![]() |
![]() ![]() ![]() |
|
Polşa Baş naziri Donald Tusk “Polşa Radiosu”na verdiyi müsahibədə Ukrayna müharibəsinin sona çatması ilə bağlı mühüm açıqlamalar edib.
O, yaxın zamanda atəşkəsin tarixi, onun hansı sərhədlərdə qüvvədə olacağı və Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə məlumatların açıqlanacağını bildirib. Tusk qeyd edib ki, bu plan hələ hazırlıq mərhələsindədir və ABŞ-ın Ukrayna işlərinə müdaxiləsinin azalmasını nəzərdə tutur.
Musavat.com bildirir ki, bu açıqlamalar, Ukrayna ətrafında davam edən münaqişənin həlli istiqamətində yeni diplomatik təşəbbüslərin olduğunu göstərir. Polşa, regionda sülhün bərqərar olması üçün fəal rol oynamağa davam edir.
Musavat.com
Azərbaycan Vətən müharibəsində Zəfərini qeyd edir.
Musavat.com xəbər verir ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.
Yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək.
Xatlrladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi məqsədilə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilib.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilib. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olunur.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynayıb. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınıb.
Şahanə Rəhimli
Musavat.com
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.
Musavat.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"Bu gün, 30 ilə yaxın hərbi işğal və təcavüzə son qoymaqla bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa zəfərindən 4 il ötür. Ölkəmiz və regionumuz üçün yeni dövrün başlanğıcını qoyan bu tarix, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Zəfər Günü kimi qeyd olunur.
Azərbaycan Ermənistanın 30 ilə yaxın hərbi təcavüz və işğalının ağır iqtisadi, sosial və humanitar nəticələrinə, ərazi bütövlüyü və suverenliyimizin kobud şəkildə pozulmasına baxmayaraq, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində davamlı səy göstərən tərəf olub.
Lakin, Ermənistanın qanunsuz hərbi işğalı davam etdirməsi və onun nəticələrinin saxlanılmasına istiqamətlənən addımlar atması, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərini davam etdirməsi, danışıqlar prosesini pozaraq “yeni ərazilər uğrunda yeni müharibələr”, “Qarabağ Ermənistandır” kimi qəbulolunmaz ritorikaya əl atması münaqişənin sülh yolu ilə həlli prosesini iflasa uğratdı.
Ermənistanın siyasi təxribatlarının davamı olaraq, 27 sentyabr 2020-ci il tarixində növbəti genişmiqyaslı hücumu Azərbaycanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququna uyğun olaraq tədbirlər görməsini şərtləndirdi. Həmin tarixdə başlayan əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi - zəfərə aparan yolun başlanğıcı oldu.
Qanunsuz hərbi işğalı davam etdirməyə çalışan Ermənistan xalqımızın mübarizə əzmini sarsıtmaq məqsədilə mülki əhalini hədəfə almaq təcrübəsini davam etdirərək, əməliyyatların getdiyi bölgələrdən uzaqda yerləşən, əhalinin sıx yaşadığı Gəncə, Bərdə, Tərtər kimi bölgələrdə mülki əhaliyə qarşı ağır müharibə cinayətləri törətdi.
Bununla belə, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan Ordusunun mətinliyi və şücaəti nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Azərbaycan xalqı üçün xüsusi simvolik dəyəri, əhəmiyyəti olan Şuşa şəhərləri, o cümlədən 300-dən çox yaşayış məntəqəsi işğaldan azad olundu. 8 noyabr tarixində əldə olunan Şuşa zəfəri işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə ölkəmizə qaytarılmasını təmin etdi.
Azərbaycan Vətən müharibəsindən dərhal sonra bölgədə sülh təşəbbüsü ilə çıxış edərək, regional baxışı və yanaşmasının dayanıqlı sülh quruculuğuna əsaslandığını bəyan etdi.
Lakin, Ermənistan tərəfinin üçtərəfli bəyanatı kobud şəkildə pozaraq ərazilərimizdən işğalçı qüvvələri çıxarmaması, davam edən hərbi-siyasi təxribatları, təbii ehtiyatlarımızın qanunsuz istismarı, vətəndaşlarımızın həyat və sağlamlıqlarına hədə törədən mina təhdidini davam etdirməsi işğal dövrünün qalıqları olan erməni silahlı birləşmələri və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimə qarşı antiterror tədbirlərinin həyata keçirilməsini labüd etdi.
Beləliklə, ərazi bütövlüyümüz və suverenliyimizin təmini ilə nəticələnən 44 günlük Vətən müharibəsi və Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri dayanıqlı sülh quruculuğu üçün tarixi şəraitin yaranması ilə nəticələndi.
Hazırda ölkəmizin təşəbbüsü ilə Ermənistanla sülh sazişi layihəsi üzrə aparılan ikitərəfli danışıqlarda vacib irəliləyişlər əldə olunub.
Eyni zamanda, danışıqların irəliləməsinə baxmayaraq, sülh prosesinin uğurla yekunlaşmasının qarşısında duran çağırış və təhdidlər hələ də qalmaqdadır. Xüsusilə, Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddiaları, habelə bu ölkəni yenidən hərbi təcavüzə sürükləyən tərəflərin mövcudluğu fonunda Ermənistanın hərbiləşməsi davamlı sülh üçün maneədir.
Ermənistan tarixdən dərs çıxararaq, qonşularına qarşı ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır.
8 Noyabr – Zəfər Günündə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anır, müharibə qəhrəmanlarımıza möhkəm cansağlığı, ölkəmizə, xalqımıza inkişaf və firavanlıq, bölgəmizə, dünyamıza sülh və əmin-amanlıq arzu edirik.
Zəfər Günümüz mübarək!"
Musavat.com-un məlumatına görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Con Koreya yarımadasında müharibə ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Onun sözlərinə görə, regionda qüvvələr arasında güc paritetinin pozulması dərhal müharibə deməkdir.
Kim Yo Con bildirib: “Bu gün Koreya yarımadasında və regionda düşmənlərimizlə aramızda qüvvələr paritetinin pozulması dərhal müharibə deməkdir. Bu, inkar edilə bilməyəcək obyektiv reallıqdır”.
O həmçinin vurğulayıb ki, Şimali Koreyanın özünümüdafiə məqsədli nüvə gücünü artırma siyasəti mövcud vəziyyətdə yeganə və ən doğru seçimdir və bu yoldan geri çəkilməyəcəklərini bəyan edib.
Bu açıqlama regionda onsuz da gərgin olan təhlükəsizlik mühitinə əlavə narahatlıq qataraq, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Ekspertlər bu bəyanatı Koreya yarımadasında və ətraf bölgələrdə sülh və sabitlik üçün ciddi xəbərdarlıq kimi və müharibə ehtimalı olaraq qiymətləndirirlər.
Musavat.com