərbə qarşı açıq savaş kimi qiymətləndirir. Lakin burada yanılma var. Əliyev məhz ünvanlı bəyanatlar verib. Yəni o, Makron və Bayden hakimiyyətlərini, təqaüddə olan Borelli tənqid edib. Qərb isə böyük anlayışdır. Bura Böyük Britaniyadan Almaniyaya qədər güclər daxildir. Amma İ. Əliyev müsahibəsində Avropa İttifaqı rəhbərliyinə toxunmayıb, Avropa Komissiyasını da dilə gətirməyib, lakin Avropa Parlamentinin qərəzli olduğunu da bəyan edib. O baxımdan, prezidentin açıqlamaları düzgün oxunmalıdır. Bundan əlavə, Türkiyənin hərbi bazasının Azərbaycanda olub-olmaması soruşulub, hərçənd, yersiz sual idi. Rusiya yaxşı bilir ki, Azərbaycanda türk bazası yoxdur, əvəzində müharibə dövründə F-16 qırıcıları ölkəmizdə idi. Eyni zamanda, Şuşa Bəyannaməsi kifayətdir ki, Azərbaycanın başı dərdə girəndə, düşmənlər hücum edəndə türk ordusu köməyə gəlsin. Madam ki, belə bir dekorasiya var, hərbi bazayə nə hacət?! Deməli, bu da Moskvanın içindəki qurdların üzə çıxmasıdır. Bütövlükdə, Prezident Qərb cəbhəsində anti-Azərbaycan mərkəzləri hədəf alaraq, onlara sözünü deyib. Bəs, bu açıqlamalar münasibətləri hansı həddə çatdıra bilər? Əvvəla, onsuz da Makron Fransası ilə əlaqələr korlanıb, Yelisey sarayının ucbatından, ermənipərəst siyasət səbəbindən Bakı adekvat cavab verib. İkincisi, ABŞ-dakı hakimiyyətə deyilən sözlərdir. Burada da nəzərə alınmalıdır ki, Bayden komandasının sayılı günləridir və Azərbaycan Tramp Amerikası ilə işləməyə hazırlaşır. Borellə gəldikdə, artıq dekabrın 1-dən təqaüdə çıxıb. Yəni səslənən tənqidlər düzgün hesablanıb, Bayden və Borrel ölü kimidir, Makron da iqtidarını itirəcək vəziyyətə çatıb. Amma sözsüz ki, Azərbaycanın Qərblə münasibətlərində gərginlik danılmazdır. Xarici mediada insan haqları və həbslər xüsusu vurğulanır, qətnamə layihələri irəli sürülür, sanksiyalara çağırış olunur. Ona görə Azərbaycan hakimiyyəti də Avropa və Amerika ilə münasibətlərə yenidən baxmalıdır. Çünki Aİ -nin 9 ölkəsi ilə strateji tərəfdaşlıq var, "qoca qitə"ni qazla təmin edirik, Rusiyanın təzyiqlərinə də duruş gətirmək üçün Qərbdən dəstək qazanmaq lazımdır ki, manevr imkanları olsun. Hər halda, 2025-ci ildən rəsmi Bakının xarici siyasət vektorunda bəzi korrektələr və redaktələr olacağı istisna deyil.
Azər Talıbov
Anaxeber.info