Əhməd İsmayılova DAHA BİR ETİRAZ
DİA.AZ: - Dünən yayılan xəbərlərdən aydın oldu ki, jurnalistlər üçün tikilən və istifadəyə verilməsi gözlənilən üçüncü bina bu il media nümayəndələrinə verilməyə bilər. DİA.AZ bildirir ki, Nazirlər Kabinetindəki mənbədən Meydan TV-yə verilən məlumatda belə deyilib.

Bildirilib ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) rəhbəri Əhməd İsmayılov bir müddət öncə Nazirlər Kabinetinə yazılı müraciət ünvanlayıb. Ə.İsmayılov həmin müraciətində qeyd edib ki, binadakı mənzillər şəhid ailələrinə verilsin. Bununla da, MEDİA mənzillərin jurnalistlərə verilməsindən rəsmən imtina edib. Məlumata görə, həmin mənzillər bu il may ayında – Heydər Əliyevin 100 illiyi ilə əlaqədar şəhid ailələrinə verilə bilər.

Daha ətraflı burada: Əhməd İsmayılov `HAMAM SUYUNA` REYTİNQ TOPLAYIR? - MEDİA şefinə kim TƏKBAŞINA QƏRAR imkanı tanıyıb?

Onu da qeyd edək ki, bu məsələyə ölkənin jurnalistləri (hərgah ki, onların əksəriyyəti Əhməd İsmayılovun kantoru tərəfindən JURNALİST hesab olunmur - dia.az) tərəfindən kütləvi etirazlar sərgilənməkdədir və artıq sosial şəbəkələrdə bu qəbildən onlarla paylaşıma şahidlik edirik. Amma buna rəğmən başı Vyanada tədbirlərə qarışan MEDİA şefi Əhməd İsmayılovun nə özü, nə də hansısa səlhiyyət verdiyi nümayəndəsi bununla bağlı izahat xarakterli reaksiyada bulunmayıb. Biz isə mövzunun aktuallığını və jurnalistlərin etirazlarını nəzərə alaraq bu qəbildən növbəti reaksiyanı təqdim edirik.

Bu dəfə tanınmış telejurnalist Turan İbrahimov olayla bağlı öz fikirlərini ifadə edib. DİA.AZ həmin açıqlamanı təqdim edir:

"Mən jurnalistlər tanıyıram ki, sadist müdirlərinə, ağır iş rejiminə, qəpik- quruş maaşlarına dözərək illərlə eyni media orqanında işləyiblər. Ona görə dözüblər ki, ümid ediblər, o xəyalla yaşayıblar ki, bir gün Cənab Prezidentin tikdirdiyi məlum binalardan onlara ev veriləcək. Üsdəlik bəzi sadist, empatiya hissindən məhrum rəhbərlər bunu gözəl bildikləri üçün, o ümidli gözləntini mümkün olan ən alçaq formada istismar ediblər. Həmin çarəsiz həmkarlarımızı “adını siyahıya saldıracam deyib” ovuclarının içində saxlayıblar. Niyə? Çünki bu ölkədə siravi jurnalistlər öz halal maaşları ilə ev sahibi ola bilmirlər, mümkün deyil.
Məhz bunun üçün də məlum binalar tikilmədimi?
Məsələnin başqa tərəfləri sözümün canı deyil. Onsuz da o məlum tərəflərdən çox danışılıb. Mənim dediyim odur ki, hələ də sahiblərinə paylanmamış, sonuncu jurnalistlər binasındakı evləri məhz gözü yolda olan, imkansız jurnalistərə paylamaq lazımdı. Heç olmasa bu dəfə və son dəfə əsl imkansız jurnalistlərə həm də. Əgər doğrudan da o binadakı evlər dediyim jurnalistlərə yox, başqa ehtiyaclı şəxslərə paylanacaqsa bu ən böyük ədalətsizliklərdən biri olacaq. Nə Allaha xoş gedəcək, nə də bəndəyə. Və bunun babalı bu işə səbəb olanların boynunda qalacaq. Bir gün ya elə, ya da belə qarşılarına çıxacaq".

Məsələ diqqətimizdədir.

Dünyapress TV

Xəbər lenti